Kişilərdə prostat vəzin xərçəngi cavanlaşıb deyəndə inanmırlar

40-45 yaşdan sonra mütləq prostat vəz yoxlanmalıdır, müvafiq analizlər verilməlidir



Onkoloji xəstələrin sayı artmaqdadır. Qorxunc statistikaya nəzər salanda problemin necə ciddi olduğunu görmək mümkündür. Hər il xərçəngə tutulanlar və bu xəstəlikdən ölən insanların say artımı psixoloji olaraq insanlarda bir qorxu yaradıb. Mütəxəssislərin bir qismi xəstəliyin səbəbini düzgün qidalanmamaqda, stressli həyat tərzində görsə də, xərçəngi genetik hesab edənlər də az deyil.

Ümumdünya Səhiyyə Təşkilatı 2018-ci ilin ən dəhşətli açıqlamalarından birini verib. Məlumata görə, bu il 9,6 milyon insan xərçəng xəstəliyindən öləcək və 18,1 milyon insan xərçəngə yoluxacaq. Dünyada hər 8 kişidən və 11 qadından biri bu il xərçəngdən öləcək. Məlumatda xərçəngin artmasına səbəb kimi əhali artımı, yaşıllıqların azalması və digər iqtisadi və sosial faktorlar göstərilib.

Onkoloji xəstəliklərin artma səbəbləri ilə bağlı fikirlərini "Şərq"lə bölüşən həkim Şahvələd Məmmədovun sözlərinə görə, xəstəliyin yayılmasında yalnız bir faktoru demək düzgün deyil, burada müxtəlif amillər rol oynayır: 

"Ekologiyanın natəmizliyi, stresli həyat, qidanlamanın düzgün olmaması, ərzaqların keyfiyyətsizliyi, həmçinin irsi faktorlar xərçəngin çoxalmasında rol oynayır. Ümumiyyətlə, xəstəliklərin 99 faizi irsi-genetik xəstəliklərdir. Son 15 ildə qadınlarda süd vəzi və uşaqlıq xərçəngi, kişilərdə isə prostat vəzi xərçəngi geniş yayılıb. Milli Onkoloji Məkrəzə gedəndə sanki xərçəngin qrip epidemiyası olduğunu görürük. Bugünkü gündə insanların müayinələrdən keçməsi ürəkaçan deyil. Qadınların vaxtında ginekoloji müayinələrdən keçməməsi, uşaqlıq boynunda olan eroziyaların müalicə olunmaması ciddi xəstəliklərə gətirib çıxara bilər. Eyni zamanda qadınlarda müxtəlif viruslar aşkarlanır ki, bu viruslara qarşı müvafiq peyvəndlər və müalicələr var. 

Ona görə də düzgün müayinələr olmadığına görə, bu amillər şiş xəstəliyinə çevrilir və xəstə cavan yaşda onkoloji xəstə kimi qeydiyyata düşür. Kişilərdə prostat vəzin xərçəngi cavanlaşıb deyəndə inanmırlar. 

Halbuki 40-45 yaşdan sonra kişilərdə mütləq prostat vəz yoxlanmalıdır, müvafiq analizlər verilməlidir. Bir tərəfdən insanlar qorxurlar, fikirləşirlər ki, birdən məndə ciddi xəstəlik olar. Qorxqudca da müayinələrə gecikirlər və həqiqətən də sonda pis xəstəliklə nəticələnir. Bu qorxu bir az da mentallığımızla əlaqəlidir. Lakin hər kəs bilməlidir ki, müəyyən yaşdan sonra ən azı ildə 1 dəfə müvafiq yoxlamalardan keçmək vacibdir".

Yeganə Bayramova