Kiminsə barmağı var

“Azərbaycan tarixi” dərsliyində böyük xətaya yol verilib
Bu məsələ ciddi şəkildə araşdırılmalı və hansı məqsədlə orada “Dənizdən-dənizə Böyük Ermənistan” sözlərinin yazıldığı öyrənilməlidir

Azərbaycanda dərslik məsələsi ilə bağlı daha bir qalmaqallı fakt üzə çıxıb. X siniflər üçün rusca nəşr olunmuş "Ümumi tarix” dərsliyində yer almış xəritədə uydurma "Dənizdən-dənizə Böyük Ermənistan”ın əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib. Təhsil Nazirliyi həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar edildiyini açıqlayıb. Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən "Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilib.

Qeyd edək ki, həmin dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.
Dərsliyin müəlliflərindən olan Kamran Əsədov kitabda hər hansı qüsur olmadığını iddia edib. Onun sözlərinə görə, xəritədə indiki Ermənistana və ermənilərə aidiyyəti olmayan qədim Ərməniyyə dövləti göstərilib.

Qeyd edək ki, bu hadisə dərsliklə bağlı yaşadığımız ilk problem deyil. Bundan əvvəl də bir neçə dəfə tarix, biologiya, Azərbaycan dili dərsliklərində nöqsanlar aşkarlanaraq ictimaiyyət tərəfindən müzakirə predmetinə çevrilib. Bəs, məsələnin kökündə nə dayanır? Dərslikləri kimlər və hansı qaydalara görə hazırlamalıdır ki, sonda bu cür biabırçı vəziyyətlə üzləşməyək?
Mütəxəssislər hesab edir ki, dərsliklərdə əsas yeri tərbiyə və davranış məsələləri tutur. Müəlliflər nədən yazırlarsa yazsınlar, söhbəti milli tərbiyəyə gətirib çıxarmalıdırlar. Dərs vəsaitlərində mövzular elə işlənib ki, nəticəni şagird özü çıxarsın. Dərslik yazmaq fikrinə düşən hər bir ziyalı bunu bilməli və ona uyğun əsər yazmalıdır.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev "Şərq”ə açıqlamasında deyib ki, dərslikləri yazan adamın həmin sahə üzrə elmi-nəzəri və metodik hazırlığı yüksək səviyyədə olmalıdır: 
"Həm də ki dərsliyi bir yox, bir neçə müəllifin yazması mümkündür. Müəlliflər mövzunu tam formada əhatə edəndən sonra məsuliyyət redaktorun üzərinə düşür. Çox təəssüflər olsun ki, Azərbaycandakı dərslik redaktorlarının sadəcə adı kitaba yazılır, böyük əksəriyyətinin kitabın içində yazılanlardan xəbəri belə olmur. Halbuki redaktorlar ərsəyə gələn əsər, kitab üçün məsuliyyət daşıyan əsas şəxslərdən biridir və onun formal yanaşması düzgün deyil. Onun başlıca vəzifəsi dərslikdə yer alan ən xırda detala belə diqqət ayırıb, qüsurları aradan qaldırmaqdır.

Professorun sözlərinə görə, Təhsil Nazirliyi dərslik üçün müsabiqə elan etməli və müəlliflik tələbinə cavab verən şəxslər də öz layihələrini təqdim etməlidirlər. Hansı layihə standartlara cavab verirsə, o, dərslik variantında çap olunmalıdır: 

"Seçim zamanı əsas mövzunun əhatə olunmasına, didaktik tapşırıqların verilməsinə, hətta kitabın rənginə, poliqrafik görünüşünə qədər hər şeyə fikir verilir. Dərslik yazmaq sadə iş deyil. Bu kitablar ölkənin ideologiyasını, siyasi həyatını özündə əks etdirir, vətəndaş formalaşdırır. Tədris olunan fənlərdən asılı olmayaraq hər bir dərslik uşaqlarda vətənpərvərlik hissini stimullaşdıracaq səviyyədə tərtib olunmalıdır”.

Ə.Ağayevin sözlərinə görə, dərsliklər ümumi halda hazırlanıb dərslik komissiyası tərəfindən yoxlandıqdan sonra istifadəyə verilməlidir. Bunun üçün də həmin komissiya üzvlərinin hər biri dərslikdən başı çıxan adam olmalıdır. Ölkənin taleyini 25-30 yaşlı təsadüfi adamların öhdəsinə buraxmaq olmaz. Təcrübə və bilik şərtdir. Görünür, bizdə dərslikləri yoxlayan şəxslər də bilik və savadına görə müəlliflərimizdən fərqlənmirlər. Yoxsa ki, bu cür ciddi nöqsanlar aşkar olunmazdı”.
Konkret olaraq 10-cu sinif üçün nəzərdə tutulmuş rus dilində "Azərbaycan tarixi” dərsliyində yol verilən xətaya gəldikdə isə professor bu yanlışlığın məqsədli şəkildə qeyd olunduğunu deyib: 

"Çox maraqlıdır, ermənilərin "Dənizdən-dənizə Böyük Ermənistan” xülyasını özündə əks etdirən xəritə niyə ancaq rus dilli uşaqlar üçün nəzərdə tutulan dərslikdə müəyyən olunub. Həmin dərsliyin Azərbaycan dili variantında isə eyni səhv təkrarlanmayıb. Deməli, burada söhbət yalnız qeyri-peşəkarlıqdan, diqqətsizlikdən getmir, məqsədyönlü yanaşma var. Rus dilində olan "Azərbaycan tarixi” dərsliyində bu cür böyük xətaya yol verilib, amma onu nə redaktor, nə də dərslikləri qiymətləndirmə komissiyasının üzvləri görüb. Hesab edirəm ki, bu məsələ ciddi şəkildə araşdırılmalı və hansı məqsədlə orada "Dənizdən-dənizə Böyük Ermənistan” sözlərinin yazıldığı öyrənilməlidir. Bəlkə də bu yanlışlıq heç müəllifin günahı ucbatından olmayıb, amma mütləq şəkildə bu işdə ermənilərin maraqlarına xidmət edən birinin barmağı var. Koreyada bütün dərslikləri müsabiqə yolu ilə yazdırırlar, amma "Koreya tarix”ini yalnız dövlətin sifariş verdiyi adam yazır, o da cəmi bir nüsxədə. Görün, tarix dərslikləri dövlət üçün nə dərəcədə əhəmiyyətlidir”.

Milli Məclisin deputatı, tarixçi, professor Fəzail İbrahimli də hesab edir ki, heç bir halda səhvə yol vermək olmaz:
"Biz bu gün həssas dövrü yaşayırıq. Bizim erməni kimi düşmənimiz var. Tarix, sərhədlər məsələsində bizim "texniki xəta”ya yol vermək haqqımız yoxdur. Biz diqqətli, ədalətli, qərəzsiz olmalıyıq. Fikirlərimiz, düşüncələrimiz rəqəmlərə söykənməlidir. Mən hesab edirəm ki, bu "səhv”ə görə üzr istəmək yox, cavab vermək lazımdır. Müəllif kollektivi və həmin xəritənin ideya müəllifi və kitaba daxil edənin kimliyi araşdırılmalıdır. Qoy aydınlaşsın ki, bu məsələləri qəsdən o kitaba kim pərçim edib. Müəllif bilərəkdən buna yol veribsə, bu, kifayət qədər ciddi və cavabdehlik daşıyan məsələdir”.

"Tarix dərsliyində "Böyük Ermənistan” xəritəsinin çapının məkrli məqsədlə edilib”

"Xəritənin dərsliyin rus variantına daxil edilməsini xoşagəlməz ictimai-siyasi nəticələr doğura biləcək kobud elmi-tarixi səhv hesab edirəm. Ancaq bunun məkrli məqsədlərlə edildiyini də istisna etmirəm”.
Bunu isə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, ölkəmizdə dərsliklər dövlət dilimiz olan Azərbaycan dilində yazılır, sonra isə müvafiq dillərə tərcümə edilir: "Bütün variantlarda verilən fotoşəkillər, sxemlər, xəritələr və s. də eyni olur. Burada fərq ola bilməz, ümumi qayda belədir. Yaranmış qeyri-normal şəraitdə bir neçə ciddi sual yaranır: dərsliyin orijinalı olan Azərbycan dilindəki və tərcümə edilmiş gürcü dilindəki variantlarında həmin üzdəniraq, qondarma xəritə olmadığı halda rus variantına necə daxil edilib? Bu işi kim, hansı məqsədlər üçün edib? Axı, həm dərsliyi yazanlar, həm də Təhsil Nazirliyi tarixdə "Böyük Ermənistan” adlı dövlətin olmadığını yaxşı bilirlər. Dərslik işi ilə məşğul olan peşəkarlar da yaxşı bilirlər ki, dərslik yazılması və nəşrində qəbul edilmiş ümumi bir qayda var: dərsliyin bütün dillərdə olan variantlarının elmi redaktorları nəşrə gedən varianta (həm mətnə, həm şəkillərə, həm sxemlərə, həm də xəritələrə və s.) tarixi göstərib, imza atmayınca heç bir nəşriyyat onu qəbul etməz və nəşri üçün məsuliyyəti öz üzərinə götürməz”.

M. Qasımlı əlavə edib ki, xəritənin dərsliyin rus variantına daxil edilməsini xoşagəlməz ictimai-siyasi nəticələr doğura biləcək kobud elmi-tarixi səhv hesab edir: "Ancaq hadisənin məkrli məqsədlərlə edildiyini də istisna etmirəm. Bu barədə müəyyən mülahizələrim olsa da, fikir yürütmək istəmirəm. Ona görə də hesab edirəm ki, Təhsil Nazirliyi mövcud halı ciddi şəkildə araşdırmalı və digərlərinə ibrət olmaq, gələcəkdə belə kobud səhvlərə yol verməmək üçün təqsiri olanları sərt şəkildə cəzalandırmalı, dərslik yazılması üçün keçiriləcək tender prosesinə yaxın buraxmamalıdır. Çünki belə hallar sonda ictimai rəyi zədələyər və daha ağır proseslərə gətirə bilər. Həm də unutmaq lazım deyil ki, dərslik yazmaq və nəşr etdirmək dövlət siyasəti olduğundan bu prosesin başlanğıcından sonunadək bütün mərhələlərində iştirak edənlərin hamısında məhz dövlətçilik məfkurəsi olmalıdır. Həmin şəxslər yad məlumatların və materialların təsiri altına düşməməlidirlər”.

Təhsil Nazirliyinin "Təhsilin Məzmunu və Dərsliklər” üzrə Daimi Şurasının üzvü, professor Şahlar Əsgərov məsələ ilə bağlı bildirib ki, sözügedən dərsliyin çap olunmasından şuranın xəbəri olmayıb: 

"Təhsilin Məzmunu və Dərsliklər” üzrə Daimi Şura yeni təşkil olunub, üç aydır işləyir. Həmin şuranın təşkil olunmasında məqsəd odur ki, bu cür səhvlər dərsliklərdə getməsin. Dərsliklərin məzmunu mükəmməl olmalı, milli mənafeyə xidmət etməlidir. Ona görə də hər dərsliyi çap etmək olmaz. O, hər baxımdan - məzmun və dövlətçilik baxımından ekspertlərdən keçməlidir. Güman edirəm, şura işləyəndən sonra bu cür qüsurlar olmaz. Bu, şuraya qədər olan fəaliyyətdən doğub. Dərslik çox əhəmiyyətli, böyük şeydir. Uşaqdan dindar da yarada biləsiniz, ateist də. Bu, dərsliyin məzmunundan asılıdır”.
Ş. Əsgərov əlavə edib ki, dərsliyin çapa getməsində cavabdeh olanlar cəzalandırılmalıdır: "Mən bilmirəm o dərsliyin çapa getməsinə kim qol çəkib. Hamı günahkardır. Dərsliyi oxumamış ona qol çəkmək olar? Əgər bunu texniki səhv kimi qəbul ediriksə, gərək onu düzəldək. Amma kimsə də cəza almalıdır ki, bir də belə olmasın. Şifahi tənbeh də cəzadır. Jurnalistlərin etirazları da müəllif üçün cəzadır. Mən düşünürəm ki, yeni yaranan şura dərsliklərdə bu kimi halların baş verməməsi üçün bilavasitə cavabdehdir. Çünki yeni yaranan şuranın tərkibində məsuliyyətini bilən insanlar təmsil olunur”.
Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bayramov isə açıqlamasında məsələnin onun təmsil etdiyi instituta bağlı olmadığını deyib: "Bu məsələnin Tarix İnstitutuna heç bir aidiyyəti yoxdur. Çünki bizim instituta bu kitabla bağlı müraciət daxil olmayıb. Kitabı çapa kim buraxıbsa, məsuliyyəti də o daşıyır”.

Şəymən