"Jurnalistlərin sosial və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb" - Akif Aşırlı





"Ümumiyyətlə, cəmiyyətin inkişafında Azərbaycan dövləti və onun həyata keçirdiyi siyasətin müstəsna əhəmiyyəti var. Cəmiyyətin bütün təbəqələrinin dövlətin yaratdığı münbit şəraitdən, iqtisadi imkanlardan, sosial qayğılardan tam təmin olunma imkanları var. Biz bunu ölkəmizdə həyata keçirilən sosial siyasətdə görürük”. 

Bu fikirləri SİA-ya açıqlamasında"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

Prezident İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncamının dövlətin məqsədyönlü və səmərəli sosial siyasətin daha bir təzahürü olduğunu deyən baş redaktor söyləyib ki, bütün bunlar bir daha göstərir ki, əhalinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir: 

"Əhalinin aztəminatlı hissəsi dövlətin sosial siyasətində həmişə diqqət mərkəzində olub. Hələ 2003-cü il fevralında yoxsulluğun azaldılması haqqında ilk dövlət proqramı təsdiqlənib, 2008-ci ildə növbəti belə proqram qəbul edilib”.

Onun sözlərinə görə, ölkəmizdə təkcə aztəminatlı ailələr deyil, eləcə də cəmiyyətin digər təbəqələri də qayğı ilə əhatə olunub:

 "Cəmiyyətin ən ayrılmaz tərkib hissəsi, eyni zamanda intellektual kəsimi olan mətbuata da dövlətin qayğısı hiss olunmaqdadır. 

Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatına jurnalistikasına daim qayğı göstərilib. Zaman –zaman Azərbaycan nəşriyyatına olan borclar silinib, ölkəyə kağız gətirilməsində çətinliklər yaranan zaman məhz Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində bu problemlər aradan qaldırılıb.

Bu siyasətin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini deyən A. Aşırlı vurğulayıb ki, son 15 ildə cəmiyyətdə ən çox diqqət göstərilən təbəqələrdən birinin jurnalistlər olduğunu söyləmək olar: 

" Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, mənzil tələbatının ödənilməsi istiqamətində çox ciddi addımlar atılıb. 400-ə yaxın jurnalist evlə təmin olunub. Eyni zamanda ayrı-ayrı jurnalistlər bu sahənin inkişafında xidmətlərə görə, müxtəlif orden, medal, dövlət səviyyəsində təltiflərlə mükafatlandırılıblar ”.