Əli Həsənov: “Konstitusiyaya dəyişiklikləri ölkədə aparılan siyasi və iqtisadi islahatların davamı hesab etmək olar”
Dünən Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, MSK sədri Məzahir Pənahov, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və media orqanlarının rəhbərləri iştirak ediblər.
MSK sədri Məzahir Pənahov deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə bağlı MSK-nın Təqvim Planı təsdiqlənib, 3 təşviqat qrupu qeydiyyatdan keçib. M.Pənahov seçki, referendum prosesinin mahiyyətinin ictimaiyyətə çatdırılmasında əsas rolun KİV-in üzərinə düşdüyünü və MSK-nın əsas tərəfdaşının da KİV olduğunu bildirib: "Hələ ilin əvvəlində Prezident İlham Əliyev 2016-cı ili islahatlar ili elan edib, yeni qurumlar təsis edib. Konstitusiyaya dəyişiklikləri ölkədə aparılan siyasi və iqtisadi islahatların davamı hesab etmək olar. Yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu qəbul edilən qərarların icrasını təmin etmək üçün optimal institut kimi nəzərdə tutulub”.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bildirib ki, indiyə qədər 5 referendum keçirilib: "1995-ci ildə Konstitusiya qəbul olunub, 2002 və 2009-cu ildə keçirilən referendumda əlavə və dəyişikliklər edilib. Konstitusiya dünyanın heç bir ölkəsində doğma sayılmır və zamanla müvafiq dəyişikliklər edilib. ABŞ və Fransa Konstitusiyalarına da çoxlu dəyişiklik olunub. Qonşu Türkiyədə də Konstitusiyaya dəyişikliklər gündəmdədir. Türkiyədə Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər prezident üsul-idarəsinin gücləndirilməsi ilə bağlıdır”.
"Dəyişikliklər siyasi və iqtisadi islahatların davamıdır”
Ə.Həsənov deyib ki, dövrün tələblərinə uyğun olaraq Konstitusiyaya dəyişiklik həm zərurət, həm də günün tələbidir: "Hələ ilin əvvəlində Prezident İlham Əliyev 2016-cı ili islahatlar ili elan edib, yeni qurumlar təsis edib. Konstitusiyaya dəyişiklikləri ölkədə aparılan siyasi və iqtisadi islahatların davamı hesab etmək olar. Yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu qəbul edilən qərarların icrasını təmin etmək üçün optimal institut kimi nəzərdə tutulub. Dəyişiklik və əlavələrə əsasən, sahibkarlıq sahəsində dövlətin funksiya və vəzifələrin sərhədləri dəqiq müəyyən edilib. Seçkili orqanlarda yaş senzinin aradan qaldırılması da mühüm addımdır”. Ə.Həsənov deyib ki, Konstitusiya dəyişiklikləri dövlət orqanlarının fəaliyyətlərinin daha da təkmilləşdirilməsinə xidmət edir: "Demokratik ölkələrdə insanları səsverməsi prosesinə hazırlamaq ciddi məsələdir. Bu məsələdə dövlət orqanlarının və medianın rolu böyükdür. Referendumda təşviqat prosesi medianın rolu "KİV haqqında” qanunda və Mərkəzi Seçki Komissiyasının təlimatlarından əksini tapıb. Təkcə jurnalist vəsiqəsi kifayət edir ki, səsverməni izləsinlər. Medianın da işi ondan ibarətdir ki, tərəflərə bərabər şərait yaratsın. Media tam müstəqil olmalıdır. Biz mediaya tərəfdaş kimi, milli maraqlarımızın müdafiəçisi kimi yanaşırıq. Ancaq çox təəssüflə qeyd etmək lazımdır ki, bəzi media orqanlarında referendumla bağlı həqiqətəuyğun olmayan materiallar yerləşdirilir”.
Əhalinin hər 1000 nəfərindən 767-nin internetə çıxışı var
Azərbaycan prezidentinin köməkçisi referendumun azad, şəffaf keçirilməsində KİV-in də üzərinə mühüm vəzifə düşdüyünü bildirib: "KİV referendumqabağı təşviqatda aktiv olmalıdır. Bu, Azərbaycan dövlətinin marağındadır. Təşviqat prosesində KİV-in rolu və vəzifələri Seçki Məcəlləsində, "KİV haqqında” qanunda əksini tapıb. Jurnalistlər seçki prosesinin bütün mərhələlərini izləməkdə azaddır. Onlar MSK və dairələrdə akkreditə olunmadan istənilən seçki məntəqəsində prosesi müşahidə edə bilərlər. Əsas odur ki, jurnalistlər referendumla bağlı müxtəlif mövqeləri, o cümlədən prosesə tənqidi münasibət bildirən siyasi partiyaların, vətəndaşların mövqelərini işıqlandırmalıdır”. Heydər Əliyevin mətbuat üzərində senzuranı aradan qaldırdığını, Mətbuat Nazirliyini ləğv etdiyini qeyd edən Ə.Həsənov Azərbaycanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını, ötən dövr ərzində mətbuata 30 milyon manatdan çox yardım göstərildiyini bildirib: "Əlavə yardımları da nəzərə alsaq, KİV-ə yardımın ümumi məbləği 40 milyon manata çatır”. Ölkədə real yayımı olan 200-dən çox qəzet, 300-dən artıq fəal internet resursunun olduğunu deyən Ə.Həsənov bildirib ki, əhalinin hər 1000 nəfərindən 767-nin internetə çıxışı var. Prezidentin köməkçisi qeyd edib ki, media ilə bağlı tələblər onlayn mediaya da şamil edilir: "Əgər onlar seçki prosesində jurnalist kimi çıxış edib, seçki məntəqələrinə jurnalist vəsiqəsi ilə daxil olurlarsa, jurnalist məsuliyyəti də daşıyırlar. Blogger öz səhifəsində nəsə yazırsa, bu, başqa məsələ. Lakin 3-5 nəfər internet saytında bir araya gəlibsə, bu, artıq mediadır. Ona görə də onlayn media ilə bağlı məsələlər Seçki Məcəlləsində əksini tapmalıdır. Onlayn media da mediadır”.
"Referendumda medianın üzərinə ciddi məsuliyyət düşür”
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli çıxışı zamanı bildirib ki, media sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi ilə bağlı bütün tərəflərə bərabər şərait yaratmalıdır. MTRŞ sədri deyib ki, referendumda medianın rolu Seçki Məcələsində də aydın şəkildə göstərilib: "Medianın rolu gündən-günə artır. Bu baxımdan referendumda medianın üzərinə ciddi məsuliyyət düşür. Azərbaycan telekanallarında ödənişli efir vaxtı reklamla bağlı qanunvericiliyə uyğun olmalıdır. İndiyədək bu məsələdə ciddi problemlə rastlaşmamışıq. Təbii ki, keçiriləcək ümumxalq səsverməsində təşviqat prosesində ödənişli əsaslarla efirlə bağlı pozuntu aşkarlanarsa, müvafiq tədbir görüləcək”. N.Məhərrəmli qeyd edib ki, Azərbaycanda fikir və söz azadlığı tam təmin olunub: "Bu baxımdan, medianın fəaliyyəti üçün əlverişli şərait var. Bundan öncəki seçkilərdə təşviqat aparılması prosesində hər hansı ciddi problem yaranmayıb. Referendumqabağı təşviqatda da hansısa problemin ortaya çıxması gözlənilmir”. MTRŞ sədri telekanallarda ödənişli və ödənişsiz əsaslarla referendumqabağı təşviqat prosesi zamanı riayət edilməli olan qaydalardan da söz açıb.
"İnanıram ki, təşviqat qruplarına KİV-də xüsusi yer ayrılacaq”
Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev də Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin mahiyyətinin insanlara çatdırılmasında media və vətəndaş cəmiyyəti institutlarının üzərinə mühüm vəzifə düşdüyünü deyib: "Mətbuat Şurası KİV-in səsvermənin qərəzsiz, ədalətli işıqlandırılması, həmin prosesi işıqlandıran media təmsilçilərinin üzləşə biləcəkləri maneələrin aradan qaldırılması istiqamətində fəaliyyət göstərir. Şurada səsvermə günü "Qaynar xətt” təşkil edilir. Jurnalistlərə səsvermə günü üzləşə biləcəkləri problemlərlə bağlı quruma müraciət etmək imkanı yaradılır. Şura MSK ilə müntəzəm əlaqə saxlayır. Seçki və referendumla bağlı maarifləndirici tədbirlərin təşkilini də diqqət mərkəzində saxlayır. Bu gün Prezident Administrasiyası və MSK ilə birgə təşkil edilən tədbir də bu qəbildəndir. İnanıram ki, təşviqat qruplarına KİV-də xüsusi yer ayrılacaq. İctimaiyyət referendumla bağlı geniş məlumatlandırılacaq. KİV-in ictimaiyyətin referendum barədə obyektiv məlumatlandırılmasında, seçkilərin ədalətli və şəffaf keçirilməsində mühüm rol oynayacağına əminik”. Sonda MSK-nın sədr müavini Natiq Məmmədov "Referendumqabağı təşviqata dair ümumi tələblər və referendumqabağı təşviqat subyektləri, ödənişli və ödənişsiz əsaslarla aparılan referendumqabağı təşviqata şərait yaradılması prosesində KİV-in üzərinə düşən vəzifələr” mövzusunda çıxış edib.
İsmayıl