İqtisadçı deputatı YALANLADI : "Dolların bahalaşmasının dərmanların qiyməti ilə əlaqəsi yoxdur"




"Dərmanların qiymətlərinin tənzimlənməsində hansı qurum məsuliyyətlidirsə, monitorinq keçirtsin, günahkarı cəzalandırsın, problemi tənzimləsin”

Bunu Sherg.az-a millət vəkili Musa Quliyevin dərmanların qiymətlərinin fərqli olması ilə bağlı açıqlamasına münasibət bildirərkən iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyib. 

Onun sözlərinə görə, millət vəkilinin bu çıxışı İqtisadiyyat Nazirliyi və onun tərkibində fəaliyyət göstərən Tarif Şurasının bu sahəyə nəzarəti artırmasını gündəmə gətirir:

"Uzun müddətdir, dərmanların qiymətlərinin tənzimlənməsi barədə qərarlar qəbul olunur, danışıqlar gedir. Bu məsələdə heç kimin qarışmamağının səbəbi odur ki, hamısı bir-birinin qohumudur. Hazırda hərcmərclik hökm sürür və heç kim qiyməti qaldıranlardan hesab soruşmur. Dolların bahalaşmasının dərmanların qiyməti ilə və ya manatla əlaqəsi yoxdur. Burada dolların boynuna qoyulmalı məsələ yoxdur. Dollar qıtlığı yaşanmasını müşahidə ediriksə, bunu dövlət liberal iqtisadiyyatın, maliyyə bazarının təmin edilməsi ilə aradan qaldıra bilər”.

O. Haqverdiyev bu problemlə əlaqədar şəxsi müşahidələrini də bölüşüb:

"Yaşlı adamam, səhhətimdə problemlərə görə dərmanlardan istifadə edirəm. Mütəmadi istifadə etdiyim elə dərmanlar var ki, qiyməti hətta 16 dəfə artıb. Gürcüstanda həmin dərman bizdə olduğundan 10 dəfəyə qədər ucuzdur. Eyni dərman bizim evin yanındakı aptekdə fərqli, bir qədər irəlidəki, "Avropa” aptekində isə 1 manat daha ucuz idi. Demək istəyirəm ki, heç kim baha dərman satan aptekin üzərinə düşüb, hesabat almır. Müəyyən qüvvələrin qiymət artıranlardan xeyir əldə etmək marağı olduğu üçün formal olaraq hansısa qanunlar, qərarlar qəbul olunur, insanlar da düşünür ki, yaxşı təsir edəcək. Lakin görünür, bu qanunlar heç də faydalı olmur”.

Qeyd edək ki, millət vəkili Musa Quliyev dolların məzənnəsinin hər gün dəyişməsi nəticəsində qiymətləri dövlət tərəfindən tənzimlənən dərman vasitələrinin apteklərdə fərqli rəqəmlərlə satılması hallarına rast gəlindiyini deyib.
 
Ayyət Əhməd