İranın Avrasiya İttifaqına üzvlüyü real deyil
Rəsmi Tehran bu cür mesajlarla sadəcə manevr edir
İranın Avrasiya İttifaqına qoşulması ilə bağlı məsələ gündəmə gəlib. Cənub qonşumuz 2015-ci ildə Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə qarşılıqlı anlaşma barədə müqavilə və ya memorandum imzalamağı planlaşdırır. Qonşu ölkə bu imkandan Rusiyaya ixracı üçün yararlanmaq istəyir. İranın Moskvadakı səfiri Mehdi Sənainin 2015-ci ildə İranın Aİİ ilə müəyyən iqtisadi əlaqələrə malik olması üçün bunun üzərində işləməli olduqlarını bəyan edib. Hazırda da bu proses üzərində çalışdıqlarını deyən səfir qeyd edib ki, İran bu imkandan Rusiyaya və digər ölkələrdən öz ixracı üçün istifadə etmək niyyətindədir. Bəlkə də, qarşılıqlı anlaşma barədə hər hansı müqavilə və ya memorandum imzalamaq lazımdır.
İranın Avrasiya İttifaqına qoşulması ilə bağlı yayılan iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün bir neçə politoloqdan rəy aldıq. "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, İran Avrasiya İttifaqına qoşulmaq üçün müəyyən qədər maraq göstərir. Amma İranın yaxın vaxtlarda Avrasiya İqtisadi Birliyinin üzvü olacağı inandırıcı deyil: "Bu məsələdə bir çox şərtlər yerinə yetirilməlidir. Avrasiya İttifaqında keçmiş sovet ölkələri təmsil olunur. İrana qarşı sanksiyalar qüvvədədir. Birlikdə olan ölkələrin İranla problemi yoxdur, iqtisadi əməkdaşlığı mövcuddur. Amma Qərbin İranla problemləri olduğuna görə, inanmıram ki, bu ölkələr İranın əməkdaşlığından birlik üçün hər hansı xeyir götürə bilsinlər”.
Politoloq deyib ki, İranın siyasi və nüvə məsələsi hələ də öz həllini tapmayıb. Ona görə də yaxın müddətdə sözügedən məsələnin reallığından söhbət gedə bilməz: "Tehran Avrasiya İttifaqına qoşulmaq üçün, əslində, Qərblə Rusiya arasında manevr edir. O, bununla Qərbə göstərmiş olur ki, nüvə məsələsi öz ölkəsinin xeyrinə həll olunmasa və sanksiyalar üzərindən götürülməsə, Rusiya ilə yaxınlaşa bilər. Bu bir şantaj elementi də ola bilər. Digər tərəfdən, İranın Avrasiya İttifaqındakı ölkələrlə idxal, ixrac sahəsindəki əməkdaşlıq nəticəsində hansı qazanclar əldə etməsi məsələsi qaranlıq qalır. Qeyd olunan məsələ siyasi şüar xarakteri daşıyır. İran dar məqsədlərini həyata keçirmək üçün müəyyən ölkələrə belə mesaj göndərir”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə deyib ki, İran bu addımı atarsa, Qərbin növbəti təzyiqləri ilə üzləşəcək: "Qərblə Rusiya arasındakı münasibətlər fonunda bəzi dövlətlər, o cümlədən İran təhdid siyasəti yürütməyə başlayıb. Bu yolla Qərbə mesaj verməyə çalışır ki, biz də varıq və lazım gəlsə, Rusiya ilə birgə daha ciddi güc mərkəzinə çevrilə bilərik. İran hazırda özü imperialist siyasət yürüdür. Ola bilməz ki, cənub qonşumuz hər hansı ölkənin təsiri altında fəaliyyət göstərsin. Bu sadəcə təhdiddir. Bu təhdiddən Azərbaycana da pay düşür. Bu bəyanatla İran həm də ölkəmizi təhdid altında saxlamağa çalışır. Həm Rusiya, həm də İran bu yolla Azərbaycanı "Avrasiya İttifaqı”na sürükləmək istəyir. Əks halda isə Ermənistana dəstək verəcəyi ilə hədələyirlər. Hesab edirəm ki, regionla bağlı ciddi proseslər gedir və hazırkı vəziyyətdə İran öz rolunu artırmağa çalışır. Son bəyanat da məhz bundan qaynaqlanır”.
Politoloq Qabil Hüseynlinin fikrincə isə İran tərəfi uzun müddətdir ki, bu məsələlər ətrafında müzakirələr aparır. İran siyasi elitasının bir qisminin Avrasiya İttifaqına üzvlüyün tərəfdarı olduğunu deyən politoloq qeyd edib ki, sözügedən təbəqənin digər qismi isə əvvəlcə İranın Avrasiya İttifaqında müşahidəçi sifəti ilə iştirak etməsini, hadisələrin inkişafından asılı olaraq da Avrasiya İttifaqına üzvlük məsələsinin müzakirəsini münasib hesab edir.
İranın müstəqil dövlət olduğunu vurğulayan Q.Hüseynlinin sözlərinə görə, İran eyni zamanda qərb koalisiyasına qarşı Rusiyanın mövqeyini müdafiə edir. Ukrayna hadisələrində də Rusiyanın maraqlarından çıxış edən İranın Avrasiya İqtisadi İttifaqı ilə ya müqavilə, ya da qarşılıqlı memorandum imzalamaq arzusu da bununla bağlıdır: "Bütün bu proseslərin məntiqi nəticəsidir ki, Rusiya əvvəllər satmaq istəmədiyi "S-300” hava hücumundan müdafiə sistemlərini İrana satmaq qərarına gəlib. Göründüyü kimi, İran-Rusiya arasında kifayət qədər isti münasibətlər mövcuddur. İranın xarici işlər nazirinin Ermənistana səfəri də bu istiləşmənin bir əlamətidir. Şübhə etmirəm ki, bu münasibətlərin gedişi İranı Avrasiya İqtisadi İttifaqına aparacaq. Təbii ki, indiki halda İranın bu bəyanatını siyasi manevr kimi də qiymətləndirmək yerinə düşərdi. Qərbin İrana qarşı sanksiyalarını yumşaltmaq və nüvə proqramı çərçivəsində İrana ünvanlanan təzyiqlərə bir növ cavabdır”.
Şəymən