İqtisadçı dövlət başçısına təşəkkür etdi

Prezidentin tapşırığından sonra tikililərə nəzarət gücləndiriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında həyatın bütün sahələrinə toxunuldu. Cənab Prezident öz nitqində həlli vacib məsələlərdən danışdı, ciddi tapşırıqlar verdi.
Prezidentin toxunduğu çoxsaylı məsələlərdən biri də tikinti sektoru ilə bağlı idi. Prezidentin inşaat sektorundan danışarkən "narahatlıq doğuran sahələrdən biri” ifadəsini işlətməsi, əlbəttə ki, təsadüfi ola bilməzdi. Ölkə başçısı narahatlığın nədən ibarət olduğunu çox gözəl izah etdi. Bildirdi ki, son illərdə bu sahədə böyük işlər görülüb, Azərbaycanın demək olar, bütün şəhərləri tikinti meydançasına çevrilib, həm dövlət kapital qoyuluşu, həm özəl sektor tərəfindən qoyulan investisiyalar inşaat sektorunun inkişafına böyük təkan verib, bu sahədə görülən işlər müsbətdir: "Ancaq, eyni zamanda, biz nəyi görürük? Bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına. Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. 
Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır”. Prezident bunu da sərt şəkildə vurğuladı ki, qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar:
 "Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. 
Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir”.
Prezident paytaxtdakı qanunsuz, eyni zamanda memarlıq üslubuna zidd binaların paytaxtımızın ümumi mənzərəsini korladığını qeyd edib:
"Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Sözün əsl mənasında Bakı parlayan bir ulduzdur. Ancaq, eyni zamanda, Bakı şəhərində elə yerlər var ki, utanc gətirir. Binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox”.
Ölkə başçısı son illərdə Bakının simasının kökündən dəyişdiyini, köhnə, yöndəmsiz, uçuq evlərin əvəzinə gözəl parklar, yaşıllıqlar, bağlar, yollar, yol qovşaqları salındığını, "Sovetski” adlanan köhnə ərazinin yeniləndiyini xatırladıb və deyib ki, ictimai yerdə, həyətdə, yaxud da ki, insanların istifadə etdiyi yerdə bina tikmək cinayətdir və bunu edən cavab verəcək.
"Hamısı Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə tikilib”
Ölkə başçısının qaldırdığı problem hamımızı narahat edən məsələdir.
Həqiqətən də, hazırda paytaxtda yöndəmsiz, paytaxtın memarlıq üslubuna zidd, eybəcər və həmçinin təhlükəli, ziyanlı binalar nə qədər desən var. 
"Şərq” qəzeti də dəfələrlə bu məsələyə toxunub və misal olaraq Yasamal rayonu, A.M.Şərifzadə küçəsi boyunca, Həsən bəy Zərdabi küçəsində vaxtilə aparılmış və hazırda da aparılan tikintiləri göstərib.
Adını çəkdiyimiz küçə boyunca bütün beşmərtəbəli binaların qarşısı, önü, arxası, sağı-solu - dörd bir yanı əlavə tikililərlə doludur. Bu binalara nə gün işığı düşür, nə hava axını daxil ola bilir. İki binanın kəsişməsindəki xırda ərazilərin hamısı marketlər, kafelər, hansısa iaşə obyektləri ilə zəbt edilib. Harda bir boşluq - hava axını üçün kiçik bir imkan vardısa, orada bir tikili "ucalır”. Həqiqi bir örnək verək; şəhər istiqamətindən Yasamal telefon qovşağı binasına çatmamış küçənin tinində qara bir bina tikilib. 
O binanın həmin ərazidə tikilməsinə nə ehtiyac vardı? Çox güman ki, o binada hansısa sosial, ya da iaşə obyekti yerləşəcək. Amma binanın tikilməsi ilə həm küçə ilə sərbəst hərəkət məhdudlaşıb, həm də yaxınlıqdakı binanın mənzilləri günəş işığına həsrət qalıb. Belə örnəkləri çox çəkmək olar. Müasir hündürmərtəbəli binaları beşmərtəbələrin tam qarşısında ucaldırlar. Arxadakı binalara nə işıq düşür, nə hava daxil olur. Bakının mərkəzi hissəsində məhz yeni tikililər sayəsində hərəkət etmək qeyri-mümkün hala gəlib. Tarixi tikililər bu hündürmərtəbəli binaların fonunda görünməz olub. Ölkə başçısı da bunları görür və narahatlığını bildirir. Həm də qanunu pozanların ciddi cəzalandırılacağını vurğulayır. Bundan sonra necə olacaq? Yenə də icra hakimiyyətləri ilə bələdiyyələr günahı biri-birinin üzərinəmi atacaq?
Ekspert İlqar Hüseynli "Şərq”ə açıqlamasında ölkə başçısının çox qlobal problemə toxunduğunu dedi:
- Bu, çox qlobal məsələdir və cənab Prezidentə təşəkkür edirik ki, bu məsələni qaldırdı. Məsələ burasındadır ki, Bakının Baş Planı ilə uzun illər müzakirələr aparıldı, amma o Plan hələ də ictimaiyyətə açıqlanmayıb. İctimaiyyət bilmir ki, Bakının Baş Planında nə var. Bizi gələcəkdə nələr gözləyir. Baxın. Bakı bəlkə də dünyada amfitear quruluşuna malik yeganə şəhərlərdəndir. Bakıya Xəzər dənizindən həm gilavar, həm də xəzri küləklərinin əsdiyi nəzərə alınaraq şəhər amfiteatr formasında tikilib. Çünki yalnız bu quruluşla şəhərə hava axınının sərbəst daxil olmasını və şəhərin bütün istiqamətlərində, bütün məhəllərində havanın sərbəst paylaşmasını təmin etmək olardı. Nahaq deməyiblər, söz vaxtına çəkər. Hazırda yayın qızmar günləridir. İnsanlar nə evlərində, nə də küçədə nəfəs ala bilir. Niyə? Çünki şəhərdə hava axını yoxdu. 
Havanın qarşısı hündürmərtəbəli, biri-birinin önündə tikilmiş binalarla kəsilib. Bakıda sovet vaxtından əvvəl də, sovet dönəmində də şəhərin amfiteatr quruluşu dəyişdirilmədi. Binalar, evlər üzü yuxarı - kiçikdən böyüyə qaydası ilə tikildi. Birmərtəbəli evin qarşısında deyil, arxasında ikimərtəbəli tikildi, beləcə, yuxarıya doğru mərtəbələrin sayı artdı. Daha indiki kimi, evlər, binaların başı üzərində ucaldılan hündürmərtəbəli binaların kölgəsində qalmayıblar. Biz Bakını xilas etmək üçün gecikirik. Dəniz sahilində hündürmərtəbəli binaların tikilməsi doğru deyildi, kökündən yanlış idi. Amma tikildi. Əsas günahkar da Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdur. H.Abutalıbov 17 il Bakı Şəhər İcra Hakimiyyətinin başçısı oldu. Şəhərdəki bütün tikililər də BŞİH-nin sərəncamı, icazəsi ilə tikilib. Şəhərdə aparılan tikintilər Baş Plana uyğun olsaydı, bu gün biz belə acınacaqlı vəziyyətlə qarşılaşmazdıq. Şəhərdə bir metr də boş ərazi qoymadılar. Hamısını sahibkarlara satdılar, onlar da nə istədilər tikdilər.
Nə etmək olar?
İ.Hüseynli artıq tikilmiş hazır binalarla bağlı nəsə bir iş görməyin mümkün olmadığını dedi:
- Qanunsuz, eybəcər tikililərlə bağlı nəsə etmək artıq mümkün deyil. Bu qədər binanı nə edəcəklər, sökəcəklər?! Bu, mümkün olan iş deyil. Hansısa binanın, qanunsuz tikilinin arxasında dayanan məmurlar da var. Açıq deyirəm ki, burada Mənzil Tikinti Kooperativləri, yerli icra hakimiyyətləri və bəzi məmurlar arasındakı sövdələşmələr də əsas rol oynayır. Bir misal da çəkim. Hazırda "Qanlı göl”ün qurudulması və ərazidə yaşayış binalarının tikintisi layihəsi icra olunur. Bu layihə ekoloji cəhətdən düzgün deyil. 
Daha sonra, "Xruşşovka”ların söküləcəyi və müasir binalar tikiləcəyi bildirilir. Heç olmasa, bu layihəni doğru-düzgün və Bakının relyefinə uyğun icra etsinlər. Bu cür pilot layihələrin icrasına nəzarət güclənməlidir. Bakının inkişafında çox səhvlərə yol verilib. "Sahil” metrostansiyasının üzərində nəhəng ağırlıqlı yaşayış binası tikilib. "Azadlıq” metrostansiyasının üzərində də görün, nə boyda tikili var. Kim təminat verir ki, sabah o stansiyalar ağırlıq altında çökməyəcək?! Bakı həm də seysmik zonada yerləşir. Bakı üçün ən əlverişli layihə İstanbul evləri idi. Təəssüf ki, bu layihədə yalnız bir-iki ərazidə binalar tikildi.
ABŞ-ın paytaxtı Vaşinqtonda Konqres binasından hündür binanın tikilməsinə icazə verilmir. Bununla ABŞ hökuməti dövlət atributuna və Amerika xalqına hörmətini izhar edir. Bizsə Bakının bütün tarixi və memarlıq incisi binalarını kölgədə qoymuşuq. Ümid edirəm ki, Prezidentin tapşırığından sonra bundan sonrakı tikililərə nəzarət gücləndiriləcək.
Məlahət Rzayeva