İqtisadi islahatlar bəhrəsini verir : 2018-c il sürətli iqtisadi inkişaf ili olacaq





Bu gün Azərbaycan ictimai-siyasi cəhətdən sabit, iqtisadi gücü sürətlə artan və irimiqyaslı layihələr icra edən ölkədir. Qlobal və regional səviyyədə mövcud olan çətinliklərə, dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, həyata keçirilmiş əsaslı islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı dinamik inkişafı qoruyub saxlayıb. Bu inkişaf tempinin davam etdirilməsində dövlət idarəetmə sisteminin ən mühüm alətlərindən olan hesabatlılıq və şəffaflığın gücləndirilməsinin böyük əhəmiyyəti var. Təsadüfi deyil ki, Azərbaycan iqtisadiyyatının qısa, orta və uzunmüddətli inkişaf hədəflərinin müəyyənləşdirildiyi "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” sənədində bu sahəyə xüsusi diqqət yetirilib. Ölkəmizdə maliyyə nəzarətinin, o cümlədən müstəqil auditin normativ hüquqi bazasının beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, bütövlükdə maliyyə və vergi intizamının möhkəmləndirilməsi maliyyə vəsaitlərindən istifadə olunmasında hesabatlılıq və şəffaflığın daha da artırılması üçün böyük əhəmiyyət kəsb edir. 

Ötən gün daha 5 strateji yol xəritəsinin 2017-ci ilin birinci yarısı üzrə monitorinq və qiymətləndirmə nəticələri açıqlanıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, strateji yol xəritələrinin ən yüksək icra göstəricisi "Milli iqtisadiyyat perspektivi” üzrə əldə olunub. Bu da 62 faizdir. Ən aşağı icra göstəricisi isə "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” və "Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeydə alınıb. Hər ikisində 27 faiz olub. 2017-ci ilin birinci yarısı üzrə monitorinq və qiymətləndirmə nəticələrinə görə isə 47 qurumun performansı təqdim edilib. Komissiya üzərinə düşən işləri 100 faiz icra edib. "Azərenerji” ASC 75 faiz, Maliyyə Nazirliyi 69 faiz, Turizm Şurası 67 faiz, Mənzil İnşaatı Dövlət Agentliyi 60 faiz icra göstəricisinə malikdir. 16 qurum 2017-ci ilin birinci yarısı üzrə strateji yol xəritələrində nəzərdə tutulan tədbirlərin 50 faizini, 20 qurum 50 faizdən azını və nəhayət 3 qurum isə heç bir tədbiri icra etməyib.

 Strateji Yol Xəritələri çərçivəsində fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi məqsədilə büdcə qaydalarının parametrləri beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilib və razılaşdırılıb. Büdcə qaydaları tətbiq olunacağı təqdirdə dövlət və icmal büdcə göstəricilərinə təsiri və yarana biləcək risklər təhlil edilib. Habelə proqnoz göstəriciləri hazırlanıb. Ortamüddətli Xərclər Çərçivəsinin və nəticə əsaslı büdcə mexanizmlərinin yaradılmasına dair təkliflər hazırlanıb. Makroiqtisadi koordinasiya təmin edilib, məzənnə rejiminin çevikliyi artırılıb. Bank sektorunun hərtərəfli diaqnostikası aparılıb, kapital çatışmazlığı olan bir sıra bankların restrukturizasiyasına dair tədbirlər planları hazırlanıb. Strateji yol xəritələri çərçivəsində logistika, ticarət, kənd təsərrüfatı, kommunal sektor üzrə bir sıra işlər görülüb. Monitorinq və qiymətləndirmə qrupu təklif edib ki, investisiya məsələləri ilə bağlı ətraflı təhlillər aparılaraq, dövlət-özəl tərəfdaşlığının daha da inkişaf etdirilməsi, infrastruktur sahələrinin inkişafına özəl sərmayənin cəlbinin stimullaşdırılması istiqamətində Strateji Yol Xəritəsinin tədbirlərinə uyğun olaraq işlər sürətləndirilə bilər. 
Eyni zamanda, davamlı biznes islahatlarının icrası, "Rəqabət Məcəlləsi”nin qəbulu, institusional islahatların aparılması, kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası, kommunal sektora özəl və xarici investisiya qoyuluşlarının artırılması istiqamətində işlərin sürətləndirilməsi də tövsiyyə olunub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə strateji yol xəritələrinin icrası davamlı iqtisadi inkişafının təmin olunması və beynəlxalq reytinqlərdə ölkənin mövqelərinin yaxşılaşdırılmasına öz töhfəsini verib. 

Davos İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görməsi sübut edir ki, iqtisadi islahatlar bəhrəsini verir və 2018-c il sürətli iqtisadi inkişaf ili olacaq. Qısa müddət ərzində ölkədə aqroparkların yaradılmasına 1 milyard manatdan çox vəsait ayrılıb. Azərbaycanda ümumilikdə 1,2 milyard manat məbləğində 38 aqropark yaradılıb. 12 rayonda 14 heyvandarlıq kompleksinin və 17 rayonda 24 taxıl təsərrüfatının tikintisi üzrə işlər davam edir. Bundan başqa, Sahibkarlığa Kömək Milli Fondu Samux, Goranboy, Ağcabədi, Şabran, Salyan, Şamaxı, Füzuli, Cəlilabad və İsmayıllı rayonlarlında aqroparkların yaradılmasına 76,1 milyon manat həcmində güzəştli kredit ayırıb. Bu aqroparkların ümumi dəyəri 207 milyon manat təşkil edir.
Hazırda Azərbaycanda Yalama aqroparkında birinci mərhələ çərçivəsində işlər başa çatdırılır və Şəmkir aqroparkında tikinti işləri davam edir.

İsmayıl