“Kasıbçılığa görə intihar etmək, Ermənistana keçmək kimi bir şeydir”
Fazil Mustafa: “Belə çıxır ki, maddi durumu ağır olan xalq müstəqillikdən imtina etməlidir?”
Böyük Quruluş Partiyasını (BQP) sədri, millət vəkili Fazil Mustafa "Şərq”in suallarını cavablandırıb. Onunla manatın devalvasiyalarından sonra ölkədə yaranmış iqtisadi böhran, böhranın gətirdiyi fəsadlar, dollarla kredit götürən sakinlərin taleyi, sahibkarlığın inkişafına göstərilməli olan dəstəklə bağlı söhbət apardıq. Deputat bildirdi ki, ölkədə böhranın aradan qaldırılmasına dair görülən tədbirlər hiss olunmalıdır.
Psixoloji maneə aşılmalıdır: "Ən azı hökumətin gündəlik iclasları və toplantıları baş tutmalıdır. Qəbul olunan qərarlar barədə məlumat verilməlidir. Milli Məclisdəki çıxışlarımızda da qeyd etmişik ki, müəyyən önləyici addımların atılmaması, əhalidə psixoloji gərginlik yaradır. Yoxsa iqtisadi böhran dünyanın hər yerində yaşanır. Bu yalnız bizdə deyil. Amma böhrandan çıxış üçün vətəndaşın vəziyyətini yüngülləşdirən addımlar atılmalıdır. İnsanlarda gələcəyə inam, ümid yaranması üçün bank və iqtisadi sistemin yenidən dirçəlişinə hazırlıq başlanmalıdır. Lakin bunlar çox da müşahidə olunmur. Təbii ki, Prezidentin son fərmanları yumşaldıcı addımlara xidmət göstərir. Bütövlükdə isə bu istiqamətdə görülən işlər çox diqqət çəkmir. Ona görə də, vətəndaşların xeyrinə addımlar atılsa, lap yaxşı olar.
- Dollarla götürülən kredit problemləri yenə də nəticəsiz qaldı. Bütün risklər və ya yüklər sakinlərin üzərinə buraxıldı. Bu, doğru yanaşmadırmı?
- Hər halda vətəndaşın vəziyyətini yüngülləşdirən tədbirlər görülməli idi. Bunlar qeyri-müəyyənliyin saxlanması nəticəsində baş verdi. Və həmin məchulluq bəzi banklara ziyan vurdu. Bəzilərinin isə lisenziyası ləğv edildi. Burada bir müəyyənlik lazım idi. Təəssüf ki, ortada o müəyyənlik olmadı. Bütün problemlərin də kökü burdan qaynaqlanır. Hesab edirəm ki, bankların vətəndaşa güzəştli formada yanaşması, daha yerində olardı. Bu yükün bir qismini dövlət, bir qismini banklar, bir qismini də vətəndaş üzərinə götürməli idi. Vətəndaşlar devalvasiyaya heç bir
cəhətdən hazırlıqlı deyildi. İnsanlar informasiya blokadasında oldu. Hansısa məlumat alma imkanı olmadı. Devalvasiya insanları qəfildən yaxaladı. Ona görə də, bunları önləyən siyasətin həyata keçirilməsi lazım idi. Belə bir siyasət olmayıbsa, heç olmasa, bu gün vətəndaşı düşdüyü ağır durumdan çıxarmaq üçün mütləq tədbirlər görülməlidir”.
- Böhranlı vəziyyətin yaranması ölkədə sahibkarlığın aşağı səviyyədə olduğunu üzə çıxardı. Sizcə, sahibkarlığın inkişafı üçün nə kimi işlər görülməlidi?
- Sahibkarlığın inkişafı qanunvericiliyin işləməsi ilə bağlıdır. Ölkədə Əmək Məcəlləsi işləmir. Ayrı-ayrı imtiyazlı inhisarçılar mövcuddur. Onların qarşısını almaq üçün tədbirlər görülmür. Anti-inhisar siyasət demək olar ki, sıfır səviyyədədirsə, yenilik yoxdursa, sahibkarlıq inkşaf edə bilməz. Ortada sahibkarlığı stimullaşdıran amillər olmalıdı. Ayrı-ayrı deyil, kompleks tədbirlər görülməlidir ki, müəyyən dərəcədə özəl sektor ayağa qalxsın. Özəl sektorun ayağa qalxması üçün təkcə Gömrük komitəsi deyil, Vergilər nazirliyi də səy göstərməlidir. Bunların hamısı kompleks tədbirlər kimi düşünülməlidir. Sahibkarlara münasibətdə ayrı-ayrı yanaşmalar mövcuddur. Tutaq ki, sahibkara gömrük orqanları qapı açırsa, vergi "mənə nə dəxli, vergimi ver” deyir. Yəni vergi düşünmür ki, sahibkarın mənfəəti var, ya yoxdu. Sahibkarın qazancına baxmır. Bu da ona ciddi ziyan vurur. Amma Avropada sahibkara müəyyən bir dövr üçün çalışma fürsəti verirlər. İmkan yaradırlar. Bunlar hamısı səbəbsiz deyil. O baxımdan düşünürəm ki, sahibkarlığın inkişafına dair kompleks tədbirlər olmasa, boşuna ümid bəsləyirik.
- Martın 2-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Toplantıda "Lisenziyalar və icazələr haqqında” qanun layihəsi ətrafında müzakirələr aparılıb. Bəzi parlamentarilər bildiriblər ki, bu layihədə sahibkarlığın inkişafını əngəlləyəcək kifayət qədər müddəalar yer alıb. Məlum layihənin bir əməmiyyəti olacaqmı?
- İnhisarçılıq ortadan qaldırılmasa, sahibkara lisenziya, icazə nə istəyirsən ver, mümkün olmayacaq. Bu sahə monopoliyadadırsa, o bazara girmək mümkün olmayacaq. Məhsulun satışı və qiymətlərinin müəyyən olunması monopolistdən asılı olacaq. Belə məsələlərin üzərində düşünməliyik.
-Sosial şəraitin ağırlığını əsas gətirərək ağ bayraq qaldırıb, Ermənistana keçmək istəyən soydaşlarımızın "addımı”nı necə qiymətləndirirsiniz?
- Bu, çox çirkin addımdır. Ümumiyyətlə, heç bir əsaslandırması olmayan işdir. Belə çıxır ki, maddi durumu ağır olan xalq müstəqillikdən imtina etməlidir. Açığı bu, izahı olmayan işdir. Amma bu insanların üzləşdiyi ədalətsizliyi də göz ardı etmək olmaz. Onu da araşdırmaq lazımdır. İnsanlar öz vətənlərində normal adam kimi yaşamaq istəyirlər. İnsanların normal yaşamasına imkan verməyən məmur zümrəsi varsa, ən azı onları bu hərəkətə təhrik edənlərin cəzalandırılması qaçılmazdı.
- Ölkədəki iqtisadi böhran, insanların yoxsullaşması intihar hallarının artmasına səbəb oldu. İntihar etmək problemdən çıxış yoludurmu?
- Bu da elə Ermənistan tərəfinə keçmək kimi bir şeydir. Maddi vəziyyətin çətinliyinə görə, intihar etmək doğru iş deyil. Baxın, on minlərlə insan var ki, illərdir müharibə şəraitində yaşayırlar, lakin intihar haqda heç nə düşünmür. Gələcəyə ümid bəsləyirlər. Nəyinsə dəyişməsinə çalışırlar. İntihar etməyin başqa izahı yoxdur. İnsan ağlını işlədib, vəziyyətdən çıxmağı bacarmalıdır. Cəmiyyətdə aydın fikirli, problemləri doğru təhlil edən insanların sayı çox olsaydı, bu qədər intihar halları yaşanmazdı. İntiharların da arxasında cəhalət durur. Bu, iman və mahiyyəti yanlış dərketmə ilə əlaqədardır. Yaxşı bir şey olsaydı, Allah onu insan üçün caiz bilib, qəbul edərdi. Bu, insan üçün böyük günah sayılır. Allahın günah saydığı bir şeyi bəndəyə necə izah edəsən ki, bu günaha girmə. Allahı tanımayan adam istənilən günahın altına girməyə hazır olur. Bu baxımdan, təbliğatın nəyisə dəyişəcəyi ümidverici görünmür.
Ayyət Əhməd