“Köçəri” ermənilərin rəqsi deyil

Azərbaycanın musiqiçiləri, Bəstəkarlar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyi UNESCO qarşısında məsələ qaldırmalıdır
Cənubi Koreyanın Jeju adasında keçirilən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin iclasında populyar adətlərin və yaradıcılıq formalarının - ənənəvi mahnı, mərasim və bayramların UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün 34 yeni sifariş müzakirə edilib. Azərbaycan həmin sessiyada milli dolma xörəyinin hazırlanması reseptinin bu siyahıya daxil edilməsi barədə müraciəti müsbət qarşılanıb və müvafiq olaraq Azərbaycan dolması Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Bununla yanaşı, həmin iclasda Azərbaycan milli rəqsi olan "Köçəri” Ermənistana məxsus rəqs kimi Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.
Azərbaycan Respublikasının və İran İslam Respublikasının birgə təqdim etdiyi "Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” də YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Mədəniyyət və Turizm Nazirliyindən UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylına dair qərar dekabrın 7-də açıqlanıb. Bu nominasiya sənədi Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin İran tərəfi ilə birgə əməkdaşlığı şəraitində təqdim edilib.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov isə "Köçəri”nin Azərbaycan və regionun digər xalqlarına məxsus rəqs növü olduğunu deyib. Onun sözlərinə görə, "Köçəri” rəqsinin Ermənistana məxsus rəqs kimi Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsi onun yalnız Ermənistana məxsus olduğu anlamına gəlmir. "Köçəri” Azərbaycan və regionun digər xalqlarına məxsus rəqs növüdür”.
Müəllif Hüquqları Agentliyindən verilən məlumata görə, Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanır, mənimsənilir və erməni nümunələri kimi təqdim olunur.
Agentliyin məlumatında qeyd edilib ki, "Köçəri” rəqsi Azərbaycanda çox məşhur olan qədim "Yallı” rəqsinin bir növüdür, hətta Azərbaycanın ən qədim tarixi daş abidələrindən sayılan və eramızdan əvvəl 12-8-ci minillikləri əhatə edən Mezolit dövrünə aid Qobustan qayalarının üzərində də "Yallı” rəqsinin təsvirləri verilib.
Kulturoloq Aydınxan Əbilov "Şərq”ə açıqlamasında, bu və ya digər formada Azərbaycanın qeyri-maddi, mənəvi dəyərlərinə çevrilən dəyərlərin UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinin bizim üçün sevindirici hal olduğunu deyib. Kulturoloq hesab edir ki, bu hadisə dünyada tanınmağımız üçün bizim miqrasiya pasportumuzdur: 
"Əvvəlki illərdə aşıq sənətimiz, kəlağayı, muğam, "Qobustan” abidələri və digər milli-mənəvi dəyərlərimiz də bu cür siyahılara daxil edilib. Dolmanın da Azərbaycan milli mətbəxinin bir nümunəsi kimi Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi də bizim növbəti uğurumuzdur. Amma elə dəyərlər var ki, ümumqafqaz və ümumşərq hadisəsi olduğuna görə, bəzən biz təşkilatçılar da onun hansı xalqa, millətə məxsus olduğunu dəqiqliklə deməyə çətinlik çəkirik. 
Məsələn, "Kitabi Dədə-Qorqud” və "Koroğlu” dastanı ümumtürk hadisəsi kimi qəbul olunur. Dastanda baş verən hadisələr Azərbaycan torpaqları olsa da, digər türk xalqlarının da haqlı arqumentləri var. Qafqaz rəqsləri də kifayət qədər müştərək hadisə olduğu üçün müxtəlif rəqslərlə bağlı qonşu xalqlar da öz iddialarını irəli sürürlər.
Amma söhbət ermənilərdən gedirsə, mütləq şəkildə ortada bir hiylə var. 
Ola bilsin ki, onlar "Köçəri” rəqsinin erməni variantını Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinə nail olublar. Hesab edirəm ki, bizim UNESCO-da olan nümayəndəliyimiz ermənilərin təqdim etdiyi rəqsləri dəqiqləşdirməlidir. 
Əgər ümumqafqaz "Köçəri”si ermənilərin rəqsi kimi təqdim edilibsə, Azərbaycanın musiqiçiləri, Bəstəkarlar İttifaqları və Mədəniyyət və Turizm Nazirliyi UNESCO qarşısında məsələ qaldırıb, öz etirazını bildirməlidir. Əslində bir məsələni də qeyd edim ki, ermənilər Azərbaycana məxsus qeyri-maddi, mənəvi dəyərlərə sahiblənərək özlərinin genetik varlıqlarını, milli dəyərlərini məhv edirlər. Fikrimcə, Azərbaycan bu istiqamətdə də öz təbliğatını qura bilər”.
Şəymən