“Kaş mən ölərdim, o sağ qalaydı”

Tacir Şahmalıoğlu: “Qardaşımın mənə qalan iki yadigarını göz bəbəyim kimi qoruyacam”Dəfn mərasimindəki fəryadlar ürək dağlayırdı
Bəzən insanlar dənizi özlərinin nostalji hisslərinə yaxın məkan, bəzən romantikanın başladığı nöqtə, bəziləri də istirahətin ən rahat yeri sayırlar. Amma bəzən çoxlarımızın dənizə bu qədər bağlı olmasına baxmayaraq, romantik, məsum görünən dəniz də sərt üzünü göstərir. Nə yazıq ki, bəzən yarımçıq qalan talelərin kitabına çevrilir dəniz. Kimini amansızca udur, kimini boğur.
Elə bu günlərdə tanınmış müğənni Tacir Şahmalıoğlunun da qardaşını beləcə amansızca udub götürdü dəniz.
Həm də arxasında iki körpə balasına rəhm etmədən. Amansız oldu. Yarımçıq qoydu ömrünü.
Tanınmış müğənni Tacir Şahmalıoğlunun dənizdə batan qardaşının cəsədi tapılıb. 36 yaşlı Mahir Allahverdiyevin cəsədi 3 gün axtarışlardan sonra tapılıb.
Xatırladaq ki, Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36 yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilir.
Ötən gün Mahir Allahverdiyevin cənazəsi evindən son mənzilə yola salındı. Dəfn mərasimində müğənninin sənət dostları da iştirak edirdilər.
Tacir Şahmalıoğlu qardaşının ölümü ilə hələ də barışa bilmədiyini dilə gətirdi: "Hələ də elə bilirəm ki, yuxudu. Allah heç kimə belə dərd göstərməsin. İnanın, 3 gün yaşadığımız o həyəcan bizi də öldürdü. Qardaş dərdi bel bükürmüş, deyirdilər. Mənim belim büküldü. İki balası qaldı. Düzdü, uşaqlar da böyüyəcək. Amma qardaşım çox cavan getdi. Öləsi oğul deyildi.
Mən qardaşımın balalarını kimsəyə möhtac etmərəm. Nə qədər canım var, onlara baxacam. Amma ata sevgisi başqadır. Mən onlar üçün dünyanı da ayaqlarının altına sərsəm, bu yenə də onların atasının etdiklərini əvəz edə bilməz. Qardaşım sağ da olanda mənim əlim onların üstündə idi. Amma nə qədər onlara dəstək olsam da, ata başqadır. Qardaşımın mənə qalan iki yadigarını göz bəbəyim kimi qoruyacam. Amma qardaşım kaş sağ olaydı. Mən ölərdim, o sağ qalaydı kaş. Allah heç kimə qardaş dağı çəkməsin”.
Tacir Şahmalıoğlunun qardaşının dəfn mərasimində yaşananlar ürək dağlayırdı.
Tacir Şahmalıoğlunun körpə uşaq kimi ağlamağı, bacıların fəryadı dəhşətli idi.
Qardaş fəryadı, bala naləsi daş qəlbli insanı dilə gətirib ağladırdı. Ancaq ən dəhşətlisi mərhumun 25 yaşında dul qalan həyat yoldaşının bəzən acısını layla çəkərək dilə gətirməsi idi. Bəzən də sadəcə susaraq min bir sualla yaxınlarına dikilən sual dolu baxışları idi. Necə də sussun bu gəlin? 25 yaşında iki körpə balasıyla sahibsiz qaldı. Hamı təsəlli verirdi, "səbr et, Allah köməyin olsun”, desə də gənc gəlinin baxışlarında olan qorxu daha çox narahatlıq yaradırdı. Həyata tək atılacağından qorxurdu. Amansız həyatın qoynuna atılırdı bu dəfn mərasimində. Ömür yoldaşını 25 yaşında son mənzilə yola salırdı. Nə deyəcək ona sarılan kiçik balalarına? Onları necə təsəlli edəcək? Atalarının dənizdə boğulduğunu, bir daha heç vaxt ata nəvazişini görməyəcəklərini necə deyəcək deyə qorxurdu bu gəlin. Bəzən el qınağından ehtiyat edib acısını belə doyunca yaşamağa ehtiyat edirdi. "Cığırmaq lazımdımı? Susummu?” deyə tərəddüdlə qəhərini içində boğurdu. Tacirin qardaşı qızı 4-5 yaşına baxmayaraq başa düşmüşdü ki, atası rəhmətə gedib. Ana, atam mənə şirə almağa gedəndə maşın onu vurub, atam öldü? Deyə sual verib dururdu.
Müğənni Tacir Şahmalıoğlu da qardaşının ölümündən sonra həqiqətən dağılmışdı. Ruhən bükülmüşdü. Əzilmişdi. Qardaş dağı bel bükürmüş deyərdilər. Yəqin ki, elə bu imiş.
Hamıya təsəlli verməyə çalışırdı. Amma ona təsəlli verən var idimi? Əslində müğənninin sənət dostları, yaxınları ona dəstək olub səbrli olmasını tövsiyə etsələr də, o bu dərdi çəkməyə hazır deyildi.
Dəfn mərasimində olarkən onu da öyrəndik ki, dənizdən çıxan cəsədi tanımaq çox çətin olub. 3 gün suda qalan cəsəd demək olar ki, tanınmaz halda olub. Onu yalnız göz qapaqlarından və əllərindən tanıya biliblər. Allah mərhumun ailəsinə, müğənni Tacir Şahmalıoğluya səbr versin. Allah rəhmət eləsin!
Tahirə