...Bir sutkanın içində İŞİD-i məhv etmək olar
ABŞ-la hərbi ittifaqa girən kürdlər İŞİD silahlılarını Suriyanın Kobani şəhərindən çıxarıblar. Türkiyə ilə sərhəddə yerləşən bu şəhər demək olar ki, artıq peşmərgələrin əlindədir. Məlumat üçün bildirək ki, sentyabrdan indiyə kimi Kobani uğrunda gedən döyüşlərdə 1600 nəfər qətlə yetirilib.
Onlardan 1075 nəfəri İŞİD-çi, 459 nəfər isə kürd döyüşçüsü olub. Kobanini işğal etməyə cəhd göstərən İŞİD Türkiyə ilə birbaşa sərhəd xətti əldə etməyə çalışıb. Amma koalisiya qüvvələrinin havadan hücumları nəticəsində yerli kürd silahlıları Kobanini İŞİD-in əlindən almağa nail olublar. Bunu nəzərə alan bəzi ekspertlərin fikrincə, Kobanini itirən "islam dövlətinin” mövqeləri xeyli zəifləyəcək. Amma bunun əksini düşünənlər də var. Məsələni dəyərləndirən Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl deyib ki, indiyə qədər nə İraq, nə Suriya, nə də onlara yardım edən digər xarici dövlətlər İŞİD-ə qarşı kəskin, davamlı və qətiyyətli mübarizə aparıblar: "Əgər onlara qarşı mübarizə sistemli şəkildə aparılsaydı, bir sutkanın içində İŞİD-i məhv etmək olardı. Sadəcə olaraq radikal qruplaşmaya qarşı mübarizə kifayət qədər real və ciddi aparılmadığı üçün onlar bizə güclü görünür. Əslində "islam dövləti” güclü deyil, sadəcə, onlarla mübarizə çox zəifdir. Kobaninin azad olunması göstərdi ki, həqiqi dirəniş olanda təcavüzkar qüvvələri yerində otuzdurmaq mümkün olur. Fikir verirsinizmi, İŞİD İraqın paytaxtına girə bilmir. Çünki Mosuldan fərqli olaraq, Bağdaddakı hərbi qüvvələr konkret olaraq radikallara öz "dişlərini göstərir” və onlarla əzmlə mübarizə aparırlar. Kobanidə də peşmərgələr kənardan olan qüvvələrin yardımı ilə şəhəri azad etdilər. Kobani Suriya şəhəri olmasına baxmayaraq, peşmərgələr İraqdan gələrək bu şəhər uğrunda vuruşdular”.
İ.İsmayıl vurğulayıb ki, Kobanidə kürdlərin qələbəsini PKK-nın güclənməsi kimi dəyərləndirmək yanlışdır: "Kobanidə mübarizə aparanların əksəriyyəti peşmərgə kürdləridir. Peşmərgələri də Öcalan yox, Bərzani dəstəkləyir. İŞİD-ə qarşı vuruşan kürdlər Diyarbəkirdən ciddi dəstək aldılar. Bu dəstək həm maliyyə, həm də insan resursları idi. Düzdür, Türkiyə hökuməti Suriyanın və PKK-nın zəifləməsi baxımından Kobaniyə ciddi dəstək vermək fikrində olmayıb. Amma oradan qaçan əhalinin üzünə öz qapılarını hər zaman açıq qoyub. Ümumiyyətlə, indiyə qədər Türkiyədən fərqli olaraq digər ölkələr İŞİD-ə qarşı real və səmimi mübarizə aparmayıblar”.
İsmayıl