Mübariz Tağıyev Rəşid Behbudovun bacısı oğlunun ittihamlarına cavab verdi
Xalq artisti Rəşid Behbudovun bacısı oğlu Cəfər Behbudovun mətbuata açıqlaması sənət aləmində müzakirəyə səbəb olub. 1991-ci ildən Azərbaycanı tərk edən Cəfər Behbudov bildirib ki, illər öncə onu vətənindən küskün salanlar olub: "Bəziləri elə bilir mən fəxri ad almadığım üçün vətəndən getdim. Əslində belə deyil. Mən bəzilərindən küskün düşmüşəm. Mənə ad verəcəkdilər. Adım fəxri ad sırasında idi. Amma mənim yerimə Mübariz Tağıyevə ad verdilər”
deyə Xalq artistinin adını hallandırıb. Xalq artisti Mübariz Tağıyev "Şərq”ə açıqlamasında sənətçi Cəfər Behbudovun ittihamlarından xəbərsiz olduğunu söylədi. Açıqlamadan xəbərdar olduqdan sonra isə eşitdiyinə inana bilmədiyini qeyd etdi: "Necə yəni mənə ad verəcəkdilər, sonra adı Mübariz Tağıyevə verdilər. Axı bu absurd ittihamdı. Bəlkə Cəfər fikrini düzgün ifadə edə bilməyib. Heç kimin adını heç kimə vermirlər. Birdəki, Cəfər Behbudov səhv etmirəmsə, 1990-91-ci illərdə Azərbaycanı tərk etdi. Ukraynada məskunlaşdı. O dönəmdə elə bir vəziyyət idi ki, heç kimə ad verilmirdi. Ölkədə bir boşluq var idi. Yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə sabitlik yarandı. Mənə də fəxri adı Heydər Əliyev verib. Tədbirlərin birində çıxışımdan sonra ulu öndərimizlə qısa ünsiyyətimiz oldu. Soruşdu ki, sənin adın yoxdu? Dedim, xeyr. Elə həmin gün də onun sərəncamı ilə mənə Əməkdar artist adı verildi. Mən başa düşmürəm ki, Cəfər Behbudov hansı məntiqlə belə bir açıqlama verib. Bəlkə vaxtilə o da Azərbaycan səhnəsində olub. Yəni bizim ətrafımızda dolaşıb. Amma heç vaxt onunla münasibətimizdə gərginlik olmayıb - deyə cavab verdi. Xalq artistindən soruşduq ki, ətrafınızda olub deyəndə yəni sizin ətrafınızda olsa da, sizin səviyyənizdə sənətçi olmayıb? Mübariz Tağıyev bunamı eyham vurur? Xalq artisti diplomatik şəkildə "hərənin sənətdə öz səviyyəsi var. Mənim səviyyəm də bəllidir. Mən bilmirəm illər sonra Cəfər mənim adımı niyə hallandıraraq belə gülünc açıqlama verib. Sizə də gülməli gəlmir? Kiminsə adını kiməsə necə verə bilərlər. Birdə o bildiyim qədər Ukraynada yaşayır. İllər sonra mənim adımı hallandırmağına səbəb görmürəm. İnanın eşitdim təəccüb edirəm. O insanla illər əvvəl salamım olsa da, heç vaxt münasibətimizdə soyuqluq hiss etməmişəm. Mənim adımı isə hallandırmasını başa düşmədim”.
Tahirə