Kommersiya bankları niyə DOLLAR satmır? - İZAH




"Banklar dollar satmırsa, "qara bazar”ın ləğvindən danışa bilmərik".

Bu sözləri Sherg.az-a son zamanlar əhali arasında ciddi narazılıqlara səbəb olan kommersiya banklarının dollar satmamağı məsələsinə münasibət bildirərkən. iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

O, Mərkəzi Bank (MB) və Maliyyə Bazarlarına Nəzarət Palatasının dollar satışının dayandırılması ilə bağlı heç bir açıqlama verməməsinə diqqət çəkib:

"Artıq xeyli vaxtdır ki, kommersiya bankları dollar satışını dayandırıblar. Bu narahatlıq doğuran məsələ olsa da, adı çəkilən aidiyyatı qurumlar dollar satışının bərpası ilə bağlı praktikada real addımlar atmayıb.

Ölkəmizdə kifayət qədər xaricə getmək istəyən və ya xarici ölkələrdə təhsil alan övladına pul göndərməli olan vətəndaşlar var, dollar tapa bilmirlər. Bu zaman məcbur olub, "qara bazar”a müraciət edir, yüksək məzənnə ilə dollar alırlar. Bütün hallarda bankların dollar satışını dayandırması heç bir iqtisadi məntiqlə izah edilə bilməz. Düzdür, bunun səbəbləri var ki, banklar dollara olan tələblərini ödəyə bilmir, lakin MB hərraclar vasitəsilə bankların sifarişi əsasında dollar satır. Bankların aldığı dolları satmaq kimi bir öhdəliyi isə yoxdur.

Məsələnin yoluna qoyulması üçün MB-nın müdaxiləsinə ehtiyac var. Öncə dollar qıtlığının aradan qaldırılması üçün kommersiya banklarının dollara olana tələbi ödənilməlidir”.

V. Bayramov əlavə edib ki, bu sahədə addımlar atılmazsa, sahibkarların da fəaliyyətində ciddi problemlər yarana bilər:

"İri sahibkarlar konversasiya yolu ilə ödənişləri həyata keçirə bilər, lakin xırda və orta sahibkarlar əsasən nağd ödənişlər həyata keçirdiyinə görə, onların fəaliyyətinə ciddi problemlər yarana bilər. Bu səbəbdən ən azından MB məsələ ilə bağlı açıqlama verməli, mütləq tədbirlər görməlidir”.

Qeyd edək ki, son aylar Azərbaycanda kommersiya bankları dollar satışını dayandırıb və bu hal insanların narazılığına səbəb olub. 

Ayyət Əhməd