İqtisadi islahatlar dərinləşməlidir

Sosial təminat sahəsində tam şəffaflıq təmin edilməlidir, sosial ədalət tam bərqərar olmalıdır


"Sosial təminat sahəsində buraxılmış səhvlər, pozuntular tam aradan qaldırılmalıdır”. Bunu 8 iyul tarixində keçirilən müşavirədə Prezident İlham Əliyev deyib. Dövlət başçısı bəyan edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyi qarşısında belə vəzifələr qoyulub. Ölkə rəhbərinin sözlərinə görə, sosial ədalət tam bərqərar olmalıdır və şəffaflıq tam təmin edilməlidir:

"Dövlət bu sahəyə çox böyük diqqət göstərir. Mən dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xüsusilə sosial cəhətdən az təmin edilmiş vətəndaş. Məhz buna görə biz ünvanlı sosial yardım sisteminə keçmişik. Məhz buna görə yüz minlərlə ailə dövlətdən bu təminatı alır. Ancaq bir çox hallarda vətəndaşların hüquqları pozulur, ədalətsizlik hökm sürür, yardıma ehtiyacı olan yardım almır. Yardıma ehtiyacı olmayan yardımı alır və ondan sonra o vəsaiti dövlət məmurları ilə bölüşür. Belə hallar kifayət qədər çoxdur, indi ciddi araşdırma aparılır”. 

Prezident İlham Əliyev bildirib ki, sosial sahənin şəffaflaşdırılması və beynəlxalq təcrübə əsasında fəaliyyət göstərməsi bizim iqtisadi inkişafımıza da böyük təkan verəcək: 

"Çünki qeyri-formal məşğulluq Azərbaycanda kütləvi xarakter daşıyır. İndi hökumət bu məsələ ilə ciddi məşğul olur, nazirlik də məşğul olur və biz buna son qoymalıyıq. Buna son qoymaq üçün mexanizmlər var. Hesab edirəm ki, yaxın gələcəkdə böyük irəliləyiş olacaq. Biz qeyri-formal məşğulluqla bağlı çox ciddi addımlar atırıq və atacağıq. Əgər biz bu vəziyyətdən çıxa bilsək, bu, ölkə iqtisadiyyatına da böyük dəstək olacaq. Onu da qeyd etməliyəm ki, qeyri-formal məşğulluq, demək olar, bütün ölkələrdə var və mövcuddur”. Dövlət başçısı vurğulayıb ki, sosial cəhətdən az təmin edilmiş vətəndaşlara dövlət həmişə öz dəstəyini göstərəcək: "Bizim siyasətimiz bundan ibarətdir və vətəndaşlar narahat olmasınlar. Dövlət həmişə onların arxasında olacaq. Amma əsas vəzifə ondan ibarətdir ki, bu yardım ədalətli bölünsün. Doğrudan da bu yardıma ehtiyacı olan bu yardımı alsın. İmkanlı adamlar, yaxud da ki, sosial yardıma ehtiyacı olmayanlar bu yardımdan məhrum edilməlidir. Onlar özləri, ilk növbədə, bundan imtina etməlidirlər. Bu, onların sosial məsuliyyətinin yüksək səviyyədə olmasını göstərə bilər”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib ki, Azərbaycan iqtisadiyyatının dinamik şəkildə inkişaf etməsini təmin etməkdən ötrü islahatlar dərinləşməlidir: 

"Prezident də çıxışında bildirdi ki, "elə etməliyik ki, Azərbaycan iqtisadiyyatı uzunmüddətli, gələcəkdə dayanıqlı iqtisadiyyat kimi özünü göstərsin, neftdən, qazdan asılılıq daha da aşağı düşsün və qeyri-neft sektorunun inkişafı sürətlə davam etdirilsin”. Neftin qiymətinin artmasından arxayınlaşıb, islahatları arxa plana çəkmək çox təhlükəlidir. Dövlət başçısı bildirdi ki, müasir dövrün tələbləri diktə edir ki, islahatlar daha da dərinləşsin və şəffaflıq tam təmin edilsin. Bununla yanaşı kadr islahatları davam etdirilməlidir. İslahatlar zamanı qabaqcıl ölkələrin təcrübəsi Azərbaycanda tətbiq edilməlidir. Obyektiv meyarlar müəyyənləşdirilməlidir. Düşünürük ki, müşavirədə səslənən bütün fikirlər, xüsusən də kadr islahatları sahəsində zəruri olan belə addımların davamı kimi yeni addımlar tezliklə atılmalı, müasir dövrün tələblərinə cavab verən islahatları həyata keçirməyə qadir kadrlar önə çəkilməlidir”. 

Deputat sosial təminat sahəsində ciddi islahatların aparılmasının vacibliyini vurğulayıb:

"Sosial sahədəki məlumatların, xüsusən də yerlərdən göndərilən məlumatların xeyli hissəsi reallığı əks etdirmir. Əksər regionlarda vəziyyət ağırdır və məmurlar bunu hər vasitə ilə gözlətməyə çalışırlar. Prezidentin çıxışında da qeyd edildiyi kimi, "bir çox hallarda vətəndaşların hüquqları pozulur, ədalətsizlik hökm sürür, yardıma ehtiyacı olan yardım almır, yardıma ehtiyacı olmayan yardımı alır və ondan sonra o vəsaiti dövlət məmurları ilə bölüşür. Belə hallar kifayət qədər çoxdur, indi ciddi araşdırma aparılır. Sosial təminat sahəsində tam şəffaflıq təmin edilməlidir, sosial ədalət tam bərqərar olmalıdır”. Sosial proseslərin tənzimlənməsinin səmərəliliyinin artırılmasının, xüsusilə regionlarda məşğulluq probleminin həllinin sürətləndirilməsinin və iqtisadi inkişafımıza əlavə təkan verilməsinin vacib mexanizmi kimi özünüməşğulluq proqramının icrasına geniş vüsət verilməsi və bu sahəyə əlavə vəsait ayrılması nəzərdə tutulur. 

Prezident bildirdi ki, "hər il 6-7 min insan bu proqrama cəlb olunarsa, bir neçə ildən sonra heç sosial yardıma da ehtiyac qalmayacaq və insanlar öz halal zəhmətləri ilə pul qazanacaqlar, ailələrini saxlayacaqlar və ölkə iqtisadiyyatına töhfələrini verəcəklər”. 

Millət vəkili həmçinin qeyd edib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır:

 "Dövlət başçısı çıxışı zamanı qeyd etdi ki, ictimai xidmətlər sahəsində "ASAN xidmət”in təcrübəsi göstərir ki, bunu etmək mümkündür. Sadəcə, siyasi iradə olmalıdır, bu da var və çox ciddi tədbirlər görülməlidir, o cümlədən cəza tədbirləri görülür və görüləcək. Prezidentin bildirdiyi kimi, bəzi hallarda inzibati cəza tədbirləri işləmir. Ona görə ən ciddi beynəlxalq təcrübə tətbiq edilməlidir. Dünyanın aparıcı ölkələrində bu sahədə hansı yollarla mübarizə aparılırsa, Azərbaycanda da həmin yollarla mübarizə aparılmalıdır. Əlbəttə ki, dövlət xərclərinə nəzarət gücləndirilməlidir”.

İsmayıl