“İran universitetlərində Azərbaycan dilində dərslərin keçiriləcəyinə inanmıram”

Sabir Rüstəmxanlı: “Ola bilsin ki, Azərbaycan dili və ədəbiyyatı fənni tədrisinə başlansın, amma bu, öz dilimizdə deyil, fars dilində olacaq”



İran universitetlərində Azərbaycan dili və ədəbiyyatı fənni üzrə tədrisə başlanılır. APA-nın məlumatına görə, İranın Təhsil və Qiymətləndirmə Təşkilatı Universitetlərin gələn il qəbul imtahan proqramına Azərbaycan dili və ədəbiyyatı fənnini də əlavə edib.

Humanitar fənlər üzrə tələbə qız və oğlanlar 2016-2017-ci il tədris ilində Azərbaycan dili fənni üzrə də təhsil ala biləcəklər. İranın Elm, Təhqiqat və Texnologiya Nazirliyinin icazəsi ilə Azərbaycan dili və ədəbiyyatı fənni universitetlərdə bakalavr pilləsi üzrə tədris olunacaq. Bu fənn ilk dəfə olaraq qəbul imtahanlarında ərəb, fars fənləri ilə yan-yana göstəriləcək.

Dünya Azərbaycanlıları Konqresinin həmsədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı isə redaksiyamıza açıqlamasında İran universitetlərində Azərbaycan dili və ədəbiyyatı fənlərinin doğma dilimizdə tədrisinə inanmadığını deyib: "Mən hər hansı bir İran universitetlərində Azərbaycan dilində dərslərin keçiriləcəyinə inanmıram. Ola bilsin ki, Azərbaycan dili və ədəbiyyatı fənni tədrisinə başlansın, amma bu, öz dilimizdə deyil, fars dilində olacaq. Ümumiyyətlə, bu fənlərin universitetlərdə deyil, öncə ibtidai siniflərdən başlayaraq orta məktəbdə tədrisi daha məqsədəuyğundur”.

Qeyd edək ki, İran Konstitusiyasının 15 və 19-cu maddələrində ana dilində tədris məsələsi göstərilib, lakin bu, uzun illər idi ki, icra olunmurdu. Prezident Həsən Ruhaninin hökuməti bu maddələrin icrasına başlayıb. H.Ruhani hakimiyyətə gəldikdən sonra məktəb və universitetlərdə yerli dillərdə (Azərbaycanca, kürd, bəluç və türkmən) tədrisə icazə verib.

Yeganə