Jurnalistikanın kişisi, xanımı olmamalıdır

Peşəkar və ya istedadsız media nümayəndəsi ola bilər
Əsas odur ki, xanım jurnalisti ailədə dəstəkləsinlər. Sonra isə bütün məsələlərə professional yanaşanda elə bir ciddi əngəl qalmır

(əvvəli ötən sayımızda)

Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında rol oynayan bir varlıqdır. Eyni zamanda sosial sferada daha cəsarətli və aktivdir. Bununla yanaşı, ölkənin həyatında yüksək fəallıq göstərən Azərbaycan qadını ictimai-siyasi proseslərdə də yaxından iştirak edir. Bu aktivlik özünü media sahəsində də göstərir. Ancaq təxminən 200 il bundan əvvəl qadına münasibət indiki dövrdən çox fərqli olub.

O dövrdə qadına verilən dəyəri bu günlə müqayisə etsək, qadının cəmiyyətin hərəkətverici qüvvəsi olduğunu görərik. Elə həmin dövrdə "Qadına azadlıq vermək olmaz”, "Qadın ancaq evdə olmalıdır, ailə ocağının himayədarıdır”, "Qadın cəmiyyətin sosial-siyasi işlərinə qarışa bilməz” və s. kimi bu fikirlər demək olar ki, bu gün yox dərəcəsindədir. Ancaq o da var ki, bəzən qadınların kişilərlə bərabər eyni vəzifələrdə çalışmalarına, xüsusən də qadınların media sahəsində perspektivlərini artırmağa, yaxud da kişilərin çətinliklə əldə etdiklərini xanımların asanlıqla nail olmağına yanaşma heç də birmənalı deyil. Milli mentalitet, kişinin fiziki cəhətdən qadına nisbətən güclü olması kimi mülahizələr təəssüf ki, günümüzdə də mövcuddur.

Hələ də "jurnalistlik qadın sənəti deyil” düşüncəsində olan insanlar var. Halbuki xalqın və cəmiyyətin həyatında qadın yazarların qələminin "boyuna biçilmiş” bir çox mövzular var. Elə söz var ki, həssas qadın qəlbindən keçib gəldiyi üçün daha təsirli olur. Söhbət milli-mənəvi dəyərlərimizdən, balalarımızın tərbiyəsindən, Vətən sevgisindən, torpaq təəssübkeşliyindən gedəndə ana səsi də ucalmalı - qadın-jurnalist də öz sözünü deməlidir. Kişi sözü kəsərlidirsə, qadının, ananın sözü də düşündürən, sirayət edəndir. Hər nə qədər qadınların media sahəsində çalışmasına cəmiyyətin mövqeyi birmənalı olmasa da, ölkəmizdə zərif cinsin elə nümayəndələri var ki, bu gün onlar media sahəsində böyük nailiyyətlər qazanıblar.

"Lent.az” saytının redaktoru Səbinə Əvəzqızı isə "Şərq”ə açıqlamasında böyük təəssüf hissi ilə ölkədə bir çox məsələlərdə olduğu kimi, mediada da peşəkarlıq məsələsinə bu kimi seksist yanaşmaların olduğunu deyib. Onun sözlərinə görə, jurnalistin xanımı və ya kişisi olmamalıdır. Peşəkar və ya istedadsız media nümayəndəsi ola bilər. Lakin belə bir məsələ doğrudan da mövcuddur. Bu problemin olması isə xanım jurnalistlərimizin işinin həcmini heç də kiçiltmir, əksinə...:

"Kişi həmkarlarımız inciməsin, hazırda Azərbaycan mediasında qadınların daha ciddi rolda olduğunu görməmək üçün kor olmaq gərəkir. Bunu kimsə dana bilməz. Həm çap mediasında, həm də elektron KİV-də kifayət qədər tanınmış xanımlarımız var. Elə bircə onu misal gətirək ki, hazırda ölkədə ən böyük media holdinqin - APA Holdinqin rəhbəri bir xanımdır - Vüsalə Mahirqızı. Azərbaycan mediasında texniki işçidən başlayaraq, kifayət qədər məşhur müxbir, jurnalist, köşə yazarları, teleaparıcı, rəhbər şəxsin adını sadalaya bilərik. Çox sevindirici haldır ki, sevimli "Şərq” qəzetimizdə də bu mövzunu məhz xanım müxbir araşdırır”.

S.Əvəzqızının sözlərinə görə, əsas məsələlərdən biri də media sahəsində özünəməxsus yeri olan xanımların hazırda olduqları yerə hansı maneələri keçib gəlmələridir: 

"Əsas odur ki, xanım jurnalisti ailədə dəstəkləsinlər. Sonra isə bütün məsələlərə professional yanaşanda elə bir ciddi əngəl qalmır. Əgər jurnalist iş zamanı prosesə seksist yanaşacaqsa, "mən bir kişiyəm” və ya "mən bir qadınam” düşüncəsi ilə vəzifəsini yerinə yetirəcəksə, onun maneələrdən qurtarması çox çətin olacaq. Şəxsən mən uzun illər məhkəmə jurnalisti olmuşam. Saysız-hesabsız kriminal olayları araşdırmışam. Bəzən bu proseslərdə hədələnmişəm də. Hətta hamilə olduğum halda üstümə bıçaq çəkən də olub. Bəzən də kriminal olayla bağlı hadisə yerinə gedərkən çox ağır kişi söyüşlərinin də şahidi olmuşam. Əgər həmin zamanlar "bir qadının yanında bunu etmək olmaz” düşüncəsində olsaydım, inanın ki, vəziyyət həddən ağır olardı. Mən evimdə, hər hansı ailə tədbirlərində, rəfiqələrimlə gəzintidə bir xanım ola bilərəm, işdə isə əsla”.

Hazırda "jurnalist qadın sənəti deyil” kimi stereotiplərin aradan qalxdığını hesab edən Səbinə xanım 20 il bundan əvvəl yanaşmanın çox çətin olduğunu deyib: "Burada bir çox səbəblər var. Bəzən özünü jurnalist adlandıran dələduz qadınlar bu stereotiplərin inkişafına köməklik edirdilər. Təsəvvür edin ki, 20 il öncə istirahət üçün rayonlarımıza gedəndə çalışırdım ki, jurnalist olduğumu bilməsinlər. Çünki bilən kimi, bəzilərinin rəyi dəyişirdi. Bəzi üzdəniraq qadınlar cəsarət edib özlərini jurnalist adlandırır və bu peşənin üstünə kölgə salaraq naxoş hərəkətlər edirdilər ki, bunun əzabını biz çəkirdik. İndi isə vəziyyət ciddi şəkildə yaxşılığa doğru dəyişib. Bəs problem kökündən həll edilibmi? Nə yazıq ki, bu suala hələ tam əminliklə cavab verə bilmirəm.

Hazırda jurnalistikada çox yaxşı gənc xanımlarımız var. Onlarla bağlı xeyli ümidliyik. Hesab edirəm ki, bu xanımlar bizlər kimi daha əziyyətli yollardan keçməyəcəklər, yetər ki, peşələrini sevsinlər. Bütün xanım jurnalistlər inanın ki, bir qəhrəmandırlar. Onlar ağır işin öhdəsindən gəlib, gec saatlarda evə gedirlər. Evdə isə onları kifayət qədər ciddi qayğılar gözləyir, ev işləri, övlad tərbiyəsi, həyat yoldaşının qayğısını çəkmək və s. Hansı kişi jurnalist bizim kimi əziyyət çəkir? Təbii ki, bu, zarafatyana bir deyimdir, amma bütün hallarda qadın jurnalistlərsiz mediamızı təsəvvür edə bilmirəm”.

Azərbaycan mətbuatında qadınların rolunun qaneedici olduğunu deyən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifovanın sözlərinə görə, bu gün Azərbaycan mətbuatı özünün inkişaf tendensiyasına görə qadınlara borcludur. 

AJQA-nın sədri və fəal bir jurnalist kimi bu gün Azərbaycanda jurnalist qadınların öz sözünü deyə biləcək çəkiyə sahib olduğunu vurğulayan S.Yusifqızı qeyd edib ki, Azərbaycan mediasının böyük yükü qadınların zərif çiyinləri üzərindədir. Əgər say etibarı ilə götürsək demək olar ki, kişilərlə eyni sayda mediamızda qadın təmsilçilərimiz var. "Onların əksəriyyəti reportyor, redaktor kimi fəaliyyət göstərirlər. Əgər bunlar olmasa, qadın əməyi olmasa, düşünürəm ki, gündəmdə normal bir qəzet də olmazdı. Azərbaycanın qadın jurnalistlərinin əməyi sayəsində bu gün televiziyalarımızda gözəl verilişlər ortaya çıxır, internet saytlarda maraqlı informasiyalar yazılır, bu da onların o gərgin əməyinin nəticəsidir. Yəni zəhmətkeş qrup əgər çalışmırsa, informasiya gətirmirsə, redaktor boş əllə nə edə bilər? Heç nə eləyə bilməz. Kişi redaktorlar əsasən mətbuatımızda idarəetmədə çoxluq təşkil edirlər. Qadınlara qarşı qısqanclıq duyulur... Mən bunu hər yerdə deyirəm”.

S.Yusifovanın sözlərinə görə, bu gün Azərbaycanda həm qadın olmaq, həm də jurnalist olmaq çox çətindir: 

"Jurnalist peşəsinin özü çətin peşələr sırasındadır. Lakin qadın olaraq bu peşədə özünü göstərmək ikiqat fədakarlıq tələb edir. Azərbaycan qadını da istər ailəsində, istər peşəsində, istərsə də digər sahələrdə çox fədakar və məsuliyyətlidir. Ona görə də mən Azərbaycanın qadın jurnalistləri ilə fəxr edirəm. Bu gün cəmiyyətin maarifləndirilməsində, informasiya tələbatının ödənilməsində bilavasitə qadın əməyi görünür. Siz fikir versəniz görərsiniz ki, bu gün cəmiyyətdə qadın jurnalistlərin əməyində faydalılıq əmsalı daha yüksəkdir”.

Media sahəsində qadın jurnalistlərin sayı kişilərlə müqayisədə xeyli çox olmasına rəğmən media kapitanları arasında xanımların sayının barmaqla sayılacaq qədər olmasına gəldikdə isə AJQA sədri bu göstəricini gender balansının pozulması ilə əlaqələndirib: "Düşünürəm ki, bu məsələdə gender balansı birmənalı şəkildə pozulur. Mənim səmimi istəyimdir ki, Azərbaycan televiziyalarının birinin rəhbəri qadın olsun. Yəni cəmiyyət qadının gördüyü işi də müzakirə etsin. Biz istəyirik ki, bu sahədəki qadın peşəkarlar irəli çəkilsinlər. Axı televiziyalarda 1-ci müavinlər niyə qadın olmasın? Onlar işləyə bilməyəcəklər ki? Azərbaycan qadınının bu gün gördüyü iş kişilərdən heç də geri qalmır. Amma jurnalist kişilərdə səxavət olmadığından biz qadınlar özümüz-özümüzü həmişə yüksəkdə tutmalıyıq”.


"Həftə içi” qəzetinin əməkdaşı, jurnalist Naibə Qurbanova isə 20-25 il bundan əvvəl jurnalistika sahəsində qadınların sayının barmaqla sayılacaq qədər az olduğunu deyib və əlavə edib ki, indi bunu demək düzgün olmaz. N.Qurbanova hesab edir ki, bu gün mediada nəinki sıravi işçilər qismində, hətta rəhbər qadınların sayı artmaqdadır: 

"Ölkədə iki media holdinqin və bir neçə kütləvi informasiya vasitələrinin rəhbərinin qadın olması bu sahədə zərif cinsin daha çox uğur qazandığını ortaya qoyub: "Sadəcə qadına bu sahədə özünü təsdiqləmək üçün enerji, səbr və yüksək menecerlik qabiliyyəti lazımdır. Sonuncu kişilərə aid olsa da, etiraf edək ki, qadın olaraq bu sahədə baş çıxarmaq çox çətindir. İdarəçilikdə qadın olaraq uğur qazanmaq asan deyil. Çünki hələ də qadınların kişilərlə bərabər eyni vəzifələrdə çalışmasına münasibət birmənalı deyil. Qadının media kimi azad və sərbəst bir sahədə çalışmasına baxışlar çox fərqlidir. Qeyri-stabil iş saatı, milli mentalitet dediyimiz və əksərən qadınların ziyanına işləyən bir "kural”a boyun əyərək çalışmaq perspektivlik baxımından əlverişli olmur. Bütün bunlara rəğmən media sahəsində böyük nailiyyətlər qazanan qadınlarımız var. Təəssüfedici məqam odur ki, qadınlar daha çox reportyor, araşdırmaçı jurnalistlər kimi deyil, vizual mediada görünüş olaraq önə çəkilirlər. Yəni intellektual potensial çox vaxt arxa plana keçir. Dünya praktikasında aparıcı kütləvi informasiya vasitələri reportyor kimi məhz qadın müxbirlərin əməyinə üstünlük verir. Bu isə onların hadisələrə baxışının kişilərə nisbətən daha həssas olması ilə bağlıdır. Bizdə isə qaynar nöqtələrə kişi reportyorlar cəlb olunur. Bu isə yuxarıda qeyd etdiyim kimi, mentalitetdən və daxili qaydalardan irəli gəlir. Ancaq çox istərdim ki, zamanla bu ayrı-seçkilik də aradan qaldırılsın”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb