İranın üzərini qara buludlar alıb

Hökumət şərtlərdən heç birinə əməl etməyib, Qərblə gərginlik artacaq



ABŞ İranı fəzaya raket daşıyıcısı buraxmaqdan əl çəkməyə çağırıb. ABŞ-ın dövlət katibi Maykl Pompeonun sözlərinə görə, İranın Müdafiə Nazirliyi yaxın aylarda fəzaya üç raket daşıyıcısı buraxmaq planlarını açıqlayıb. Pompeonun fikrincə, bu, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə hörmətsizlikdir: "İqtisadi və diplomatik təcridin daha da dərinləşməməsi üçün İran rejiminə raket buraxmağa son qoymağı, ballistik raketlərlə bağlı hər cür fəaliyyətdən əl çəkməyi tövsiyə edirik”. Dövlət katibi əlavə edib ki, Tehran təxribat xarakterli raket buraxılışlarını yenidən nəzərdən keçirməli, ballistik raketlərlə bağlı istənilən hərəkətlərdən imtina etməlidir. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə Pompeonun sözlərinə cavab verib. Nazir deyib ki, İranın raket sınaqları BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozmur. Zərif bildirib ki, "təhlükə təhlükə doğar, necə ki, kübarlıq nəzakətə səbəb olar”.

Tərəflər arasında yenidən vüsət alan gərginliklə bağlı "Şərq”ə fikirlərini bölüşən politoloq Sədrəddin Soltan bildirib ki, sovetlər dağılandan bəri İrandakı hakimiyyətin başı üzərindən qara buludlar çəkilmir. Onun sözlərinə görə, teokratik rejim beynəlxalq ictimaiyyətin etibarını qazanmağa çalışsa da, eyni səhvləri təkrar edərək, olan-olmaz etibarını da itirir: 

"İranda İslam Respublikası tarixini, yəni bu hakimiyyətin dövrünü diqqətlə izləsək, onun ölkə və beynəlxalq ictimaiyyətə danışdığı çoxsaylı yalanların şahidi olarıq. Nüvə proqramı adi, sıradan bir məsələ deyil. Bu, İranın yerləşdiyi region da daxil olmaqla dünyanın təhlükəsizliyi üçün ciddi təhdid mənbəyidir. İran hakimiyyəti 2015-ci ilin yayında əldə edilən "Əhatəli Razılşama” müqaviləsindəki nailiyyəti qoruya bilmədi. 

Beynəlxalq terrorçuları dəstəklədi. Ona görə də ABŞ İrana qarşı 12 maddəlik sanksiya tətbiq etdi. Tehran hakimiyyəti aşağıdakı tələbləri yerinə yetirəcəyi təqdirdə, sanksiyalar götürülə bilər: - İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə əvvəlki nüvə proqramının hərbi aspektlərini tam açıqlamalı, bu istiqamətdə fəaliyyəti tamamilə dayandırmalıdır. Uranı zənginləşdirməməli, bir daha plutoniumdan istifadə edilməməlidir. Ballistik raket istehsalını, nüvə başlıqlı raketlərin sınağını və inkişaf etdirilməsini dayandırmalıdır. Amerika, müttəfiqləri və ortaqlarının saxta ittihamlarla həbs etdiyi bütün vətəndaşlarını sərbəst buraxmalıdır.

"Hizbullah”, HƏMAS, "Fələstin İslami Cihad Hərəkatı” da daxil omaqla, Yaxın və Orta Şərqdəki bütün terrorçu qruplaşmalara dəstəyini dayandırmalıdır. Həmçinin, ABŞ-ın müttəfiq olan qonşularına qarşı hədələyici davranışlarına son qoymalı, İsraili məhv etməkdən, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə raket atmaq iddialarından əl çəkməlidir”. Analitik bildirib ki, İrandakı hakimiyyət bu şərtlərdən heç birinə əməl etməyib: "Odur ki, hadisələr belə inkişaf edərsə, bu ildə İrandakı hakimiyyət üçün göy üzü yenə qara buludlu olacağı ehtimalı böyükdür. Başqa sözlə İran hakimiyyətinə qarşı təzyiqlərlə yanaşı, ölkə ictimaiyyətinin etiraz aksiyaları da artacaq”.

İsmayıl