“JEK”-lərdən canımız qurtarır

Əhali rahatlıq tapacaq “ASAN”-ın kommunal sahədə də effektli xidmətinin şahidi olacağıq




Azərbaycanda ən çox narazılıq doğuran sahələrdən biri də kommunal xidmətlərdir. Bu sahə üzrə vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti ilə bağlı narazılıqlara tez-tez rast gəlinir. Keyfiyyətsiz, operativ olmayan xidmət həm insanların vaxtını alır, həm də əsəblərini korlayır. Lakin atılan son addım fonunda vətəndaşların narazılığına son qoyulacaq.

Çünki artıq kommunal xidmətlər də asanlaşdırılıb. Belə ki, dekabrın 28-də Prezident İlham Əliyev Bakıda 1 saylı "ASAN Kommunal” Mərkəzinin açılışında iştirak edib. Mərkəzin açılmasını dəyərləndirən ekspertlər hesab edirlər ki, "ASAN Kommunal” mərkəzlərinin yaradılması işimizi asanlaşdırmaqla yanaşı, bu sahədə illərlə yığılıb qalan problemləri də həll edəcək.

Sabiq maliyyə naziri, hazırda "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov da hesab edir ki, "ASAN Kommunal” mərkəzlərinin yaradılması vətəndaşların, eləcə də sahibkarların daha az prosedurlardan keçərək, şəffaf şəkildə kommunal xidmətlərdən yararlanmasını təmin edəcək. "ASAN Kommunal” mərkəzin Azərbaycan Respublikası Prezidentinin 4 may 2016-cı il tarixli Fərman əsasında yaradıldığını xatırladan iqtisadçı qeyd edib ki, mərkəzdə əsasən 3 qurum - "Azərişıq” ASC, "Azərsu” ASC, "Azəriqaz” İB tərəfindən ümumilikdə 45 növ xidmət göstərilməsi nəzərdə tutulub. Bu mərkəzlərin yaradılması əhaliyə kommunal xidmətlərin göstərilməsini yaxşılaşdırmaqla bağlı hökumətin sosial siyasətinin tərkib hissəsidir:

"Göstəriləcək əsas xidmətlər məişət abonentlərinin elektrik, su, qaz şəbəkəsinə qoşulması ilə əlaqədar müqavilələrin bağlanması və texniki şərtlərin verilməsi, elektrik, su və qaz sayğaclarının quraşdırılması, dəyişdirilməsi, sayğaclar üçün smart kartların verilməsi, bərpası və yenilənməsi, məcburi köçkün olan abonentlərə pulsuz limitlərin verilməsi, abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi, qüsurlu ödənişin bərpa edilməsi, abonentin ödəniş tarixçəsinin verilməsi və sairədir. Gələcəkdə istilik təchizatı, rabitə-telefon xidmətləri, poçt, kabel televiziyaları, internet xidmətləri və kommunal sahədə fəaliyyət göstərən digər dövlət və özəl qurumların xidmətləri "ASAN Kommunal” mərkəzlərdə təşkil edilə bilər. "ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti vətəndaşların kommunal xidmətlər göstərən təşkilatlarla ünsiyyətindəki bürokratik əngəlləri aradan qaldıracaq, asan şəkildə və korrupsiya hallarına yol verilmədən müvafiq xidmətlərdən istifadəsini təmin edəcək. Beləliklə, bu mərkəzlərin yaradılması kommunal xidmətlərin göstərilməsi sahəsində böyük islahatdır”.

"ASAN Xidmət” mərkəzlərinin digər sektorlardakı fəaliyyəti ilə əhalinin rəğbətini qazandığını vurğulayan Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov deyib ki, əvvəllər çox çətin başa gələn və uzun müddət vaxt aparan bir çox işlər indi qısa zamanda "ASAN

Xidmət”də həllini tapır. Onun sözlərinə görə, kommunal sahədə də "ASAN”-ın effektli xidmətinin şahidi olacağıq: 

"Kommunal xidmətlər bütün əhalinin diqqətində olan məsələdir. Hər kəs demək olar ki, bu sahənin xidmətlərindən yararlanmağa ehtiyac duyur. İşinə dürüst yanaşan, kommunal xidmət sahəsində peşəkar olanlar burada fəaliyyət göstərsə, xidmət də gözəl olacaq. Çünki əgər bu iş "ASAN”-a tapşırılacaqsa, burada sıradan adamlar gətirilməyəcək. Bu, korrupsiyanın qarşısını almağa imkan verəcək. "ASAN” bu işi bacaracaq”.

Ekspert hesab edir ki, kommunal xidmətlərin "ASAN”-a həvalə edilməsi bu sahədə illərdir yığılıb qalan problemlərin həlli istiqamətində uğurlu ola bilər: "İllərdir tüstü bacaları təmizlənmir. Nəticədə isə insan ölümünə səbəb olacaq hallar baş verir. Qazdan zəhərlənib ölənlərin də sayı çox olur. Çox güman ki, bu məsələni də "ASAN Xidmət”lə əməkdaşlıq edərək yoluna qoya biləcəyik. "ASAN” səsimizi daha tez eşidəcək, nəinki "JEK”-lər, digər qurumlar. Qurumlarda da bəzən səriştəsiz, təsadüfi adamlar olur ki, onların göstərdikləri xidmət insanların tələbatını ödəmir. Müraciətlərə səthi yanaşırlar. "ASAN”-a kommunal xidmətləri ölkə başçısı həvalə edib, məsələ onun diqqətində olacaq”.

Şəymən