İran Suriyada, Rusiyadan sonra ikinci güc sayılırdı

Tehran Suriyadakı güc nisbətlərinin pozulmasından narahatdır



"İran Türkiyənin Suriyadakı hərbi əməliyyatından narahatdır”. Bu barədə İranın XİN sözçüsü Bəhram Qasemi internet səhifəsindəki açıqlamasında bildirib. Onun sözlərinə görə, Ankara Suriyanın suverenliyinə hörmətlə yanaşmalıdır:

"Regionun sülhsevər xalqlarının terrorçuluqla mübarizə aparmaq niyyəti və regional təhlükəsizliyin bərpa olunması istiqamətindəki səyləri Suriyanın ərazi bütövlüyünü pozmaq və Suriya hökuməti ilə razılaşdırmadan hərbi əməliyyatlar keçirmək üçün əsas ola bilməz”. Bundan başqa, sözçü diqqətə çatdırıb ki, Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsi regional vəziyyəti gərginləşdirir: "Türkiyə ordusu hərbi əməliyyatlara son qoyaraq, dərhal Suriya ərazisindən çıxarılmalıdır. Çünki Suriyanın Şimalında əməliyyatların genişlənməsi, çoxlu sayda sivil vətəndaşların həlak olmasına səbəb olacaq”.

Sözçünün fikirlərini şərh edən politoloq İlqar Vəlizadə "Şərq”ə söyləyib ki, Tehran Suriyadakı güc nisbətlərinin pozulmasından narahatdır: "Cənub qonşumuzun narahatlığının başlıca səbəbi budur. Türkiyənin Suriyaya birbaşa müdaxiləsi onu göstərir ki, burada yeni qüvvə iştirak edir. Suriya əməliyyatlarında xarici qüvvələrdən - Rusiya və İran bu və ya digər şəkildə iştirak edirdi. Orada İranın da silahlı birləşmələri vardı. Amma Türkiyə yalnız türkmənlərə və bəzi müxalif qruplara dəstək olurdu. Amma özü iştirak etmirdi. İndi isə Türkiyə Suriya proseslərinə birbaşa müdaxilə edib. Bu da Suriyadakı xarici güclərin birliyini pozur. Cənub qonşumuz da ondan narahatdır ki, Türkiyə əməliyyatları bu cür davam etdirsə, İranın Suriyadakı mövqeyi zəifləyə bilər. İran Suriyada, Rusiyadan sonra ikinci güc sayılırdı. İndi isə 3-cü plana keçə bilər. Tehranın narahatlığının bir səbəbi də budur. Düzdür, Tehran əsas səbəb kimi dinc əhalinin qırılmasını göstərir. Amma Tehran bilməlidir ki, Türkiyə sivil vətəndaşlarla deyil İŞİD-lə mübarizə aparır. Eyni zamanda PKK ilə mübarizə aparır. İran isə hər iki terror qruplaşmasını dəstəkləyir. Bu mənada Türkiyədə aparılan əməliyyatlar müxalifətə imkan verir ki, Hələbdə öz mövqeyini möhkəmləndirsin. Bu da o deməkdir ki, müxalifət İran qruplaşmalarına təsirli müqavimət göstərə bilər. Narahatlığın səbəblərindən biri də budur”.

Ayyət Əhməd