Jurnalist Funikulyorda odioz halla üzləşib: “Bilet olmadan bizdən adambaşına 1 manat istədilər”

Elnurə Abuşova : “Özünü Səfər kimi təqdim edən işçiyə dedim, mətbuata yazacam, dedi, məni də «tağ edərsən». Dedi, çek də mənəm, bilet də. Əsəbimdən uşağı da götürüb qayıtdım”Eyyub Hüseynov: “Ödənişə görə vətəndaşa bilet və ya çek ödənməməsi vergidən yayınmadır və yeyintidir”
Həmkarımız Elnurə Abuşova Funikulyorda odioz halla qarşılaşıb və üzləşdiyi mənzərə barədə sosial şəbəkədə paylaşım edib:
«Funikulyorda kassa, çek, bilet olmadan bizdən adambaşına 1 manat istədilər. Bilmək istəyirəm, Funikulyorda gediş haqqı qanunla, rəsmi qaydada neçədir və niyə 1 manat ödəndikdə çek və ya bilet, heç bir şey vermirlər?
Özünü Səfər kimi təqdim edən işçiyə dedim, mətbuata yazacam, dedi, məni də «tağ edərsən». Dedi, çek də mənəm, bilet də. Əsəbimdən uşağı da götürüb qayıtdım, minmədik. Funikulyor əvvəllər pulsuz idi, sonra 20 qəpik oldu. Sonra 50 qəpik elədilər. İndi durub pul yığırlar. Vergi-zad necə tənzimlənir çeksiz, biletsiz?»
Həmkarımızın qaldırdığı problemlə bağlı rəsmi instansiyadan cavab almqat səylərimiz isə iki gündür fiaskoya uğrayır. O səbəbdən ki, Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin yeni rəhbəri İsrafil Kərimov (Səbail rayon İH-də daha yaxşı işləyirdi – red.) nə şəhər telefonuna, nə də mobil zənglərə cavab verir. Dünən bir də cəhd etdik, bəlkə əvvəlki gün işi çoxmuş, şəhərdə nə var, nə yox deyə ekskursiyaya çıxıbmış, filan, amma yenə faydasız. İsrafil müəllimin, iş prinsipi deyəsən, budur; naməlum zənglərə susmaq. 
Bəs deyirlər, Bakı şəhər İcra Hakimiyyətində rəhbər yeniliyi uğurludur? Yeni təyinat, amma köhnə prinsiplər – söküntü-tikinti… Funikulyora kassa aparatı quraşdırmaq isə kimsənin yadına düşmür. Yenə əvvəlki mətbuat xidməti rəhbərləri - Nuranə Mərdanova da, Nailə Məmmədova da heç olmasa, «bizdə belə məlumat yoxdur» cavabını verir, insafən bəzən də, hansısa instansiyaya yönləndirirdilər. Qədirlərini bilmək lazımmış.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov «Şərq»ə açıqlamasında vətəndaşa çek təqdim edilməməsinin vergidən aşkar yayınma halı olduğunu dedi:
- Belə hallarla çox qarşılaşırıq. Vətəndaşlar bizə də bu səpkili müraciətlər edir. Ödənişə görə vətəndaşa bilet və ya çek ödənməməsi vergidən yayınmadır və yeyintidir. Vətəndaşın hüququnun pozulmasıdır. Funikulyora minən insanın başına bir iş gəlsə, heç bir qurum cavabdehlik daşımayacaq, çünki nə bilet var, nə çek. Kimə sübut edəcəksən ki, Funikulyora minmişdin?!. Bakı şəhər İcra Hakimiyyətinə tövsiyə edərdim ki, korrupsiyanın qarşısını alsınlar.
Məlahət Rzayeva