“Keçmiş döyüşçülər təmas xəttinə gələrək döyüşə atılmaq istəyirlər”

Deputat aprel ayının 2-dən cəbhəyanı bölgələrdə olduğunu deyib



"Əhali çox yüksək əhval-ruhiyyədədir. Cəbhə boyu gəzərkən bunu aydın şəkildə müşahidə etdik”. Bu sözləri təmas xəttində yaşanan olaylarla bağlı "sherg.az”a danışan Qarabağlı millət vəkili Elman Məmmədov deyib. Deputat aprel ayının 2-dən cəbhəyanı bölgələrdə olduğunu deyib: "Goranboy rayonundan, Ağcakənd qəsəbəsinə, Xocavəndə qədər bütün ərazilərdə olmuşam. Dağlıq Qarabağın Azərbaycanlı icması ilə bərabər cəbhə xəttini, döyüş gedən əraziləri gəzmişik. Bakıya bugün səhər saatlarında qayıtmışıq. Qeyri-obyektiv, heç bir həqiqətə əsaslanmayan informasiyalar yayılır ki, guya cəbhə bölgəsində dinc əhali evlərini qoyub qaçır. Bu cür məlumatlar tamamilə əsassız, ağlagəlməz və yalandır. Cəbhə rayonlarının əhalisi çox yüksək əhval-ruhiyyədədir. Yerli camaat və keçmiş döyüşçülər təmas xəttinə gələrək döyüşə atılmaq istəyirlər. Artıq xalqımız Azərbaycan Ordusunun gücünü görür. Erməni təxribatına qarşı ordumuzun öldürücü, sarsıdıcı zərbələri insanlarda böyük ruh yüksəkliyi yaradıb. Biz mühüm strateji əhəmiyyət daşıyan atəş nöqtələrini darmadağın etdik, ələ keçirdik. İndi ordumuz həmin mövqelərdə möhkəmlənib”. E.Məmmədov xüsusilə vurğulayıb ki, Azərbaycan əsgəri ermənilərin yaşayış məntəqələrinə və dinc əhaliyə qarşı atəş açmır. Sadəcə düşmənin silahlı güclərini susdurmaq üçün hərbi əməliyyatlar keçirir: "Erməni tərəfi isə Azərbaycanın dinc əhali yaşayan məntəqələrini ağır silahlardan atəşə tutur. Doğrudur, atəş zamanı bəzi evlərimiz, məktəblərimiz, müəyyən obyektlərimiz dağılır, ziyan görür, mülki insanlar yaralınır. Müəyyən saatlarda elektrik enerjisinin verilməsində problemlər yaşanır. Amma müharibə vəziyyətində bunları təbii qarşılamaq lazımdır. Torpaq uğrunda mübarizədə hər bir əzab-əziyyətə, itkiyə qatlaşmalıyıq. Əsas odur ki, baş verənlərə görə əhali qorxu və təşviş içində deyil. Heç kim evini tərk etməyib. Xalqımız mübarizdir, qələbə əzmindədir. Əgər biz bir itki veririksə, ermənilər bizdən 15 dəfə çox itirirlər. Bunu düşmən mətbuatı özü də etiraf edir. Təbii ki, bunlar əhalidə yüksək ruh yaradır. Biz hökmən qələbə çalacağıq, ərazilərimizi işğaldan azad edəcəyik”.

İsmayıl