“Böhranın yaranmasının əsas səbəbi korrupsiya halları və inhisarçılardır. İndi hamı bundan danışır. Hətta rüşvət alan monopolistlər belə hamıdan bərk danışmağa başlayıblar”
Keçmiş Baş nazir də çıxış yolu göstərir
Pənah Hüseyn: “Əsas təklifim odur ki, Azərbaycanda fundamental olaraq siyasi güclə iqtisadi güc biri-birindən ayrılsın”
“Böhranın yaranmasının əsas səbəbi korrupsiya halları və inhisarçılardır. İndi hamı bundan danışır. Hətta rüşvət alan monopolistlər belə hamıdan bərk danışmağa başlayıblar”
“Böhranın yaranmasının əsas səbəbi korrupsiya halları və inhisarçılardır. İndi hamı bundan danışır. Hətta rüşvət alan monopolistlər belə hamıdan bərk danışmağa başlayıblar”
Ölkədəki iqtisadi problemlərlə və aparılan islahatlarla bağlı "Şərq”in budəfki müsahibi keçmiş Baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyndir. Suallarımızı cavablandıran AXP sədri deyib ki, qısa müddət ərzində mövcud şəraitdən çıxmaq inandırıcı görünmür.
- Pənah bəy, yaranmış vəziyyətdən necə çıxmaq olar? Durumla bağlı hansısa təklifləriniz varmı?
- İqtidar və müxalifət nümayəndələri, iqtisadçılar və siyasətçilər tərəfindən müxtəlif təkliflər irəli sürülür. Ümumi islahatları konkret bir-iki cümlə ilə ifadə etmək çətindir. Ancaq hazırda böhran elə bir səviyyəyə gəlib çatıb ki, bundan qısa müddətdə çıxmaq mümkün deyil. Buna baxmayaraq, kompleks şəkildə siyasi, sosial və iqtisadi tədbirlər, əlverişli islahatlar keçirməklə nəticə əldə etmək olar. Çalışmaq lazımdır ki, üzləşdiyimiz durumdan mümkün qədər az zərərlə çıxaq. Böhranın yaranmasının əsas səbəbi korrupsiya halları və inhisarçılardır. İndi hamı bundan danışır. Hətta rüşvət alan monopolistlər belə hamıdan bərk danışmağa başlayıblar. Fikrimcə, mövcud problemləri aradan qaldırmaq üçün siyasi mexanizmlər yaradılmalıdır. Siyasi islahatların həyata keçirilməsi vacibdir. Hesab edirəm ki, böhran dövründə hökumətin digər qolları cəmiyyətin etimad etdiyi şəxslər tərəfindən yenidən formalaşdırılmalıdır. Yalnız o halda böhrandan çıxa bilərik. Əsas təklifim isə odur ki, Azərbaycanda fundamental olaraq siyasi güclə iqtisadi güc biri-birindən ayrılsın. Çünki məmur-oliqarxiya sistemi çərçivəsində indiki durumdan qurtulmaq olduqca müşkül məsələdir.
- Konkret təkliflərdən biri büdcəyə yenidən baxılması və neftin qiymətinin 20 dollar civarında müəyyən edilməsidir. Bununla bağlı görüşləriniz nədir?
- Əslində bu cür təkliflər təbiidir. Ancaq məsələ orasındadır ki, büdcəyə yenidən baxılması, hətta neftin qiymətinin 10 dollardan götürülməsi belə üzləşdiyimiz böhranlı vəziyyətdən çıxmağa kömək etməyəcək. Çünki bunlar texniki məsələlərdir və bu cür addımlarla sadəcə büdcə xərclərini tənzimləmək olar.
- Ölkədə yaranmış böhranlı vəziyyətə görə, oliqarx-məmurların məsuliyyət daşıdığı şübhəsizdir. Ancaq təəssüflər olsun ki, onlar nə xəbərdarlığa, nə də cəmiyyətin haqlı tənqidinə məhəl qoyurlar. Sizcə, məmurlarla necə davranmaq lazımdır?
- Məmurların səlahiyyətləri artdıqca, onlar hədlərini aşır və qadağalar qoymağa başlayırlar. Elan olundu ki, gömrük orqanında "inqilab” olub. Artıq ölkəyə malların gətirilməsində problem yoxdur və rüsumlar aşağı salınıb. Əslində bu islahat ölkədə mal bolluğu yaratmalı idi, amma biz hələ də əksini müşahidə edirik. İstər sahibkarların, istərsə də istehsalçıların son günlər mətbuata verdiyi açıqlamalardan aydın olur ki, gömrükdəki problemlər qalmaqdadır. Əlbəttə, ola bilsin, bunun bir hissəsi sabotajdır. Amma digər hissəsi monopolistlər və korrupsionerlərdir. Təbii ki, söhbət qeyri-qanuni, yəni ticari etikadan uzaq olan monopoliyadan gedir. İndiki halda kök salmış inhisarçılara qarşı mübarizə aparmaq qeyri-mümkündür. Onların hamısını birdəfəlik kənarlaşdırmaq lazımdır.
- Bölgələrdə kənd insanlarının tənbəllik ucbatından əkin-biçinlə məşğul olmadığı iddia edilir. Sizcə, həqiqətən belədirmi?
- Vallah, bunu iddia etmək ayıbdır. O cür düşünənlər, kənd insanlarını tənbəllikdə ittiham edənlər çox əclaf adamlardır. Çünki kənd yerlərində məskunlaşan insanlar bir tikə çörək qazanmaq üçün gecə-gündüz çalışırlar, torpaqla əlləşirlər.
- Dövlət və xalq üçün hansı amil daha önəmlidir, - siyasi sabitlik, yoxsa iqtisadi rifah?
- Bilirsiz, hər iqtisadi və sosial böhranın arxasınca siyasi sarsıntıların olması labüddür. Amma bunu aradan qaldırmaq üçün axırıncıdan, yəni siyasətdən başlamaq lazımdır. Bütün dünyada qanunauyğunluq belədir. İqtisadi problemlərin həlli siyasi islahatlardan başlayır. Xüsusən bizim kimi cəmiyyətlərdə bu, daha vacibdir. Neftin qiymətinin düşməsi və qalxması ikinci dərəcəli məsələlərdir. Mənim qənaətimcə, neftin qiyməti bu qədər düşməsəydi belə, Azərbaycanda yenə də böhran olacaqdı. Bu baxımdan təkliflər verərkən Azərbaycandakı böhranla Avropadakı, ABŞ-dakı iqtisadi çətinlikləri fərqləndirmək lazımdır.
- Sizcə, nə qədər müddətə indiki vəziyyətdən çıxmaq olar?
- İqtisadiyyat dəqiq elmdir. Ona görə də iqtisadi proseslər mülahizələrlə, proqnozlarla həyata keçmir. Ancaq hər halda böhranın bir neçə il çəkəcəyini düşünürəm. Ən azından müşahidə edilən hadisələrə görə bunu demək mümkündür.
İsmayıl