"Ermənistandan qisasımızı almaq üçün addım atsaq belə, erməni diasporunun dünyada formalaşdırdığı "zavallı erməni xalqı” ictimai rəyini dağıda bilməyəcəyik”.
Bunu Sherg.az-a siyasi şərhçi Azər Rəşidoğlu deyib.
O bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Birləşmiş Millətlər Təşkilatına (BMT) daxil olandan indiyə kimi də bütün dövlətlər bunu tanıyır:
"Dağlıq Qarabağda yaşayan əhali də Azərbaycan vətəndaşlarıdır. Hazırda söhbət oradakı separatçıların cəzalandırılmasından və onları dövlətimizin konstitusiyasına əməl etməyə vadar etməkdən gedir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan öz ərazilərini müdafiə etməyə qadirdir və cəmi 3 günlük savaşdan sonra İrəvan az qala Azərbaycan qarşısında ağ bayraq qaldırmışdı. İrəvan Rusiyanın forpostudur və xahiş edirdi ki, Azərbaycanla danışıb, sülhə nail olsun.
Son faciədən sonra sərhədləri aşmamaq şərti ilə müəyyən addımlar atıla bilər. Lakin uzunmüddətli savaşdan söhbət gedə bilməz. Çünki beynəlxalq aləmdə sülhə vadar etmə anlayışı var. Sözsüz, Azərbaycan xalqı öz ərazisini işğaldan azad etməyi istəyir. Buna rəğmən, reallıqları da nəzərə almaq lazımdır. Güman edirəm ki, Zəhranın qisasını almaq üçün Azərbaycan cavab addımları atmalı və öz sərhədi, Dağlıq Qarabağ daxilində Azərbaycanın dinc sakinlərini gülləbaran edən sahələri, döyüşçülərin yerləşdiyi nöqtələri cavab atəşi ilə məhv etməlidir”.
Düşmənə qarşı cavab zərbələrindən onun havadarı Rusiyanın qıcıqlanıb, qıcıqlanmayacağına gəlincə, A. Rəşidoğlu deyib ki, bunu zərbə endirildikdən sonra düşünmək olar:
"Rusiyanı Azərbaycanın Qərbə açıq olması qıcıqlandırır. Bu dövlət sadəcə Azərbaycanı ram etməyə çalışır. Buna görə, Azərbaycan atacağı addımı Rusiya ilə razılaşdırmır. Bu məsələdə İran və Qərb amili, Rusiya faktoru nəzərə alınmalıdır.
Zəhranın ölümü insanlarda ruh düşkünlüyü yaradıb. Cavab atəşi olduqda aprel döyüşlərində olduğu kimi əhalinin əhval ruhiyyəsi də yüksələcək. Hazırda görünür ki, Qarabağ Azərbaycan xalqını birləşdirəcək yeganə dəyərdir. Ona görə bu sahədə iqtidar, müxalifət, qeyri-hökumət təşkilatı və s. ayırımı olmamalıdır. Bütün Azərbaycan işğal olunmuş torpaqların işğaldan azad olunmasını istəyir. Azərbaycan ordusu, DİN, Müdafiə Nazirliyi əraziləri quldur dəstəsindən təmizləmək üçün ictimaiyyətlə həmrəy olmalıdır”.
Aysel Aslan