Kilosu 350 manatdır

Alçanın Azərbaycanda bar gətirməyən vaxtı olmur
Deməli, soyuducu anbarlarda alçanı saxlayıb qiymətin şişirdilməsinin qarşısını almaq olardı


Bazarlarda qış mövsümünə xas olmayan meyvələr satışa çıxarılıb. Soyuducularda saxlanılan meyvələrin qiyməti yay mövsümündəkindən qat-qat yüksəkdir.

Bu cür meyvələr, adətən, qramla satılır. 125 qramlıq böyürtkən 13 manata təklif edilir. Qış mövsümündə az hallarda rast gəlinən meyvələr bununla bitmir. Bazarlarda rast gəlinən meyvələrdən biri də ərikdir. Ən baha olanı isə alçadır. Alça digər meyvələrdən fərqli olaraq, çəki ilə deyil, daha çox ədədlə satılır, kiloqramı isə 350 manatadır. Sosial şəbəkələrdə çoxsaylı müzakirələrə səbəb olan bu qiymətlər haqlı olaraq insanları heyrətləndirir.

Qiymətlərin bu qədər baha olması vətəndaşlar tərəfindən birmənalı qarşılanmasa da, bəzi ekspertlər bunun təbii proses olduğunu düşünür. Bunu isə sözügedən məhsulların istixana və digər şərtlər daxilində yetişdirilməsinin çətin olduğu ilə əlaqələndirirlər.

Qeyd edək ki, bu məhsulların zəruri istehlak məhsulları hesab edilmədiyinə diqqət çəkən iqtisadçılara görə, məhsulların baha təklif edilməsində qeyri-adi bir şey yoxdur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə vətəndaşların narazılığına haqq qazandırıb. Analoji halın dünyanın heç bir ölkəsində müşahidə olunmadığını vurğulayan AİB sədri ölkə prezidentinin 2011-ci ilin 14 yanvarında Nazirlər Kabinetinin yığıncağında ölkədə şişirdilmiş qiymətlərin olması ilə bağlı dövlət orqanlarına xəbərdarlığını xatırladıb:

 "Ölkədə onlarla soyuducu anbarlar var. Alçanın Azərbaycanda bar gətirməyən vaxtı olmur. Deməli, soyuducu anbarlarda alçanı saxlayıb qiymətin şişirdilməsinin qarşısını almaq olardı. Hazırda bazardakı qiymətlər anormal vəziyyətin nəticəsidir. 

Həmçinin, Azərbaycan bazarının dünya bazarına inteqrasiya olmamasının, Azərbaycan bazarında qiymətin inhisarçılar tərəfindən müəyyənləşdirilməsinin, ölkədə effektli istehlakçı siyasətinin olmamasının göstəricisidir. İstehlakçıların hüquqlarının pozulması axırıncı pullarının o cür israfçılığa xərclənməsinə gətirib çıxaran bir amildir. Aidiyyəti qurumlar bu sahəyə diqqət ayırmalı və mütləq şəkildə bu biabırçılığın qarşısı alınmalıdır”.

Şəymən