Kitabxanalara can veriləcək

İctimaiyyət nümayəndələri kitabxanaların yenidən qurulmasını müsbət dəyərləndirirlərFazil Mustafa: "Kitabxanaların yenilənməsi yaxşı haldır: “Hazırda çoxlu sayda təcrübəli və öz peşəsinə bağlı kitabxanaçılarımız çalışır"
Şahbaz Xuduoğlu: "Düşünürəm ki, bu sahədə dinamik bir iş şəraiti yaradılacaq. Hər halda kitabla bağlı müəyyən bir islahat xarakterli sənəd qəbul olunubsa, bunun özü olduqca əhəmiyyətlidir"
Nəriman Əbdülrəhmanlı: "Fikrimcə, yaradılan yeni komissiya bütün nəşriyyatlarla müqavilə bağlamalı və çap məhsullarından məcburi nüsxələr almalıdır"
Əsəd Cahangir: "Bu qərarın realizəsi oxucularla kitabxanaçılar arasında zəifləmiş əlaqələrin güclənməsinə xidmət edir"
Ölkə başçısı İlham Əliyev Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanaların ləğv edilməsi ilə bağlı sərəncam imzalayıb. Mədəniyyət Nazirliyinin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün aşağıdakı tərkibdə Komissiya yaradılıb.
Fərmana əsasən yaradılan Komissiya beynəlxalq təcrübəni nəzərə almaqla, təkliflərini altı ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.
Kitabxanalara marağın azalması ictimaiyyətdə davamlı olaraq müzakirə olunan məsələlərdəndir. Xüsusilə son illərdə elektron kitabxanaların yaranması və inkişaf etməsi də oxucuların kitabxanaya getməsini əngəlləyirdi. Zaman və məkan anlayışı olmadığı üçün elektron kitabxanalar və kitablar oxucular üçün daha əlçatan və rahat hesab olunurdu. Təbii ki, bütün sahələrdə informasiya texnologiyalarının inkişafı müsbət haldır. Lakin ənənəvi kitabxanalar hər zaman toplumun diqqət mərkəzində olmalıdır. Görünür, prezidentin yeni fərmanında məhz bu məsələlər də öz əksini tapıb.
Yeni fərmanla bağlı fikirlərini "Şərq”lə bölüşən ictimaiyyət nümayəndələri də kitabxanaların yenidən qurulmasını müsbət dəyərləndirirlər.
Respublikamızdakı əksər kitabxanalara baş çəkən millət vəkili Fazil Mustafa bildirib ki, ölkəmizdə kifayət qədər yaxşı vəziyyətdə olan kitabxanalar kimi, bərbad durumda olan kitabxanalar da var. Bu baxımdan kitabxanaların yenilənməsi yaxşı haldır: 
"Hazırda çoxlu sayda təcrübəli və öz peşəsinə bağlı kitabxanaçılarımız çalışır. Kitabxanalar ləğv edildikdən sonra orada çalışanların işlə təmin olunması çox önəmlidir. Çünki kitabxanaların ləğvi işsizlər ordusunun yaranması deməkdir. Ona görə də çalışmaq lazımdır ki, kadrlar yenidən işlə təmin olunsun. Məlumdur ki, ləğv olunan kitabxanalar yeni modeldə qurulacaq. Açığı, bunun haqqında heç bir təsəvvürüm yoxdur. Ola bilsin ki, kitabxanalar bütövlükdə bir struktur olaraq ləğv edilmir. Sadəcə, Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalar təkmilləşməlidir. Artıq bu işlə bağlı müvafiq komissiya da yaradılıb. Müəyyən təkliflər ortaya qoyulacaq və bunun əsasında optimal variant tapılacaq”.
"Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun fikrincə, kitabxanalardakı köhnə sistem qənaətbəxş olmadığına görə yeni sistemin yaradılmasına qərar verilib: 
"Amma yaradılacaq yeni kitabxanaların necə fəaliyyət göstərməsi haqqında fikir söyləmək çətindir. Yəqin ki, əvvəlki dövrlərdə narazılıq olub ki, yeni bir qurumun yaradılmasına ehtiyac duyulub. Ümid edək ki, yeni kitabxanalar daha yaxşı işləyəcək.
Əslində kitabxanalar iflic vəziyyətindədir. Respublikada olan kitabxanaların 0.17 faizi işlək vəziyyətindədir. Bölgələrdəki kitabxanaların da hamısı sıradan çıxıb. Böyük təşkilatlarda, təhsil müəssisələrində, rayonlarda və başqa yerlərdə olan kitabxanaların demək olar ki, hamısı fəaliyyət göstərmirdi. Məsələn, elə kitabxanalar var ki, ora illərlə yeni kitab gətirilməyib və kitab təchizatı işi aparılmayıb. Ona görə də yeni sistemin kitaba və kitabxanalara bir canlılıq gətirəcəyini ümid edirəm. Düşünürəm ki, bu sahədə dinamik bir iş şəraiti yaradılacaq. Hər halda kitabla bağlı müəyyən bir islahat xarakterli sənəd qəbul olunubsa, bunun özü olduqca əhəmiyyətlidir”.
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı ölkə başçısının imzaladığı fərmanı müsbət dəyərləndirdiyini bildirdi: 
"Texnologiyalar inkişaf etdikcə, yeni düşüncə tərzləri yaranır. Ona görə də idarəetmədə və dövlət sistemində mütləq dəyişikliklər və təkmilləşmələr olmalıdır. Köhnə qayda, əvvəlki idarəetmə və düşüncə ilə Mədəniyyət Nazirliyinin tərkibində olan kitabxanaların demək olar ki, yarısı ölü vəziyyətində idi. Çünki kitabxanalar vaxtında yeni texnologiya ilə təchiz olunmur, fondlar zənginləşdirilmirdi. Ona görə də imzalanan fərman müsbət mənada böyük dəyişikliklərə səbəb olacaq. Kitabxanalar yeni sistemlə idarə olunanda, yəqin ki, texnoloji cəhətdən də təkmilləşdiriləcək. Bu gün dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən istifadə olunmalıdır. Ona görə də düşünürəm ki, bu sahədə görülməsi vacib olan işlər bir az gecikib.
Azərbaycanda nəşriyyat işi həddindən artıq inkişaf edir, onlarla nəşriyyatlar var. Demək olar ki, hər gün yüzlərlə kitablar çap olunur. Oxucuların əksəriyyətinin bu kitabları almağa imkanı yoxdur və kitablarla tanış olub oxumaq üçün bir yer var, ora da kitabxanalardır. Kitabxanalar da köhnə qaydada fəaliyyət göstərəndə, təbii ki, oxucunun əli kitaba çatmayacaq”.
N.Əbdülrəhmanlının fikrincə, yaradılan yeni komissiya bütün nəşriyyatlarla müqavilə bağlamalı və çap məhsullarından məcburi nüsxələr almalıdır:
 "Bu nüsxələr ya köçürmə, ya da müqavilə yolu ilə olmalıdır. Kitabxanalar bütün çap məhsullarından nüsxələr almalıdır ki, oxucular heç olmasa kitab haqqında informasiya əldə edə bilsin. Fikrimcə, yeni sistem ciddi tətbiq olunsa, olduqca əhəmiyyətli olar. Belə olduqda kitabxanalara gedən oxucuların sayı da artar. Ona görə də bu sahədə işlərin ciddi aparılmasına ehtiyac var”.
Tanınmış ədəbi tənqidçi Əsəd Cahangir ölkə başçısının fərmanının qaçılmaz bir zərurətdən doğan qərar olduğunu düşünür: 
"Cənab prezident qabaqcıl dünyagörüşünə, hərtərəfli savada malik bir lider kimi özünün bütün qərarları ilə ölkənin istər iqtisadi, istər mədəni inkişafına can atır və buna nail olur. Ədəbiyyat, kino və digər sahələr üzrə qəbul edilən qərar kimi kitabxanalarla bağlı qərarı ilə də prezident ilk növbədə mədəniyyətə, intellektə, biliyə olan qayğısını ifadə edir. Bu qərarın realizəsi oxucularla kitabxanaçılar arasında zəifləmiş əlaqələrin güclənməsinə xidmət edir.
Bu istiqamətdə 2 əsas məsələdə yeniləşdirmə işləri aparılmalıdır. Bunlardan birincisi odur ki, ilk növbədə kitabxanaların binaları və avadanlıqları dəyişdirilməlidir. Bundan başqa, kitabxanalar müasir insan təfəkkürünə və zövqünə uyğun kompüter texnologiyaları ilə təmin edilməlidir. Kitabların axtarılması, sifarişi, mütaliəsi asanlaşdırılmalıdır. Bütün bunlar xüsusilə gənclərin kitabxanalara kütləvi surətdə axınını təmin edəcək. Kitabxanalar onların sadəcə hansısa kitabı alıb oxuması yox, həm də intellektual mübadilə etdiyi, fikir bölüşdüyü maraqlı istirahət məkanına çevrilə bilər”.
Ə.Cahangirin sözlərinə görə, kitabxanalarda olan kitablar müasirləşməlidir: 
"Yəni müasir dizaynla çap olunan, müasir insanın təfəkkürünə uyğun kitablar olmalıdır. Həmçinin ölkə daxilində və xaricində müxtəlif dillərdə çap olunmuş kitablarla təchiz olunmaq kitabxanaların dövrün tələbi ilə ayaqlaşmasına, cəlbedici bir məkan olmasına səbəb ola bilər. Həmçinin kitabxanalar ənənəvi olaraq kitab sifarişinin verilməsi və oxunması kimi klassik formatından çıxmalıdır və müəyyən mənəvi kütləvi tədbirlərin keçirildiyi bir məkan olmalıdır. Xüsusilə də ədəbiyyat və incəsənətlə, mədəniyyətlə bağlı kütləvi tədbirlər keçirilməlidir. 
Fikrimcə, bunun üçün kitabxanaların tərkibində müasir dizaynla müəyyən zallar fəaliyyət göstərməlidir. Əgər belə olarsa, bu, kitabxanalarla oxucular arasında əlaqəni genişləndirə bilər. Bütün bunların nəticəsində "kitaba və kitabxanalara ehtiyac yoxdur” kimi əsassız fikirlər tamamilə aradan qalxar. 
Əlbəttə, bu fikirlərdə müəyyən bir həqiqət var, amma bu, birtərəfli bir həqiqətdir. Söhbət ümumən kitabxanaların ləğvindən yox, köhnə formatda olan kitabxanaların yeniləşməsindən gedir. Prezidentimizin qərarı da məhz bu dəyişiklik zərurətinə uyğun adekvat reaksiyanın verilməsindən ibarətdir”.
Yeganə Bayramova