Kiyev Lapşini niyə verməmişdi?

Avakov sonda Ukrayna xalqının bir nömrəli düşməni olacaq
“Ukrayna Qərbin təsiri altındadır. İsrailin də ABŞ-a təsiri çox güclüdür. Lapşin İsrail vətəndaşı olduğu üçün hökumət Vaşinqtondan icazəsiz addım ata bilməz”

Azərbaycan tərəfi Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər etmiş blogger Aleksandr Lapşinin ekstradisiyası ilə bağlı yalnız Belarusa yox, həm də Ukraynaya müraciət edibmiş. Amma Ukraynanın əslən erməni olan daxili işlər naziri Arsen Avakov bu müraciətə rədd cavabı verib. Ondan sonra rəsmi Bakı Belarusa müraciət ünvanlayıb. Blogger Lapşin, İsrail və Rusiya ilə yanaşı, Ukrayna pasportuna da malikdir.

O, Azərbaycana məhz Ukrayna pasportu ilə daxil olmuşdu. Baxmayaraq ki, onun adı artıq bizim ölkəmizin Xarici İşlər Nazirliyinin "qara siyahı”sında idi. Ancaq Lapşin Ukrayna pasportunda adının "Oleksandr” kimi yazılmasından sui-istifadə etmişdi. Məlumat üçün bildirək ki, Aleksandr Lapşin dekabrın 15-də Azərbaycanın dövlət sərhədini qanunsuz keçdiyinə və ölkənin ərazi bütövlüyünün pozulmasına yönəlmiş açıq çağırışlar etdiyinə görə təqsirləndirilən şəxs qismində saxlanılıb və beynəlxalq və dövlətlərarası axtarışda olduğu üçün fevralın 7-də Bakıya ekstradisiya olunub. 

Belarusun atdığı cəsarətli addımı Ukraynanın ata bilməməsi ilə bağlı "Şərq”ə fikirlərini bölüşən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Pyotr Poroşenko köhnə biznesmendir. O, pulla hakimiyyətə gəlib və öz biznesini genişləndirməklə məşğuldur: 

"Hazırda Ukraynada gecikmiş cəbhə strukturu formalaşıb. Yəni bizim 1990-93-cü illərdə buraxdığımız səhvləri Ukrayna indi buraxır. Təəssüflər olsun ki, o ölkədə dövlətdən, idarəetmədən başı çıxan adam yoxdur. Ukraynada separatizm də çox güclü baş qaldırıb. Etniklər hakimiyyət strukturlarını ələ keçiriblər. Bu da istər-istəməz Ukrayna dövlətinə yox, ayrı-ayrı qüvvələrin, etniklərin marağına xidmət edir. Eyni zamanda Ukrayna Qərbin təsiri altındadır. İsrailin də ABŞ-a təsiri çox güclüdür. Lapşin İsrail vətəndaşı olduğu üçün hökumət Vaşinqtondan icazəsiz addım ata bilməz. Amerikada vəziyyət qarışıqdı, hökumət keçid dövrünü yaşayır. Buna görə də erməni əsilli Arsen Avakov mövcud vəziyyətdən yararlandı”. 

Ekspertin fikrincə, Avakov Ukrayna dövlətinin və xalqının bir nömrəli düşməni olacaq: 

"Azərbaycanda sovet hakimiyyətinin ilk illərində ermənilər demək olar ki, bütün vəzifələri zəbt etmişdilər. İndi eyni şeyi Ukraynada edirlər. Avakov digər ermənilər kimi azərbaycanlılara nifrət edir, onlardan heyfini çıxmağa çalışır. Bu, arzuolunmaz faktdır. Bilirsiz, bizim Ukraynada səfirliyimiz, diasporamız, iş adamlarımız var. Təəssüflər olsun ki, xaricdəki soydaşlarımız arasında birlik çox zəifdir. Çoxları ancaq bizneslə məşğul olurlar, yerliçilik edirlər. Azərbaycan diaspora təşkilatlarının bir-biri ilə davasını görəndə adamın ürəyi ağrıyır. Bu acı həqiqətin ziyanı isə bütün Azərbaycana dəyir”.

İsmayıl