"İran Ermənistanı təcavüzkar dövlət kimi cəzalandırmayacaq" - ŞƏRH

Sədrəddin Soltan: "İranla Azərbaycan arasındakı hərbi əməkdaşlığın Tehranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə müsbət təsiri gözlənilmir”


"Azərbaycanla İranın hərbi sahədə əməkdaşlıq etməsində heç bir təhlükəli məsələ yoxdur”.

Bunu "Sherg.az”a Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib. O xatırladıb ki, İranın Ermənistana münasibəti ədalətli olmadığını nəzərə almaq lazımdır:

"Qonşu dövlətin zamanla Ermənistanı hər cəhətdən təmin etməsi məsələni bir qədər düşündürücü vəziyyətə gətirir. O baxımdan hesab edirəm ki, bu əməkdaşlıq ciddi və dərin olmayacaq. Ümumi məsələlərlə bağlı əməkdaşlıqlar - sərhədlərin qorunması, informasiya mübadilələri və s. barədə birgə fəaliyyət nəzərdə tutula bilər. Belə əməkdaşlıqlar qaçılmazdır, çünki nə Azərbaycan, nə də İran bir-birini düşmən dövlət sayır.

Hərbi əməkdaşlığın perspektivdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasına təsiri inandırıcı deyil. İran hakimiyyəti Ermənistanı təcavüzkar, işğalçı dövlət kimi cəzalandırmayacaq. Bu məsələnin İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə müsbət təsiri gözlənilmir”.

Qeyd edək ki, oktyabrın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikası Müdafiə və Silahlı Qüvvələrə Dəstək nazirinin müavini, ikitərəfli hərbi əlaqələr və hərbi-texniki əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun İran tərəfindən rəhbəri, general-mayor Höccətullah Qoreyşinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Aysel Aslan