Kimin dost, kimin düşmən olduğu ortaya çıxır

Vaxt gələcək terror onlara dəstək verən ölkələrin öz başlarına bəla olacaq



Türkiyənin apardığı "Zeytun budağı” hərəkatını qaralamaq və Qərb ictimaiyyətini çaşdırmaq məqsədi ilə Avropa ölkələrini qarış-qarış gəzən terrorçu başı Saleh Müslim Ankaranın tələbi ilə bazar günü İnterpol tərəfindən Çexiyanın paytaxtı Praqada həbs olunmuşdu.

Türkiyənin qırmızı bülletenlə axtardığı terrorçu Müslim hakim qarşısına çıxarılsa da, bəraət hökmü ilə sərbəst buraxılıb. Türkiyənin ekstradisiya tələbinə rəğmən terrorçu başı Ankaraya verilməyib. Artıq Türkiyə Çexiya tərəfinə nota göndərib. XİN rəhbəri Mövlud Çavuşoğlu deyib ki, məhkəmənin qərarından sonra lazımi tədbirlər görülüb: "Başqa ölkəyə də getsə də, daim onu izləyəcəyik”. Əslində Praqada Saleh Müslimin məhkəməsi ilə bağlı teatr səhnəsi oynanıldı. Təxminən 40 dəqiqə davam edən məhkəmə prosesinin ardından sərbəst buraxılan Müslim barəsində Çexiyaya konkret sənədlər göndərilmişdi. Dosyelərdə Müslim haqqında Türkiyədə çıxarılan 3 yaxalama qərarı yer almışdı. Ancaq bütün dəlil-sübutlara baxmayaraq, məhkəmə terrorçunu azadlığa çıxarıb. Çexiyanın qalmaqallı qərara imza atmasında Avropa İttifaqının bu ölkəyə təzyiq etməsi də böyük rol oynayıb. Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ, Çexiya məhkəməsinin terrorçubaşı Saleh Müslimi sərbəst buraxmaq qərarına kəskin reaksiya göstərib. Bozdağ verilən qərarın beynəlxalq hüquqa zidd olduğunu deyib: "Bu qərar Çexiya ilə münasibətlərə təsir edəcək. Qərar terrora dəstək mahiyyəti daşıyır. Bu cür qərarlar hüquqla izah edilməyəcək siyasi qərarlardır. Türkiyəyə qarşı edilən terror fəaliyyətlərinə dəstək verməkdir. Əgər hüquqa riayət edilsəydi, ekstradisiya edilmək üçün müvəqqəti həbs olunmasına qərar verilərdi. Hüquq var, amma hüquqa riayət edən yoxdur”.

 Bozdağ deyib ki, bu cür qərarlar onlar üçün sürpriz deyil. Çünki AB üzvü ölkələrin bu məsələdə Türkiyə əleyhinə olduqları bəllidir: "Terror təşkilatlarının öldürdükləri türk və ya müsəlman olarsa, o zaman onları öldürənlər terror təşkilatı sayılmır. Bir təşkilatın terror təşkilatı kimi qəbul edilməsi üçün Avropa və ya ABŞ vətəndaşlarına zərər verməsi şərtdir”.

Məsələ ilə bağlı "Şərq”ə danışan siyasi elmlər namizədi, beynəlxalq məsələlər üzrə ekspert Zaur Məmmədov deyib ki, vaxtı ilə ASALA-ya verilən dəstək kimi indi də terrorçu PKK-PYD təşkilatlarına yardım edilir: 

"Avropa Birliyi Türkiyəyə qarşı hər zaman terror kartından istifadə edib. Qərblə yanaşı, Rusiya da Türkiyəyə qarşı təzyiq vasitəsi kimi terrorçuları irəli sürüb. Lakin Ərdoğanın da bildirdiyi kimi vaxt gələcək terror onlara dəstək verən ölkələrin öz başlarına bəla olacaq. Bu kimi hadisələrdə kimin dost, kimin düşmən olması ortaya çıxır. Təəssüflər olsun ki, Türkiyənin dostları çox azdır. Türkiyə sivil və demokratik ölkədir. Qardaş ölkənin yerinə başqası olsaydı, ən qəddar yollarla terrorçuları və onların ailələrini yox edərdi. Ancaq Türkiyədə müstəqil, azad məhkəmə sistemi mövcuddur. Avropaya isə demokratiya və sabitlik lazım deyil. Onlar üçün maraqlı olan sadəcə öz siyasətləri və onların siyasətinə uyğun davranan güclərdir”.

İsmayıl