Jurnalistlərin istirahət hüququ tanınmalıdır

Müşfiq Ələsgərli: “Beynəlxalq praktikada var ki, redaksiyalar müəyyən bir müddət üçün kollektiv şəkildə istirahətə yollanırlar”



İstirahət etmək insan həyatında vacib amillərdən sayılır. Ağır iş rejimindən bir müddət də olsa yaxa qurtarmağın, stress atmağın ən yaxşı yolu dincəlməkdir. İstirahət insanın enerjisini bərpa edir və yaşama eşqini artırır. Artıq yayın ikinci ayını yaşayırıq. Bu vaxta qədər istirahət planı quranlar da olub, planlarını həyata keçirənlər də. Amma hələlik dincəlməyə macal tapmayanlar daha çoxdur. Çoxları istirahət etmək üçün yayın ən qızmar vaxtını - avqust ayına üstünlük verirlər. Təbii ki, hər kəsin arzusu ideal və az məsrəfli tətil keçirməkdir.

Psixoloqlar yaz və yay aylarının məzuniyyət üçün ən uyğun zaman olduğunu deyirlər. Qış boyu yığılmış yorğunluq yaz-yay aylarında psixoloji nasazlıqlara, yuxusuzluq və əsəbiliyə səbəb olur. Amerika alimləri isə ilin dörd fəslində məzuniyyətə çıxmağı məsləhət bilirlər. Əcnəbi alimlərə görə, insan məzuniyyətdən o zaman zövq alır ki, istirahət ilin hər fəslində bir həftə müddətində olsun. Həkimlər də hesab edirlər ki, insan orqanizminin tam istirahəti üçün 4 həftəlik məzuniyyət mütləqdir. Dünyada ən uzun məzuniyyət sahibləri fransızlar, almanlar, ispanlardır. Bu xalqlar 50 gündən az istirahət etmirlər. Ən qısa məzuniyyət günləri isə ABŞ-da, Yaponiyada və Cənubi Koreyadadır.

Onların istirahəti isə 10 gündür. Bütün peşələrdə olduğu kimi media sahəsində çalışan şəxslərin də il ərzində, xüsusən isti yay aylarında dincəlməsi olduqca vacibdir. Nəzərə alsaq ki, jurnalistlər həm fiziki, həm də zehni baxımdan daha gərgin iş rejiminə malikdirlər, o halda media nümayəndələrinin istirahəti daha zəruri hesab olunur. Amma media qurumlarının iş mexanizmi və mətbuatın digər problemləri jurnalistlərin normal istirahətinə mane olur. Jurnalistlər çox vaxt az müddətə və öz hesablarına məzuniyyətə çıxırlar ki, bu da müəyyən narazılıqlara səbəb olur. Əmək Məcəlləsinə görə, hər bir işçinin iş yerinin və vəzifəsinin saxlanılması şərtilə illik məzuniyyət hüququ var. Dövlət qurumlarında və bir sıra özəl strukturlarda qanunvericiliyin bu tələbinə əməl olunsa da, media sahəsində vəziyyət fərqlidir. Problemlərə baxmayaraq, redaksiyalar işçilərin istirahət hüququnu təmin etməyə çalışırlar. Ekspertlərə görə, mövcud problemi vahid sistemlə həll etmək o qədər də asan görünmür. Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, hamı kimi jurnalistlərin də istirahət hüququ Əmək Məcəlləsi ilə tənzimlənir. Belə ki, istirahət hüququ 3 qisimdə təsnif olunur: - gündəlik, həftəlik və illik: "Gündəlik istirahət hüququ o deməkdir ki, bir iş gününün sona çatması ilə digər iş gününün başlanması arasında ən azı12 saat vaxt keçməlidir.

Həftəlik iş saatı 8 saat olanlarda 40 saatdan artıq işlətmək qeyri-qanunidir. İllik istirahət məsələsində isə ildə bir dəfə ən azı işçinin 20 gün müddətində istirahət etməsi tövsiyə olunur. Ancaq media sahəsində bu cəhətdən ciddi problemlər mövcuddur. Belə ki, jurnalistlərin həm gündəlik, həm də illik istirahət hüquqlarının pozulması müşahidə olunur. Bilirsiz, jurnalist əməyi elədir ki, məsələni ciddi şəkildə proqnozlaşdırmaq olmur. Ola bilər ki, iş saatının bitməsinə yaxın hər hansı bir hadisə baş verir. Jurnalisti hadisə ilə bağlı araşdırma və ya reportaj hazırlamaq üçün hadisə yerinə ezam edirlər. Bu baxımdan jurnalistlərin gündəlik istirahət hüququ pozulur”. M.Ələsgərli hesab edir ki, jurnalist əməyində işəmuzd hesablanma olmalıdır: "Çox təəssüf ki, bizdə həm günəmuzd, həm də işəmuzd hesablanma aparılır. Əslində redaksiyaları qınamalı da deyil. Yəni işin qaynarlığından asılı olaraq redaksiyada iş dəyişə bilər. Ancaq bunun üçün xüsusi ştatlar olmalıdır ki, ekspromt vəziyyətlərdən çıxmaq olsun. Redaksiyalarda xüsusi müxbirlər olmalıdır ki, bu cür vəziyyətlərdə redaksiyanın yükünü daşıya bilsinlər. Ancaq bizdə bu məsələdə ciddi problemlər var. Beynəlxalq təcrübədə olduğu kimi, iş yerində əvəzetmə üsulu olmalıdır. Yəni bir sahədən bir neçə jurnalist yazmalıdır. O mənada ki, bir jurnalist istirahət edəndə onu əvəz edənlər olmalıdır”. Qurum sədrinin sözlərinə görə, redaksiyaların maddi imkanlarının jurnalistləri əvəz edənlərin işə götürülməsinə imkan verməməsi təəssüf doğurur. Elə illik məzuniyyət məsələsi də çox vaxt bu baxımdan pozulur: "Bir jurnalistin iş yerini bir aylıq tərk etməsi bəzən bir redaksiyanın fəaliyyətinin iflic olmasına gətirir. Bu baxımdan jurnalistləri illik istirahətə buraxmırlar”.

M.Ələsgərli jurnalistlərin əmək hüquqlarının pozulmasında onların çalışdığı redaksiyalarla əmək müqavilələrinin olmamasının əsas rol oynadığını bildirir. Belə ki, jurnalistlərin istirahət hüququ ilə bağlı məsələlər əmək müqavilələrində əks olunmalıdır: "Redaksiyalarda əmək müqavilələrinin tətbiq olunmasında ciddi problemlər var. Bizdə müqavilələr bağlanmır, ya da simvolik xarakter daşıyır. Çıxış yolu kimi beynəlxalq praktikada var ki, redaksiyalar müəyyən bir müddət üçün kollektiv şəkildə istirahətə yollanırlar. Əgər jurnalistlərin istirahətə bir-bir göndərilməsi imkanı yoxdursa, onda kollektiv məzuniyyət məsələsi olmalıdır ki, jurnalistlər də bu məzuniyyətdən faydalansınlar”.

Jurnalistlərin istirahət hüququnun daha çox özəl müəssisələrdə pozulmasına münasibət bildirən Ələsgərli deyib ki, əslində qanunvericilikdə özəl və dövlət müəssisəsi arasında hər hansı fərq yoxdur. Yəni Əmək Məcəlləsi birmənalı şəkildə bütün müəssisələrə tətbiq olunur: "Amma praktikada özəli çox vaxt özününkü və ya özbaşınalıq kimi başa düşürlər. Amma əslində bu, qaydasızlıqdır. Çünki qanun hər yerdə qanundur”. Ekspert hesab edir ki, problemdən çıxış yolu əmək müqavilələrinin bağlanmasından və redaksiyalarda həmkarlar təşkilatlarının yaranmasından keçir: "Bu elə məsələdir ki, buna daimi nəzarət olmalıdır. Nəzarət prinsipi pozulanda təbii ki, ortaya ciddi problemlər çıxır. Ona görə biz hesab edirik ki, redaksiyalarda həmkarlar təşkilatlarının yaranması vacib məsələdir. Bu yolda addım atmaq üçün həmkarlarımıza dəstək verməyə hazırıq. Həmçinin, KİV-in inkişafı sahəsində dövlət səviyyəsində atılan addımlar, KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması, büdcələrin artırılması, bundan sonra redaksiyalarda normal iş rejiminin qurulması üçün şəraitin yaranmasına təminat verir. Qanunvericiliyin tələbinə əsasən, redaksiyalar bu mühiti tətbiq etməlidirlər. Jurnalistlərin həm gündəlik, həm həftəlik, həm də illik istirahət hüquqları təmin olunmalıdır. Əlbəttə, kağız üzərində bütün qaydalar var. Amma onlara əməl olunması ilə bağlı ümidləri hansı gələcəyə bağlamaq haqqında proqnozlar isə təəssüf ki, yox...”

"Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev bildirib ki, artıq iyulun 1-dən işçilərindən 2 nəfər yay məzuniyyətinə çıxıb: "Onlar gəldikdən sonra digər iki işçimiz məzuniyyətə çıxacaq. Məzuniyyətin müddəti 21 gün olur. Bundan əlavə işçilərimiz ilboyu da 1-2 gün icazə alırlar. Bu, məzuniyyətə aid deyil. İşçilərin narazılığı yoxdur. Jurnalist üçün 21 gün istirahət yaxşıdır. Çalışırıq ki, yay aylarında məzuniyyət hüququndan istifadə edilsin”.

Asvison.az-ın baş redaktoru Vüsal Məmmədov da müxbirlərə məzuniyyət verildiyini deyib: "Jurnalist dünyanın ən demaqoq məxluqudur, onu istirahətə buraxmasan, aləmi dağıdar. Hər işçiyə iki həftəlik istirahət veririk, onu da çoxu iki yerə bölür, bir həftəni yayın əvvəlində gedirlər, bir həftəni də axırlarında”.

"Aznews.az” saytının baş redaktoru Elçin Zahiroğlu da bəyan edib ki, əməkdaşlar məzuniyyətə növbə ilə gedirlər: "Məzuniyyət əsasən 15 gün olur. Bunu işçilərimizlə birlikdə qərarlaşdırmışıq. Bizdə kollektiv o qədər də çox deyil ki, aylarla məzuniyyətə göndərək”.

"Axar.az” saytının baş redaktoru Anar Niftəliyev isə jurnalistlərin az istirahət etməsi fikri ilə razılaşmayıb: "Hesab etmirəm ki, jurnalistlər istirahət etmirlər. Sosial şəbəkələrdə istirahət yerlərindən ən çox foto paylaşanlar məhz həmkarlarımızdır. Sadəcə, işimiz, xüsusilə onlayn mediada çalışanların işi çox ağırdır. Bəzən redaktorlar 15-16 saat və ya daha çox işləməyə məcbur olur və ona görə də istirahətə ehtiyac duyur. Mən jurnalistlərin öz hesabına məzuniyyət problemini müşahidə etməmişəm. Ancaq işin gərginliyindən daha az müddət məzuniyyət olur. Bizdə redaksiyada 15 və ya 21 gün məzuniyyət nəzərdə tutulub. Bu rəqəm də təsadüfən seçilməyib, psixoloqların araşdırmalarına görə, iki həftədən artıq məzuniyyət sonradan işə adaptasiyada çətinlik yaradır, xüsusilə jurnalistlər üçün. Çünki həmin ərəfədə baş verən prosesləri sonradan izləmək zərurəti meydana gəlir. Məncə, iki həftəlik istirahət normaldır. Ancaq yay aylarında məxsusən gənclərə məzuniyyətdən əlavə həftə sonu dincəlmək üçün bir neçə dəfə bir-iki günlük icazə də verməyə çalışırıq. Yaxşı dincəlməyən, sonradan yaxşı işləyə də bilmir. O ki qaldı özümə, mən heç vaxt məzuniyyətə çıxmamışam və son 3 ildə hər gün bəzən 16-17 saat çalışıram. Hətta şənbə-bazar günləri də işləyirəm. Ancaq hiss edirəm ki, yaş o yaş deyil, orqanizm bəzən beynin əmrlərinə üsyan edir. Ona görə çalışacam, 10 günlük istirahət edim. İstirahət həm də xarakterdən asılıdır. Doğrusu, hardasa istirahətdə olanda belə tamamilə işdən ayrılacağımı təsəvvür etmirəm”.

"Report.az” saytının baş redaktoru Murad Alıyev deyib ki, istənilən sahədə çalışan şəxsə ildə bir dəfə uzunmüddətli istirahət etmək lazımdır: "Belə olmayan təqdirdə il ərzində insanda yorğunluq hissi qalır. Mətbuat sahəsində işləyənlərin isə xüsusilə istirahətə ehtiyac var. Çünki bizim gördüyümüz iş zehni gərginliklə başa gəlir. Nəzərə alsaq ki, media işçilərinin fəaliyyəti bilavasitə xəbər mənbələrinin fəaliyyətinə bağlıdır və istər siyasi, istər iqtisadiyyat sahələrində fəaliyyət göstərən strukturlar yayda uzunmüddətli məzuniyyətə çıxır, jurnalistlərin də bu ərəfədə məzuniyyət götürməsi daha uyğundur. Biz də "Report” agentliyində məzuniyyəti əmək qanunvericiliyinə uyğun, ödənilən əsasda təqdim edirik. Düzdür, hər hansı sahəyə baxan əməkdaşın 20-25 gün işdə olmaması çətinlik yarada bilər. Lakin 3 ay yay ayı ərzində məzuniyyət qrafiki elə bölünür ki, yaxın sahələr üzrə yazan jurnalistlər biri-birini əvəz edə bilir”.

İsmayıl

(davamı var)

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb