“Köhnə maşınları yol hərəkətindən çıxarmalıyıq”





Milli Məclisin bugünkü iclasında "Yol hərəkəti haqqında” qanuna dəyişiklik müzakirə edilib. 

Sherg.az xəbər verir ki, qanuna yeni məzmunda V-II hissənin əlavə edilməsi təklif olunur.

 Belə ki, əlavəyə görə, nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Qanun layihəsinin müzakirəsi zamanı xanım millət vəkili Elmira Axundova bildirib ki, ötən illərlə müqayisədə 2017-ci ildə ölkədə avtoqəzaların və bunun nəticəsində baş verən ölüm hallarının sayı artıb. Deputat bir neçə il qabaqkı təklifini yada salaraq deyib ki, qonşu ölkələrin, o cümlədən, Rusiyanın təcrübəsini öyrənməliyik: 

"Məncə köhnə model maşınları, xüsusilə də, Rusiya istehsalı olan maşınları yol hərəkətindən çıxarmalıyıq. Bunun müqabilində də avtomobil sahiblərinə müəyyən məbləğdə vəsait və yaxud çek verilsin, daha doğrusu, həmin şəxslərlə daha güzəştli şərtlərlə yeni model avtomobil almaq imkanı yaradılsın. Çünki ölümlə nəticələn avtoqəzaların böyük əksəriyyəti köhnə model maşınlarda baş verir”.

Anar