Jurnalistlərin üzərində deputatların fəaliyyətinin işıqlandırılması kimi bir öhdəlik yoxdur
Jurnalistlər iradları qəbul etmir
Millət vəkilinin borcudur ki, seçiciləri ilə görüşsün
Jurnalistlərin üzərində deputatların fəaliyyətinin işıqlandırılması kimi bir öhdəlik yoxdur
Jurnalistlərin üzərində deputatların fəaliyyətinin işıqlandırılması kimi bir öhdəlik yoxdur
Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputatlar parlament müxbirlərinin fəaliyyəti ilə bağlı narazılıqlarını bildiriblər. Deputatlar özlərini müdafiəyə qalxaraq vurğulayıblar ki, mətbuatda parlamentin fəaliyyəti tam olaraq ictimaiyyətə təqdim olunmur.
Millət vəkili Yevda Abramov bildirib ki, bəzən mətbuatda deputatların ayda bir-iki dəfə parlamentə yığışdığı, heç bir iş görmədikləri barədə yazılır: "Amma bu belə deyil. Milli Məclisin sədri Oqtay Əsədovun gördüyü iş bir komitənin gördüyü işə dəyər. Bəzən bunu jurnalistlər görmür. Onlar elə bilirlər ki, ayda iki-üç dəfə parlamentin plenar iclasında otururuq, başqa işimiz yoxdur”.
Deputat Əflatun Amaşov isə bildirib ki, Milli Məclisdə istənilən millət vəkili istədiyi problemi qaldıra bilir , rəhbərlikdən heç bir etiraz olmur və deputatın sözü kəsilmir: "Bütün bunlarla bağlı Azərbaycan cəmiyyətinə doğru informasiya vermək lazımdır. İstər sosial şəbəkələrdə, istərsə də ayrı-ayrı müəlliflərin yazılarında Milli Məclislə bağlı dolğun məlumatlar Azərbaycan cəmiyyətinə çatdırılmır”.
Deputatların söylədikləri ilə bağlı fikirlərini "Şərq”lə bölüşən parlament müxbirləri millət vəkilləri ilə razılaşmadıqlarını bildirdilər.
Bir neçə ildir parlament müxbiri olan Azvision.az-ın əməkdaşı Anar Kəlbiyevin sözlərinə görə, jurnalistlərin əsas məqsədi Milli Məclisin fəaliyyətini cəmiyyətə çatdırmaqdır:
"Düşünürəm ki, iclaslarda olduğumuz zaman oradan verdiyimiz informasiyalarla bu işin öhdəsindən gəlirik. "Fəaliyyətimizi görmürlər” fikirinə gəldikdə isə onu deyə bilərəm ki, deputatın vətəndaşlarla görüşündə iştirak etməmişəm və bu barədə nə isə deyə bilmərəm. Amma parlament iclasları zamanı olan məlumatları, çıxışları olduğu kimi öz saytımızda dərc edirik. Bəzi deputatlar olur ki, jurnalistlərlə əlaqə qurmaqdan çəkinirlər, telefon zənglərinə cavab vermirlər. Bu kimi məsələləri də nəzərə almaq lazımdır. Deputatların özü də jurnalistlərlə işləməkdə maraqlı olmalıdır. Burada tək jurnalistləri ittiham etmək doğru olmaz. Bu işlər qarşılıqlı formada həyata keçirilməlidir”.
"Şərq” qəzetinin parlament müxbiri Anar Bayramoğlu deputatların fikri ilə razı deyil:
"6 ildir ki, Milli Məclisin iclaslarında iştirak edirəm. İstər komitə iclaslarını, istərsə də plenar iclasları təmsil etdiyim qəzetdə bacardığım qədər işıqlandırmağa çalışmışam. Millət vəkillərinin çıxışlarını təhrifə yol vermədən yazıram. Yəni nə fəaliyyətlərini görürəmsə, qərəzsiz şəkildə reportajlarımda yazmışam. Eləcə də digər mətbu orqanlarda çalışan həmkarlarım da öz işlərinin öhdəsindən gəlirlər. Ola bilsin ki, deputatlar seçiciləri ilə görüşlərinin işıqlandırılmasından narazıdırlar. Açığı, seçicilərlə görüşlərində olmamışam, ona görə də məlumatsızam. İstənilən deputat seçiciləri ilə görüşünə məni dəvət edə bilər, onu da yazmağa hazıram”.
A.Bayramoğlu parlament müxbirlərinin ittiham edilməsinin doğru olmadığını bildirib: "Gərək Milli Məclisdə jurnalistlər üçün yaxşı şərait olsun. İnformasiyanın operativ çatdırılması üçün imkan tanınmalıdır. Düzdü, parlamentdə jurnalistlər üçün ayrıca otaq ayrılıb, internetlə təmin olunan kompüterlər yerləşdirilib. Amma kompüterlərin sayı müxbirlərin sayına adekvat deyil. Biz vitse-spiker Bahar Muradova ilə görüşümüzdə bu problemi qaldırmışdıq, addım atılacağına söz verilmişdi. Amma hələ məsələ həllini tapmayıb. Bununla yanaşı, Milli Məclisə mobil telefon və planşet, notbuk keçirmək qadağası qoyulub. Bu qadağa da aradan qaldırılsa, müsbət olar. Hesab edirəm ki, bu məsələlər yoluna qoyulsa, jurnalistlərin fəaliyyəti daha rahat olar. O zaman Milli Məclisdə görülən işləri cəmiyyətə daha dolğun çatdırmaq şansımız olar”.
Report İnformasiya Agentliyinin əməkdaşı İlkin Pirəli isə bildirib ki, Milli Məclisdə akkreditasiyadan keçən bəzi media orqanlarının əməkdaşları parlamentlə bağlı kifayət qədər məlumat yazırlar, qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində qanunlara edilən əlavə və dəyişikliklərin ictimaiyyətə çatdırılmasında xüsusilə aktivlik göstərirlər:
"Dəqiq deyə bilmərəm, Yevda Abramov hansı sayt və qəzetləri oxuyur. Ola bilər, hörmətli Yevda müəllimin izlədiyi mətbu orqanlarda Milli Məclislə bağlı məlumatlar dolğun əks etdirilmir. Milli Məclis qanunverici orqandır, orada qəbul olunan qərarlar birbaşa cəmiyyətə təsir edir. Bu baxımdan həmin dəyişikliklər jurnalistlər üçün necə maraqlı olmaya bilər?”.
İ.Pirəlinin fikrincə, jurnalistlərin üzərində deputatların fəaliyyətinin işıqlandırılması kimi bir öhdəlik yoxdur:
"Tutaq ki, hansısa deputat seçicilərlə görüşüb. Bu, adi iş prosesidir. Yevda müəllimin özünün dediyi kimi, parlamentin binasının qarşısına gələn insanlar deputat Hadi Rəcəbli ilə deyil, Yevda Abramovla görüşmək istəyirsə, bu, müsbət haldır, çünki işini görür. Xəbər siyasəti isə tamam başqadır. Həqiqəti demək lazımdır ki, heç də bütün deputatların fəaliyyəti qənaətbəxş deyil. Amma bəzi deputatlar var ki, onlar həqiqətən də işinin öhdəsindən layiqincə gəlir. Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşovun dediklərini isə normal qəbul edirəm. Çünki o, parlamentlə jurnalistlər arasında əməkdaşlığın səviyyəsinin yüksəldilməsi üçün belə bir çıxış edib. Əflatun Amaşov əməkdaşlığın hansısa formada daha da inkişaf etdirilməsi ilə bağlı addım atarsa, biz ona dəstək verməyə hazırıq”.
Modern.az-ın parlament müxbiri Mirmahmud Kazımoğlu deputat Yevda Abramovun fikirləri ilə razılaşmadığını bildirib:
"Deputatlar tanıyıram ki, sadəcə Milli Məclisin iclaslarında iştirak etməkdən başqa heç nə bilmirlər. İclaslarda varlıqları ilə yoxluqları bilinmir. Belə olduğu təqdirdə axı jurnalist həmin deputatların fəaliyyətini necə görsün? Hətta dəfələrlə də şahidi olmuşuq ki, bəzi deputatlar komitə iclaslarında belə iştirak etmir. Hesab edirəm ki, jurnalistlər parlamentin iclaslarında fəal iştirak edən, ölkənin ictimai-siyasi həyatında aktivlik nümayiş etdirən deputatların fəaliyyətini yüksək səviyyədə işıqlandırırlar”.
Əflatun Amaşovun söylədiyi fikirlərə hörmətlə yanaşıram. Ola bilər ki, bununla bağlı müəyyən çatışmazlıqlar var.
Ancaq ümumilikdə götürdükdə isə hesab edirəm ki, parlament müxbirləri Milli Məclisin fəaliyyətini ölkə ictimaiyyətinə düzgün şəkildə çatdırırlar. Bu işlə bağlı bizə Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı da daim dəstək olur. Onun rəhbərliyi ilə PJB üzvləri Milli Məclisin işinin cəmiyyətə düzgün çatdırılması istiqamətində xeyli işlər görür. Hesab edirəm ki, Əflatun müəllimin söylədiyi fikirlər parlament müxbirlərinə dəstək üçündür. Ona dəyərli fikirlərinə görə minnətdarlığımı bildirirəm”.
Yeganə Bayramova