Kiminin maaşı artacaq, kimi də qənaət edəcək
Elektrik enerjisinin 1 qəpik bahalaşması ilə ölkə vətəndaşlarına ciddi bir ziyanın dəyəcəyi ehtimalı minimumdur
Azərbaycanda kommunal xidmət sahələrinin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir. Çünki fasiləsiz və təhlükəsiz kommunal xidmətlərin göstərilməsi qarşıda duran əsas məsələ hesab olunur. Məhz bu kimi amılləri nəzərə alan Azərbaycan Respublikası Tarif Şurası "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və "Azərenerji”nin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib.
Qərara əsasən enerji təchizatında dayanıqlılığın və keyfiyyətli xidmətin davamlılığının təmin edilməsi, istehsalçının və paylayıcı şəbəkənin maliyyə asılılığının azaldılması və perspektiv inkişafı məqsədilə bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib. Yeni tariflər 2016-cı il 15 iyul tarixindən qüvvəyə minəcək. Bu tarixədək istehlak olunan elektrik enerjisinə görə yaranan borclar əvvəlki tariflə ödəniləcək. Maraqlıdır, elektrik enerjisinin qiymət artımı hansı zərurətdən doğub və bunun ölkənin enerji təchizatına hansı təsirləri ola bilər? Əvvəla onu qeyd edək ki, təsdiq edilmiş yeni tariflər region ölkələrindəki faktiki tariflərlə müqayisədə aşağı səviyyədədir. Hazırda Azərbaycanda elektrik enerjisinin 1 kilovatına görə qiyməti əksər dünya ölkələrindən aşağıdır. Region ölkələrdə isə bu fərq daha aydın müşahidə olunur. Məsələn, Ermənistanda istehlakçılar 1 kilovat elektrik enerjisinə görə 12.7 qəpik, Gürcüstanda isə 11.2 qəpik ödəməlidirlər. Sosial ölkə hesab olunan Danimarkada istehlakçılar 1 kilovat elektrik enerjisinə görə 52 qəpik, İsveçdə isə 32 qəpik ödəməlidirlər. Böyük neft istehsalçısı olan Norveçdə isə 1 kilovat elektrik enerjisinin qiyməti 2015-ci ildə 27 qəpik təşkil edib. Məlum olduğu kimi, Azərbaycanda sonuncu dəfə elektrik enerjisinin tarifi 2007-ci ilin yanvar ayında dəyişdirilmişdi. Ötən 10 ilə yaxın müddət ərzində istehsal güclərinin artırılması, paylayıcı şəbəkələrin genişləndirilməsi, itkilərin azaldılması, enerji təchizatının davamlılığının təmin edilməsi üçün böyük həcmdə investisiya qoyulub. Xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib. İstehsalçının və paylayıcı şəbəkənin balansına xeyli tikili, qurğu, ötürücü qurğu, maşın və avadanlıqlar qəbul edilmişdir ki, bu da saxlanma və təmir xərclərinin artımını şərtləndirib. Son 10 ildə enerji sisteminin istehsal gücü
5590 meqavatdan 7160 meqavata çatdırılıb. Abonentlərin sayı təxminən 1 milyona yaxın artaraq 2,5 milyonu ötüb. Qeyd edək ki, əhali qrupu üzrə abonentlərin sayğacla təmin edilməsi ödənişsiz olaraq paylayıcı şəbəkə tərəfindən həyata keçirilir. Bu illər ərzində transformatorların, elektrik avadanlıqları və komplektləşdirici vasitələrin, digər xammal və materialların qiymətlərində ciddi artım müşahidə edilib. Bununla yanaşı, elektrik stansiyalarının və paylayıcı şəbəkələrin normal istismar vəziyyətində saxlanılması və artan elektrik enerjisi tələbatının ödənilməsi üçün irihəcmli investisiya qoyuluşları tələb olunur. Lakin bütün sadalananlara baxmayaraq ötən 10 il ərzində digər ölkələrdə qiymətlərin böyük faizlərlə və yaxud bir neçə dəfə artmasına baxmayaraq, Azərbaycanda qiymətlər sabit saxlanılıb. Müqayisə üçün qeyd edək ki, son 3 ildə Ermənistanda elektrik enerjisinin qiyməti 100-150 faiz artıb. 2015-ci ilin statistikasına görə elektrik enerjisinin tarifləri Ukraynada 48 faiz, Moldovada 34 faiz, Latviyada 20 faiz, Belarusda 16 faiz, Türkiyədə 14 faiz, Bolqarıstanda 13 faiz, Böyük Britaniyada 11 faiz, Rusiya və Qazaxıstanda 8 faiz artıb. Belə halda Azərbaycanda elektrik enerjisinin pərakəndə satış tarifinin 7 qəpiyə çatdırılması faciəvi bir hadisə kimi dəyərləndirilməməlidir. Elektrik enerjisinin satışında 1 qəpik bahalaşma yoxsulluq səviyyəsi cəmi 5 faiz ətrafında olan ölkə üçün elə də ciddi problem hesab edilməməlidir. Nəzərə almaq lazımdır ki, sosial durumu aşağı olan vətəndaşların, eləcə də qaçqın və məcburi köçkünlərin istifadə etdikləri elektrik enerjisinin haqqı dövlət tərəfindən ödənilir. Hətta Azərbaycanda əhalinin yaranmış külli miqdarda borcunun silinməsi praktikası da mövcuddur. Dövlət başçısı tərəfindən Nardaran sakinlərinin illər boyu yığılmş 42 milyon manat borcunun silinməsi bunun bariz nümunəsi kimi qəbul olunmalıdır. O da nəzərə alınmamıldır ki, ölkənin sosial-iqtisadi inkişafına paralel olaraq Azərbaycan əhalisinin gəlirləri mütəmadi olaraq artmaqdadır. Bu isə o deməkdir ki, sözügedən bahalaşma ilə əlaqədar ölkə vətəndaşlarına ciddi bir ziyanın dəyəcəyi ehtimalı minimumdur. Əvəzində tarif tənzimləməsindən sonra əldə ediləcək gəlir müvafiq subyektlərin dövlət büdcəsindən asılılığının azaldılmasına, elektrik enerjisi istehsalı və təchizatı sahəsində çalışan 18 min nəfərdən artıq insanın əmək haqlarının artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər həyata keçirməyə imkan verəcək. Daha dəqiq tarif dəyişikliyi "Azərişıq” və "Azərenerji”nin gəlirlərinin artmasına, onların dövlət büdcəsindən asılılığının azalmasına şərait yaradacaq. O da nəzərə alınmalıdır ki, "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ölkənin iri vergi ödəyicilərindən biridir. Bu qurumun gəlirlərinin artması şübhəsiz ki, dövlət büdcəsinə daxil olan gəlirlərin həcminin artmasını təmin edəcək. Ekspertlər hesab edirlər ki, tarif dəyişikliyi istehlakçıların elektrik enerjisi sərfiyatına daha qənaətlə yanaşmasını və izafi istehlakın qarşısının alınmasını stimullaşdıracaq. Bununla da kommunal xidmətlərin 3 əsas göstəricisi olan fasiləsizlik, keyfiyyət və təhlükəsizlik məsələləri təmin ediləcək. Yeri gəlmişkən onu da xatırladaq ki, "İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” Qanunun 8-ci maddəsinə əsasən, bazarda təbii inhisarçı mövqeyi tutan qurumlar öz təsərrüfat fəaliyyətlərini elə qurmalıdırlar ki, istehlakçını lazımi səviyyədə xidmətlə təmin edə bilsinlər. Digər tərəfdən, həmin təchizatçı qurumlar qeyri-bərabər şərtlər təklif etmədən göstərəcəkləri xidmətə görə haqq tələb edə bilsinlər. Şübhəsiz ki, "Azərişıq” və "Azərenerji”nin gəlirlərinin artması keyfiyyətli və təhlükəsiz elektrik enerjisinin verilməsində əhəmiyyətli tol oynayacaq.
İsmayıl