“İtlərin toyunda iştirak edən aşıqları niyə qınayırsınız ki?!




"İtlərin toyunda iştirak edən aşıqları niyə qınayırsınız ki?! Gedib, 5 manat çörəkpulunu qazanıb”.
Bunu Sherg.az-a ötən gün mətbuatda səs-küy yaradan biznesmenin itlərinə toy etməsi və həmin toyda iştirak edən aşıqların cəmiyyətdə qınanmasına münasibət bildirərkən ustad aşıq Ədalət Nəsibov deyib. 

Onun sözlərinə görə, bu məsələdə aşıqları deyil, həmin biznesmeni qınamaq lazımdır:
"Bəlkə, o heç aşıqlara itinə toy edəcəyini deməyib. Onlara "tədbirim var, gəlin, iştirak edin” deyilib bəlkə? Həmin adam deməyib ki, itlərimi evləndirirəm, aşıq, gəl saz çal. Adamdır, el-oba ilə dolanan aşıqdır. Yəqin, həmin biznesmenin tədbirinə gedəndə aydın olub ki, bu itlərin evlilik mərasimidir. Məsələdə aşığın heç bir günahı yoxdur. Heyvanlara toy qurub, mahnı oxuyanları heç tənqid etmirsiniz. Bu nədirsə, araqarışdırmadır. Belə hallar olur”.


Qeyd edək ki, ötən gün Goranboy rayonunda yaşayan biznesmenin itlərinə toy etməsi haqqında mətbuatda geniş xəbərlər dərc olundu. Müxtəlif cəhətdən tənqid olunan itlərinin toyunda xüsusilə, aşıqların ifa etməsi mətbuatda birmənalı qarşılanmadı. Çox insan bu addımın saya və aşıq sənətinə qarşı kobud hörmətsizlik olduğunu deyib, aşıqları sərt tənqid etdi.