“İran həmişə “qida borusu” rolunu oynayıb

Elman Məmmədov: “Azərbaycanın ərazilərində nə qədər söküntü-tikinti materialları varsa, hamısını Kamazla Ermənistana və İrana daşıyıblar”


İranda yaşayan soydaşlarımız ciddi etiraz nümayiş etdiriblər. Azərbaycanlıların narazılığına səbəb İranın işğalçı Ermənistana yardım etməsidir. Yayılan məlumata görə, Güney Azərbaycanın sement zavodlarından tonlarla sement Ermənistana daşınır. Bu barədə azərbaycanlı milli-mədəni fəallar video-görüntülər yayıblar.

Soydaşlarımızın sözlərinə görə, Güney Azərbaycanın sement zavodlarından gündə ən azı 25 TIR sement İran-Ermənistan arasındakı sərhəd keçid məntəqəsinə, oradan da işğal altında olan Dağlıq Qarabağ və Ermənistan şəhərlərinə aparılır. Azərbaycanlılar müsəlman ölkəsinin təcavüzkar bir dövlətə hərtərəfli yardım etməsinin qəbuledilməz olduğunu bildiriblər. Onların sözlərinə görə, Ermənistanı ayaqda saxlayan molla rejiminin iqtisadi yardımlarıdır.

Etiraza səbəb olan hadisə ilə bağlı "Şərq”ə danışan millət vəkili Elman Məmmədov adında İslam sözü olan bir dövlətin müsəlman ölkəsi olan Azərbaycanın düşmənlərinə əl uzatmasından təəssüfləndiyini deyib. Deputat bildirib ki, ermənilər bizim tarixi torpaqlarımızda islam dininə aid olan bütün məbədləri murdarlayıb, yerlə-yeksan ediblər: 

"İran, məhz bu cür bir ölkə ilə yaxından əməkdaşlıq və dostluq edir. Bunu da gizli yox, açıq şəkildə həyata keçirirlər. 1988-ci ildən bəri, yəni Qarabağ məsələsi başlayandan cənub qonşumuz, 30 milyondan çox azərbaycanlının yaşadığı bir dövlət torpaqlarımızı işğal edən düşmənlə, Xocalı soyqırımını törədənlərlə qardaşlıq edirlər. İran rəhbərləri hər fürsətdə Ermənistanın rəhbərləri ilə görüşüb-qucaqlaşır, onları himayə edirlər. Niyə görüşürsüz axı? 

Onların əli minlərlə günahsız azərbaycanlının, körpə uşaqların, qadınların qanına batıb. Proses bu gün də davam edir”.
Millət vəkili bildirib ki, Azərbaycanın işğal altında olan ərazilərində nə qədər söküntü-tikinti materialları varsa, hamısını kamazla Ermənistana və İrana daşıyıblar: "İran hər vaxt Ermənistanın "qida borusu” rolunu oynayıb. 

Ermənistanın ərzaq təminatının bəlkə də 50-60 faizini molla rejimi təmin edir. Güneyli soydaşlarımız hələ indi ciddi reaksiya verirlər, əslində onların etirazı daha əvvəldən başlanmalı idi. Etiraz o səviyyədə güclü olmalıydı ki, İran hakimiyyəti Ermənistana yardım göstərməyin yanlışlığını anlamalı idi. Rejim 30 milyondan artıq soydaşımızın heysiyyəti ilə oynamamalıdır. Necə olur ki, İranda 200 min erməninin bütün hüquqları təmin olunur, amma milyonlarla azərbaycanlı görməzdən gəlinir?!”

İsmayıl