Doroxinin dediklərində müəyyən həqiqətlər var
“Ancaq “Rusiya Ermənistana təzyiq edə bilməz, bu iş təzyiqlə əmələ gələsi deyil” fikirləri səmimi deyil”
"Kimsə deyirsə ki, Rusiya münaqişəni 15-20 dəqiqəyə həll edə bilər, o yanılır. Dağlıq Qarabağ münaqişəsini Azərbaycanla Ermənistan özləri həll etməlidir”.
Bunu Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin suallarını cavablandırarkən deyib. Doroxinin sözlərinə görə, Rusiya münaqişənin həllində yalnız vasitəçi ola bilər: "Hər hansı tərəfə təzyiq göstərməklə, lazımi nəticə əldə oluna bilməz. Əsasən etimad olmalıdır, onu isə yalnız ölkələr yarada bilər”. Diplomat vurğulayıb ki, aprelin əvvəlində baş verən hadisələr hazırkı vəziyyətin nə dərəcədə təhlükəli olduğunu göstərib: "Bir şey də açıq-aydın məlum oldu ki, yeganə məntiqli yol problemin sülh yolu ilə həllidir. Münaqişə tərəfləri və beynəlxalq ictimaiyyət bundan düzgün nəticələr çıxarmalıdır. Rusiya da nəticə çıxarır və vasitəçilik səylərini artırır”. Səfirin sözlərini "Şərq”ə şərh edən politoloq Natiq Mirinin fikrincə, Rusiya Ermənistana heç vaxt təzyiq etməyəcək: "Aprel döyüşlərindən sonra Rusiya XİN rəhbəri Sergey Lavrovun Ermənistan səfərindən aydın oldu ki, Kreml İrəvana münaqişə ilə bağlı təzyiq göstərmək fikrində deyil. Nəzərə almaq lazımdır ki, "dörd günlük” müharibədən sonra münaqişə tərəflərini danışıqlar masasına oturdan Rusiya yox, ABŞ oldu. Vyana görüşü Vaşinqtonun təşəbbüsü ilə gündəmə gəldi və reallaşdı. İndiki şəraitdə bu prosesi yürüdən və növbəti danışıqlara zəmin hazırlayan da məhz ABŞ və Fransadır. Ona görə də Rusiya prosesdə aktivlik nümayiş etdirmir və məsələyə biganə münasibət sərgiləyir”. N.Miri bildirib ki, aprel savaşından sonra Azərbaycan və Ermənistan Rusiyaya etimadını itirib: "Moskvada atəşkəs imzalanmasına baxmayaraq, təmas xəttində atışma dayanmadı. Rusiya atəşkəsə nail ola, tərəfləri danışıqlar masasına əyləşdirə bilmədi. Bu da göstərdi ki, artıq Dağlıq Qarabağ prosesi birmənalı olaraq Rusiyanın monopoliyasında deyil. Doroxinin dediklərində müəyyən həqiqətlər var. Ancaq "Rusiya Ermənistana təzyiq edə bilməz, bu iş təzyiqlə əmələ gələsi deyil” fikirləri səmimi deyil. Rusiya münaqişənin həllində mühüm rol oynaya bilər, amma özü bilərəkdən yaxasını kənara çəkir. Səbəbi isə odur ki, Rusiya ABŞ-ın moderatorluğunda prosesdə rol almaq istəmir”.
İsmayıl