Jurnalist imzaları getdikcə itir
“Mətbuatın yükünü çəkən sıravi müxbirlər sabah harasa getsələr, jurnalist olduqlarını sübut edə bilməyəcəklər”
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə mətbuatda müəllif yazıları ilə bağlı keçirilən tədbirdə maraqlı bir problemə diqqət çəkib. Tanınmış jurnalist mətbuatda, xüsusən də internet saytlarda müxbir imzalarının sürətlə itdiyini deyib: "Jurnalist kimi məni çox narahat edən bir məsələ var. Təəssüflər olsun ki, mətbuatda imzaların itməsi prosesi gedir. Burada söhbət cəmiyyətdə kifayət qədər tanınan media nümayəndələrinin imzasından yox, medianın yükünü çiyinlərində daşıyan sıravi müxbirlərdən gedir. Onların imzaları sürətlə itməkdədir.
Bir çox saytlar, informasiya agentlikləri artıq müxbir imzasından imtina ediblər. Məsələn, hansısa məlumat saytda verilir və yazılır ki, "ölkə.az” xəbər verir, nə bilim "qafqazinfo.az” bildirir və s. Materialları hazırlayıb ictimaiyyətə ötürən müxbirlərin adı, soyadı qeyd olunmur. Mən 3-4 günə sadəcə bir yazı yazıram və onu 15 saytda paylaşıram, özümdən yekə də şəklimi qoyuram. Amma günə 4 xəbər yazan jurnalistin adı-sanı olmur. Hesab edirəm ki, imza çox önəmli məsələdir”.
S.Verdizadə deyib ki, jurnalistikaya o zaman ictimaiyyətdə tanınan 20 ən yaxşı imzaya görə gəlib: "Tanınmış qələm sahiblərinin yazıları məni ruhlandırmışdı. Qocaman jurnalistimiz Məzahir Süleymanzadəni qiyabi şəkildə 25 il bundan öncə tanıyırdım. Amma onun özünü canlı olaraq 5 il əvvəl görmüşəm. Məndən dəfələrlə soruşublar ki, mətbuatda yaxşı qələmi olan filan jurnalist var idi, indi o hardadı, ölüb, işdən çıxıb, nə olub ona? Mən də deyirəm ki, həmin adam hazırda jurnalistikadadır və əvvəlkindən daha çox yazır. Amma imzası itdiyi üçün camaat o müxbiri tapa bilmir”. Qurum rəhbəri bildirib ki, mətbuatın yükünü çəkən sıravi müxbirlər sabah harasa getsələr, jurnalist olduqlarını sübut edə bilməyəcəklər: "Hansısa başqa media orqanına işə düzəlmək istəyəndə baş redaktor həmin müxbirdən müəllif yazısı istəyəcək. Onun imzalı yazısı yoxdursa, baş redaktora nə təqdim edəcək?! Bilmirəm, bəlkə də XXI əsrdə imzaya, imzalı jurnalistikaya ehtiyac yoxdur? Əgər imza jurnalist üçün hər zaman önəmlidirsə, onda bu problemə diqqət yetirək”. Həqiqətən, indiki dövrdə mətbuatda imzasız jurnalistlər mərhələsinin formalaşması iddiası realdırmı? Ümmumiyyətlə, imza və təxəllüs media nümayəndəsi üçün nə qədər önəmlidir, müxbir sadəcə anonim xəbər daşıyıcılığı funksiyasını yerinə yetirməlidir, yoxsa öz imzası ilə tanınmalıdır? "Şərq” qəzeti olaraq media nümayəndələri arasında sorğu apardıq. Mövzuya münasibət bildirən əksər jurnalistlər imzanın mətbuatda önəmli faktor olduğunu vurğuladılar. Ancaq mediamızda imza probleminin olmadığını söyləyənlər də oldu.
"Axar.az” saytının baş redaktoru Anar Niftəliyev belə bir problemin olması ilə qismən razılaşır: "Dostum Seymur Verdizadə az deyib, onlayn mediada işləyən jurnalistlər bəzən 20-25 xəbər hazırlayırlar və doğrudan da bəzilərində imzaları olmur. Hesab edirəm ki, bir sıra informasiyalara imza qoyulmamasının səbəbi müəllif hüquqları ilə bağlı deyil, hazırda jurnalistikanın xəbər istehsalı üsulu ilə bağlıdır. Onlayn mediada xəbərlərin istehsalı ənənəvi mediada çalışan jurnalistlərdən bir az fərqlənir. Tutaq ki, hansısa ekspert və yaxud şou nümayəndəsinin sosial şəbəkədə paylaşdığı status, redaksiyanın elektron ünvanına göndərilən press-reliz və s. hamısı dərc olunana qədər hazırlanma və redaktə prosesindən keçir və bu, böyük sürətlə həyata keçirilir. Yəni bəzən önəmli bir şəxsin rəsmi açıqlaması 2-3 dəqiqə sonra xəbər şəklində oxucuya çatdırılır. Əksər jurnalistlər bu cür xəbərlərin hazırlanmasında imzalarından istifadə etmirlər və bu, ümumilikdə kollektivin işi kimi təqdim edilir. Ancaq bir neçə mənbə ilə dəqiqləşdirilən hətta tərcümə xəbərlərində belə imzalardan çalışırıq istifadə edək. Ümumi götürdükdə, hesab etmirəm ki, bunlar "imzasız jurnalistlər” mərhələsinin formalaşmasına gətirib çıxara bilər. Müəllif yazıları, şərhlər, münasibətlər, təhlillər, müsahibələr, özəl və səhih xəbərlərin hamısı müəllifin mütləq imzası ilə təqdim edilir”. Baş redaktora görə, hazırda jurnalistika böyük yaradıcılıq tələb etməsə də, peşəkar və fərdi yanaşma tələb olunan xəbərlərdə mütləq müəllif görünməlidir: "Təsadüfi deyil ki, ictimaiyyət də, elə redaktorlar da məhz imzalarına görə, gənc nəsli tanıyır və bu imza da gənclərin gələcək karyerasını müəyyənləşdirir. Bu baxımdan, hazırda hər hansı xəbərdə görünməyən imza "imzasız jurnalistlər” mərhələsi demək deyil. Bu "imzasızlığı”, tutaq ki, ənənəvi medianın "səhifələyicisi”, "korrektoru”, "çapçısı” və s. gözə görünməyən, ancaq qəzetin istehsalında vacib olan şəxslərin gördüyü işlərin onlayn mediada "üzə çıxması” kimi qəbul etmək lazımdır. Sadəcə, həmin işlər indi bir kadrın adını tamam gizlətmir, bəzi xəbərlərdə görünməz edir”.
"Milli.az” xəbər portalının baş redaktoru Anar İmanov da bildirib ki, müəyyən KİV-lərdə "imzasız jurnalistlər” yetişir. Ancaq bu, düzgün yanaşma deyil: "Əməkdaşlar üçün həmişə stimul olmalıdır. Maaşın artımı ilə yanaşı, elə bir şərait yaradılmalıdır ki, müxbirlər öz imzaları ilə də tanınsınlar. Bu yol mənim üçün jurnalistin yetişməsi və peşəkar olması üçün ən effektiv yoldur. Həmin üsulla həm əməkdaş qazanar, həm redaksiya. Ümumiyyətlə, media nümayəndəsi üçün imzanın tanınması ön planda olmalıdır. Xarici ölkələrdə də belədir. Öncə sən tanınmaq üçün işləyirsən, sonra isə adın sənə "işləyir”. Şəxsən mən ad, təxəllüs, anonimçiliyi heç vaxt başa düşməmişəm. Əgər məlumatı əldə edib, yazırsansa, redaksiya ilə yanaşı, jurnalistin özü də məsuliyyət daşıyır. Sənin məlumatın düzdürsə, adını niyə gizlətməlisən ki? İmzayla bağlı başqa bir məqam da var. Sabah sən başqa bir yerdə işləsən, yeni rəhbərliyə özünü tanıtdıra bilməyəcəksən”.
"Report.az” saytının baş redaktoru Murad Alıyev da deyib ki, jurnalistin imzası məsələsi daima müzakirə olunan mövzulardan biridir: "Burada jurnalistin işlədiyi mətbuat sahəsi, KİV-in iş prinsipi xüsusi önəm daşıyır. Qəzet və jurnallarda aydın məsələdir ki, məqalə müəllifi qeyd olunur. Köşə yazarlarının da bəlli bir rubrikası olur, artıq həmin qəzeti o müəllifin yazısı olmadan təsəvvür etmək olmur. Düzdür, burada da bəzi neqativ hallarla rastlaşırıq. Bəzi qəzetlər agentliyin xəbərini götürərək öz müəlliflərinin adı ilə dərc edirlər. Agentliklərdə də müəllif imzası qorunur. Hər xəbərdə müəllifin kimliyi göstərilir. Bəzi xəbərlər olur ki, onlar ümumi yayılan məlumatlar olduğundan agentliyin adından veririk. Lakin bununla belə tez-tez informasiya portalının jurnalistlərindən eşidirdik ki, misal üçün televiziya jurnalistləri reportaj hazırladıqları üçün hər kəs onları tanıyır. Lakin agentlik jurnalistlərinin yalnız ad, soyadını görürlər, hərçənd gördükləri işin həcmi TV reportyorlarından qat-qat çoxdur. Bunu nəzərə alaraq "Report.az” saytında hər jurnalist üçün profil yaradılıb, hər xəbərin altında müəllifin adı, soyadı və fotoşəkili yerləşdirilir. Həmin profilə daxil olarkən müəllifin imzası ilə dərc olunan digər xəbərləri görmək olur. Bir reportajın hazırlanmasında fotoqrafın da əməyi keçibsə, onu da yazının sonunda qeyd edirik. Bu baxımdan informasiya portallarının işi bir qədər fərqlidir. Belə ki, həmin saytlarda əsasən informasiya agentliklərindən və digər informasiya resurslarından xəbərlər götürülərək yerləşdirilən zaman sadəcə ilkin mənbəyə istinad edilir. Yəni burada redaktor işini qeyd etmək lazımdır. Xəbəri olduğu kimi saxlayaraq, başlıqları dəyişdirilə bilər və ya əlavə faktlar yazıla bilər. Şübhəsiz ki, portalların da reportaj hazırlayan jurnalistləri var və onların adı hazırladıqları materiallarda qeyd olunur”.
"Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılov isə deyib ki, gündəlik izlədiyi ciddi informasiya agentlikləri və xəbər saytlarının hamısında hər bir xəbərin, müsahibənin, reportajın, analizin altında onu hazırlayan şəxsin imzasını görür: "Bu, belə də olmalıdır. Çünki oxucuya təqdim olunan hər bir yazıya görə, ilk növbədə onu hazırlayan şəxs, ardınca isə redaktor və yazını təqdim edən media qurumu məsuliyyət daşıyır. Başa düşə bilmirəm. Şəxsən mənim üçün də maraqlıdır ki, hansısa media orqanı öz əməkdaşının, yaxud onun imzasının tanınmamasında nə üçün maraqlı olmalıdır?”
Tanınmış jurnalist Ramilə Qurbanlı da bildirib ki, öz imzası olmayan müxbir həqiqi jurnalist deyil: "Yazdığın xəbərin altındakı imza həm də sənin məsuliyyətin deməkdir. Verdiyin xəbərə görə, onu çap edən media orqanından çox sən özün məsuliyyət daşıyırsan. Hər yazının altında imzan olmalıdır ki, oxucular imzanı tanısınlar və sənə hörmət göstərsinlər. Bu, çox önəmli amildir. Axı bir adam niyə əziyyət çəkib hazırladığı məqalənin altına öz imzasını qoymaqdan imtina etsin?! Əgər xəbərlər imzasız gedirsə, deməli başqa məqamlar var”.
(Davamı var)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb