Kənd təsərrüfatı məhsullarının qiyməti niyə ucuzlaşmır ? - Səbəblər sadalandı






"Kənd təsərrüfatı məhsullarının ixracına daha çox önəm verilir, istehsalçılar ixracata yönəldilir”.

Bu barədə "Sherg.az”a mövsümün dəyişməsinə rəğmən kənd təsərrüfatı məhsullarının qiymətinin ucuzlaşmamağının səbəblərini izah edərkən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib. 

O diqqətə çatdırıb ki, bu sahədə istehsal olunan məhsullar ətraf ölkələrə, ən böyük satış bazarımız olan Rusiyaya satılır:

"Kənd təsərrüfatının ixracatının stimullaşdırılması proqramları da fəaliyyət göstərir. Bununla paralel olaraq, daxili istehsalda ciddi artım müşahidə olunmur. Nəticədə daxili bazarın tələbatını ödəmək və məhsul ixrac etmək çətinləşir. Daxili bazara az həcmdə məhsul çıxarılır. Nəticədə qiymətlərdə ya bahalaşma olur, ya da yüksək qiymətlər sabit saxlanılır”.

N.Cəfərli bahalaşmanın digər səbəbi kimi son aylarda qeyri-sabit keçən hava şəraitini göstərib:

"Havanın sərin keçməsi meyvə və tərəvəzin istehsalına bir qədər mənfi təsir göstərdi. Lakin may ayından etibarən bazarlarda cüzi də olsa, ucuzlaşma görəcəyik. Əsasən iyun ayında kənd təsərrüfatı məhsullarının qiymətində ciddi ucuzlaşma olacaq.

Bütün bunlara rəğmən, istehsal daxili bazarın təmin olunmasına kifayət etməyəcəksə, əsas hədəf ixracat olacaqsa, mövsümi qiymət ucuzlaşmasını görməyə bilərik. Təbii olaraq, ixracata da önəm vermək vacibdir. Amma kənd təsərrüfatı müəssisələrinə, fermerlərə göstərilən təşviqatın əsas məqsədi odur ki, məhsuldarlıq artsın, həm xarici bazara çıxarılacaq, həm daxildə istifadə olunacaq məhsul bol olsun”.

Aysel Aslan