
Kemerona gülməyin, cənablar..!
Bizimkilər vəzifədən gedəndə həyatları qaralırBunun yaxın qohum-əqrəbası, dostu- tanışı, əlaltısı, köməkçisi, “şoferi-zadı” yoxdu bəyəm, özü “veş”ini özü daşıyır?! Yoxdu, atam, yoxdu! Ora Avropadır...

Böyük Britaniyanın sabiq baş naziri Devid Kemeronun istefadan sonra əşyalarını özü daşımasını əks etdirən fotolar sosial şəbəkələrdə çox izlənilir. Fotoya xeyli maraqlı rəylər də yazılır. Kemeronun sadə geyimi, böyük yeşiyi qucağında avtomobilə daşıması, təbii ki, Azərbaycan insanına təəccüblü gəlir; belə də baş nazir olar? Lap tutalım sabiq baş nazirdir. "Evləri köndələn yar”da Mərcanın anası qızına ağıl verəndə nə deyir - "heç bilirsən sən kimin qızısan?! Şakir Şəkəroviç Şirinovun!.. Kimdi Ş.Ş.Şirinov? Nazir müavini!..” Mərcan istehza edir: keçmiş nazirin keçmiş müavini! Ana isə yenə yüksəklərdə "uçur” - "keçmiş olanda nə olar. Nazir elə həmişə nazirdi!” İndi bizimkilərə Kemeronun nazirliyini də, sabiqliyini də necə izah edəsən? Bizim camaata "çöçün” gəlir; necə yəni, baş nazir də, olsun lap sabiq, yeşik daşıyar?! Bunun yaxın qohum-əqrəbası, dostu-tanışı, əlaltısı, köməkçisi, "şoferi-zadı” yoxdu bəyəm, özü "veş”ini özü daşıyır?! Yoxdu, atam, yoxdu! Ora Avropadır.
Kemerondan əvvəl əşyalarını özü komplektləşdirən bir Saakaşvili nümunəsi də var, gərək ki. Gürcüstan prezidenti də postundan imtina etdikdə özəl əşyalarını özü toplamışdı. Azərbaycanda isə "JEK” müdirinin də qovluq gəzdirəni var. Müdirdən qabaq işə gəlib vəziyyəti öyrənib "doklad” edir. Kim gəldi, kim getdi, kim nə istəyir, kimi qəbul etmək olar, kimi olmaz... Daha belə vəziyyətdə nazirdən, komitə sədrindən, fond müdirindən, hələ-hələ icra başçısından (!) nə danışasan. Allahın "qəbuluna” düşmək, məmurun qəbuluna düşməkdən min kərə asandı. Qəbul da, məmurların vəzifələrini necə icra etmələri də bir yana qalsın, əhali bir təhər dözür. İş burasındadı ki, vəzifədən kənarlaşanlar və ya çıxarılanlar özləri buna tab gətirə bilmir. Bəzi vəzifə sahibləri üçün kürsünü itirmək əsl cəhənnəm əzabına çevrilir. Bədbəxtlər vəd olunmuş cəhənnəmi elə bu dünyadaykən yaşayırlar. Eləsi var evindən, ailəsindən, qohum-əqrəbadan soyuyur, eləsi var, xəstələnib yatağa düşür. El-oba da gözünə görünmür. Adam arasına da çıxmırlar. İtirilmiş vəzifə ilə sanki bütün həyatları puç olur. Amma bəzi kənara çıxmalar da var. Məsələn, sabiq təhsil naziri Misir Mərdanov vəzifəsi ilə vidalaşdıqdan sonra özünü daha rahat hiss etdiyini deyirdi. Hətta sabiq nazir teatra da getmişdi, tamaşaçı qismində. Nə xoş halına. Yəqin, ona görədir ki, Misir müəllim elm adamıdır. Nazir deyilsə də, öz ixtisası üzrə çalışmaq kimi bir üstünlüyü var. Bu, hələ ki, bizim ölkədə son illərin yeganə nümunəsidir. M.Mərdanovdan savayı vəzifə itkisini sakit qarşılayan bir məmur yada düşmür. Dünyada isə tam fərqli mənzərədir. Nəinki hansısa məmur vəzifəsindən, hətta nazirlikdən, prezidentlik kürsüsündən ayrılanlar da həyatlarını dəyişir, ictimai işlərlə məşğul olur, qeyri-hökumət təşkilatlarında çalışır, aktiv ictimai fəaliyyət göstərirlər. Bizimkilərsə "kreslo itkisi”ni elə ağrılı qarşılayırlar ki, əksəriyyəti vəzifədən kənarlaşan kimi müalicəyə yollanmalı olur.
Bizimkilər vəzifədən kənarlaşmalarını niyə bu qədər ağrılı qarşılayır, həyatları qaralır?
Sosioloq Əhməd Qəşəmoğlu bu mənfi tendensiyanı mentalitet, adət-ənənə, şərqli təfəkkürü və s. amillərlə bağlamağın yolverilməz olduğunu deyir:
- Əgər biz bu zərərli tendensiyanı mentalitet, adət-ənənəylə bağlasaq, özümüzü aldatmış olarıq. Bəzən bir sıra məsələləri mental dəyərlərin üzərinə yükləmək kimi səhv bir yanaşma sərgilənir. Əslində isə hər bir vəziyyətin konkret səbəbləri var. O adam vəzifədən ikiəlli yapışır ki, vəzifəsini itirəcəyi təqdirdə hər şeyini itirəcəyini bilir. Amma o adam ki, vəzifədən çıxarılacağı təqdirdə başqa bir işlə məşğul olacağını bilir, həmin adam vəzifə itkisini çox sakit, adi qarşılayır. Mən bunu şəxsi təcrübəmdə yaşamışam. Neçə il əvvəl mən Milli Məclisdə idarə rəhbəri idim. İşdən çıxanda qohumlarım dilxor oldu, amma özüm sevinirdim, çünki yaradıcılıqla, bilavasitə öz peşəmlə məşğul olmağa imkan yaranırdı. Ona görə də mənim üçün vəzifədən kənarlaşmaq heç də çətin olmadı, bunu Allah eləməmiş, şəxsi faciə kimi yaşamadım. Hansı adamlar vəzifə itkisini özünə dərd edir; o adam ki, vəzifədən böyük pullar qazanır, təmtəraqlı həyat sürür. Vəzifədən kənarlaşanda isə təmtəraqlı həyatı sönməyə başlayır, naz-nemət, bolluq içində yaşamış adam cah-cəlalının əlindən çıxa biləcəyini düşünəndə özünə dərd eləyir, xəstələnib yatağa düşür. Digər bir səbəb vəzifədən çıxarılan adamın gələcəyindən qorxmasıdır. O qədər pis əməlləri, korrupsiya, rüşvət, işində qanunsuzluqları var ki, işdən çıxarılacağı təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağından qorxur. Qorxur ki, onu həbs edərlər, var-dövləti əlindən çıxar. Başqa bir səbəb işində müəyyən qanunsuzluqlara yol vermiş, insanları incitmiş, kiminsə haqqını tapdalamış adamın vəzifəsiz olduğu zaman, həmin insanlar tərəfindən təhqir olunması, bəlkə də kimlərinsə ondan intiqam almağa cəhd göstərəcəyidir. Bəlkə buna görədir ki, bəziləri vəzifədən kənarlaşdırıldıqdan sonra da mühafizəçi ilə gəzirlər. Özlərini, ailə üzvlərini qoruyurlar. Bu da bədbəxtlikdir. İnsan həyatını sakit, təmiz, heç kimdən, heç nədən çəkinmədən yaşamırsa, o nə həyatdır?!
Ə.Qəşəmoğlu xatırlatdı ki, sovet vaxtı da vəzifədən kənarlaşmalara müxtəlif cür reaksiya verənlər olub:
- Məsələn, sovet illərində xalq yazıçıları, şairlər böyük vəzifə daşıyıblar. Xalq yazıçısı Süleyman Rəhimov "raykom” işləyib. Səhv etmirəmsə, Şahbuz rayonunda. "Mehman” povestini də Şahbuzda baş vermiş hadisələri mənbə götürərək qələmə almışdı. Xalq şairi Rəsul Rza kino naziri işləmişdi. Süleyman Rüstəm Rəyasət Heyətində əyləşirdi. Mirzə İbrahimov daha yüksək vəzifə daşımışdı - Ali Sovetin sədri olmuşdu. Amma bu insanlar vəzifədən kənarlaşdıqda bunu faciə kimi qəbul etməmişdilər. Çünki qələm sahibi idilər, yaradıcılıqları vardı, vəzifədən getdikdən sonra yenə öz peşələri ilə məşğul idilər, yazırdılar, yaradırdılar. Əgər insan bu düşüncəyə, bu təfəkkürə malikdirsə ki, vəzifəsini itirsə, həyatda hər şeyini itirəcək, təbii ki, işdən çıxarılmağını faciə kimi qarşılayacaq və həyatı zəhərə dönəcək. Amma o adam ki, vəzifəni sadəcə ona tapşırılan müvəqqəti bir iş kimi qəbul edir, işdən çıxarılanda ona pis təsir etmir, bunu çox sakit, təbii qarşılayır, başqa peşəsi varsa, onunla məşğul olur, ya da öz işiylə, sənətiylə məşğul olmaq üçün şərait yarandığına əksinə, sevinir.
İşdən çıxarılanlara ictimai münasibət də önəmlidir. Yenə də "Evləri köndələn yar”dan sitat çəkməli olacağıq. Sabiq nazir müavini Şakir Şəkəroviç Şirinovun giley-güzarı: "Vaxt vardı, bu telefon susmazdı - sabahınız xeyir, Şakir Şəkəroviç, günaydın, Şakir Şəkəroviç, axşamınız xeyir... İndi görürsən, necə quzu kimi dayanıb...” Yəqin, vəzifə sahibləri "qara günlərini” düşünüb bunu da özlərinə bir dərd edirlər.
Ə.Qəşəmoğlu da vəzifədən çıxarılanlara ictimaiyyətin də düzgün münasibət göstərmədiyini vurğuladı:
- Bunlar hamısı sosial durumla, insanı əhatə edən mühitlə bağlıdır. İnsanlar müxtəlif psixoloji tiplərə malikdir. Vəzifəyə can atan, şan-şöhrət hərisi adamlar var. Adam da var, sadə, təvazökar xarakterə malikdir. Azərbaycanda təəssüf ki, vəzifədən çıxarılan adamdan kənar gəzmək kimi pis bir nümunə var. Vəzifədə olduğun vaxt "canını sənə qurban” edənlər, elə ki, vəzifədən çıxdın, səni görəndə yolunu dəyişir. Bu, bəzi insanların naqis xüsusiyyətlərindən irəli gəlir.
Məlahət Rzayeva