Keçid məntəqəsində sahibkarı hiddətləndirdilər: "Toxumluq sarımsağı çaya tökdü" - Video





"Sərhəd keçid məntəqələrindəki gömrük sistemi millətin, dövlətin simasını nümayiş etdirən ilk qapıdır”.

Bu sözləri "Sherg.az”a azərbaycanlı sahibkarların Gürcüstanla Azərbaycan arasındakı sərhəd-keçid məntəqələrində qarşılaşdığı problemlər haqqında danışarkən "Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli söyləyib.

O vurğulayıb ki, bu "qapı” rüsvay mənbəyidir:

"Xüsusilə, "Qırmızı körpü" sərhəd-keçid məntəqəsində insanlara problem yaradılır. Sərhədin Gürcüstan hissəsində nümunəvi addım atılır, operativ keçid verilir, insanları incitmirlər. Azərbaycan tərəfində bunun əksi yaşanır.

Gömrük sadəcə zənginləşmə, rüşvət mənbəyidir. Orta təbəqə, kasıb insanlar xarici ölkədən toxumluq sarımsağı gətirib, becərəcək, yaxud 5 manat üzərinə qoyub satacaq. Buna görə, gömrük rüsumu sadələşdirilsə, nə olar?

Zaman-zaman təklif etmişik ki, Borçalıdan olan şəxslərə güzəştlər tətbiq edilsin, onlar öz yurdlarını tərk etməsinlər. Azərbaycan bazarından istifadə edib, ailəsini dolandırsınlar, rifah halı yaxşılaşsın. Ölkənin iş adamı sərhəddən malları rahat keçirməlidir ki, dövriyyə daha çox olsun, pul qazansın, dövlətin büdcəsinə də pul getsin.

Gömrük-keçid məntəqələri Azərbaycan insanının rifahını yaxşılaşdırmağa yox, cibini boşaltmağa yönəlib. Sosial şəbəkələrdə yayılan videolardan da görünür, insanları hansı həddə çatdırıblarsa, pul verib aldığı toxumu əsəbindən çaya atır. Bunu edənlər allahsız insanlardır. Bu halların düzəldilməsi üçün yanaşma dəyişdirilməlidir. Sərhəddəki vəziyyəti yüksək dairələrin hamısı bilir, amma addım atmırlar”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videolarda insanların gömrük keçid məntəqələrində qarşılaşdığı problem əks olunub. Belə ki, Gürcüstan ərazisindən 650 kilo həcmində becərmək üçün toxumluq mal gətirən kəndlilər gömrükdən icazə verilmədiyinə görə, toxumu çaya atıb.



Aysel Aslan