İrəvan “sevdası” boşuna deyil...

İran Azərbaycanın inkişafına həmişə qısqanclıqla yanaşıb



Ermənistan mətbuatı İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə dair sensasion iddia irəli sürüb. Ermənistanın "Armtimes” nəşri iddia edir ki, İran Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tərəflərinə təqdim etdiyi sülh planından çox narahatdır: "Aprel döyüşlərindən sonra danışıqların bəzi aspektləri ictimaiyyətə bəlli olub. İran tərəfi Lavrovun planına əsasən Ermənistanın Qarabağ ətrafında yerləşən 5 rayonu Azərbaycana qaytarması variantından narahatdır. İran tərəfi onun şimal sərhədləri yaxınlığında belə bir mövqe dəyişikliyinə qarşıdır və hər hansı formada danışıqlar prosesinə müdaxilə etməyə çalışır”.

Bu arada bildirək ki, İran Ermənistana daha çox təbii qaz tədarük etməyə razılıq verib. Bu haqda İslam Respublikası Prezidentinin müavini İshaq Cahangiri ilə Ermənistanın Baş naziri Ovik Abramyan arasında olan telefon danışığı zamanı razılıq əldə edilib. Məlumata görə, tərəflər iki

ölkə arasında iqtisadi əmədaşlığın genişləndirilməsinə dair məsələləri müzakirə ediblər. Qeyd edək ki, son zamanlar Tehran işğalçı Ermənistana dəstək xarakterli addımlar atır. Bütün səfərləri zamanı İran rəsmiləri Azərbaycanla din qardaşı olduqlarını və ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərini söyləsələr də, Azərbaycana amansız soyqırımlar yaşadan təcavüzkara yardımlar edirlər. Separatçı ölkəyə nəfəslik verərək onu blokada vəziyyətindən çıxarmağa çalışırlar. Maraqlıdır, görəsən, özünü islam ölkəsi adlandıran cənub qonşumuzun bir xristian ölkəsi olan Ermənistana "sevdası” haradan qaynaqlanır?

Sualımızı cavablandıran millət vəkili Elman Məmmədov qeyd edib ki, Ermənistanda yaşayan ermənilər İranın keçmiş vətəndaşlarıdır. Onun sözlərinə görə, 1813-cü ildə bağlanan Gülüstan sülh müqaviləsindən sonra Rusiya sövdələşmənin şərtlərinə uyğun olaraq İran ermənilərini yığıb Azərbaycan ərazisinə gətirib: "Hazırda da İran həmin vətəndaşlarının təəssübünü çəkir. Sarkisyan, Koçaryan, Balayan və başqalarının dədə-babaları iranlı olub. Onların qohumluq əlaqələri var. Bu, məsələnin bir tərəfidir”.

Azərbaycanın bütün qonşularla ən yüksək səviyyədə əməkdaşlıq etməyə hazır olduğunu deyən Elman Məmmədov qeyd edib ki, bu istəyi qonşularımızdan görə bilmirik: "1990-cı ildən sonra İranla Ermənistan arasındakı yüksək əməkdaşlığın nəticəsində İrəvan yaşaya bildi. Çünki Rusiya təyyarə ilə ərzaq daşıyıb, onları təmin edə bilməzdi. Tehran separatçı ölkəni iqtisadi cəhətdən təmin etdi. Cənub qonşumuz İrəvana dəstəyini bu gün də davam etdirir. Düzdü, bəzi iranlı rəsmilər deyirlər ki, Azərbaycanla dinimiz və dilimiz birdir. Ancaq bu sözdə, dildə deyilir. Həmin sözlər siyasət bicliyidir. Həqiqətdə isə Tehranın hansı siyasət yürütdüyünü görürük. İranın Ermənistanla isti münasibətləri olmasa idi, düşmən ölkə acından qırılıb ölərdi. İşğalçı ölkəni bu ağır durumdan İran çıxardı. Tehran düşmənimizlə viza rejimini aradan qaldırır. Su elektrik stansiyası tikməyə hazılaşırlar. Qaz kəməri çəkib, təcavüzkarı təbii qazla təmin etməyə çalışırlar. Görünür, İranın sözü ilə əməli başqadır. Tehran inkişaf etmiş və daxili stabilliyə malik olan Azərbaycanı xoşlamır. Bu belədir. İranın bütün fəaliyyəti bizi bu cür düşünməyə vadar edir”.

İranda 30 milyondan çox azərbaycanlının olduğunu söyləyən deputat qeyd edib ki, həmin azərbaycanlılar oradakı 3 minlik ermənilər qədər imkana malik deyillər. "İrandakı 2 yüz min erməni bu dövlətin bütün siyasətini idarə edir. Və İranla Ermənistan arasındakı körpülərin qurulmasına təkan verirlər. Doğrudur, bu, İranın dövlət siyasətidir. Ancaq bu işdə erməni lobbisinin də rolu az deyil. 30 milyondan çox azərbaycanlının Tehran Bakı münasibətlərinə təsiri yoxdur. İran istəyir ki, bizdə onun yanında yerləşən Suriya, İraq, Yəmən və Əfqanıstan kimi olaq. Ona görə də Azərbaycanda amansız qətliamlar və soyqrımlar törədən bir ölkəni dəstəkləyir. Bax, reallıq budur. Mənim fikirlərim kimlərinsə xətrinə dəyə bilər. Desələr ki, sənin fikirlərin İranla Azərbaycan arasındakı münasibətləri pozur. Qoy, desinlər. Mən qəbul edirəm. Ancaq gördüklərimi və müşahidə etdiklərimi deyirəm”.

Politoloq Fikrət Sadıqov da qeyd edib ki, Tehran Azərbaycana olan mövqeyini uzun illərdir nümayiş etdirir və bizim üçün heç bir yenilik yoxdur: "Görünür, cənub qonşumuzun xarici siyasətinin prioritetləri Ermənistanla Azərbaycan arasında müəyyən balans yaratmaqdır. Dildə Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq deyirlər, amma əməldə təcavüzkara müxtəlif sahələrdə köməklik göstərirlər. Bu, Tehranın çoxdankı oyunudur. Səbəbləri isə fərqlidir. İran Azərbaycanın inkişafına həmişə çox qısqanclıqla yanaşıb. Onlar istəmirlər ki, regionda Azərbaycanın mövqeyi güclənsin. Azərbaycan güclü bir dövlətə çevrilsin. Əlbəttə, bu, İranın müəyyən dairələrinin maraqlarına ziddir. Ona görə də onlar belə mövqedən çıxış edərək separatçını müdafiə edirlər. Təbii ki, bu, bizi narahat edir. Dəfələrlə müxtəlif məsələlərlə bağlı etirazımızı açıq şəkildə ifadə etmişik. Bunu rəsmi Tehrana çatdırmışıq. Eyni zamanda onu da anlayırıq ki, İran qonşu dövlətdir. Biz bir sıra layihələrdə iştirak edirik. Birgə sazişlər əsasında iqtisadi, sosial və ticarət sahələrində tədbirlərimiz baş tutur. Biz qonşu dövlətdən imtina edə bilmərik. Orda bizim milyonlarla soydaşımız yaşayır. Biz onu da nəzərə almalıyıq və alırıq da”.

Ekspertin sözlərinə görə, Bakı İranın Dağlıq Qarabağ münaqişəsində vasitəçilik etməsinə imkan verməyib: "Əlbəttə, Tehranın bu cür addımları bizi narahat etməyə bilməz. Eyni zamanda anlayırıq ki, bu, onların öz daxili işləridir. Xarici siyasət prioritetləridir. Bütün hallarda Azərbaycan çox ehtiyatlı davranmalıdır”.

Ayyət Əhməd