KÖNÜL CAN DOSTU İSTƏR
Ehtiram İlhamın 50 yaşına
Bəlkə də bu yazını bir başa Ehtiramın öznə ünvanlamalıydım. Əslində qələmi əlimə alıb yazmağa başladığımda o düşüncədəydim və nə yazacağımı təxmini də olsa bilirdim. İki-üç gün öncə Elnur Astanbəyli ilə bu haqda danışanda "Bəy, sənin Dərdişə ithaf etdiyin tütyə kimi şeirin var, o şeirin yanına ikicə kəlmə də yazsan, hər şey tamamdır” deyərək, işimi yüngülləşdirməyə çalışdı...
Hər zaman olduğu kimi, yenə hər şey bir anda dəyişdi... və bu andan sonra nə yazacağımı bilmirəm. Çünki üz tutacağım adamın üzünü ömrümdə bircə dəfə də olsun görməmişəm.
O, gözəlim insan bilirsinizmi kimdir?
Üzümü İşıq Ələkbərin oğlu, ilk Tovuzlu dostum Məhəmmədin qardaşlığı, sevib-əzizlədiyi, tüstüsü təpəsindən çıxsa da bağrının başında gəzdirdiyi dərdindən nə vaxtsa ayrı düşəcəyindən xoflanaraq adını adıyla qoşa yaşadan Ehtiramın böyük qardaşı İlhama tuturam.
Əziz qardaşım İlham, öncəliklə, Ruhun qarşısında sayqıyla əyilirəm və adına salavat çevirib 50 yaşın mübarək olsun deyirəm. Bəli, bu gün həm də Sənin 50 yaşın tamam olur. Eyni zamanda, bu gün, hamımızın dərdimizin-sərimizin ortağı olan Dərdişimiz Ehtiram haqqında ən xoş sözlərimi, ən gözəl arzularımı üzümü Sənə tutaraq demək istəyirəm. Çünki buna ən çox Sənin haqqın çatır, çünki hər qardaş öz qardaşı haqqında, xüsusən kiçik qardaşı haqqında, iki kəlmə xoş söz eşitmək istər...
Əziz qardaşım, Sənin cismanı yoxluğun Ehtiramı külə döndərib cızdağını çıxarsa da ondan nigaran olma. Təpədən-dırnağa sevgi olan bir adamdan niyə nigaran olasan ki? Onun qoruyucu mələyinin adı Sevgi, baxışı sevgi, danışığı sevgi, qayğısı sevgi, hətta aldığı nəfəs belə sevgidir... Hər halda bütün dostlar etiraf edər ki, Ehtiramı bir an olsa sevgisiz təsəvvür etmək mümkün deyil. Mən bu sevgi topasını tapanda, görəndə və yaxud tanıyanda demirəm, məhz tapanda, mənim əlli yaşım varıydı. Sanki əlli ildən sonra illər boyu tanıdığım, ruhunu ruhumda barındırdığım ən qiymətli itiyimi tapmışdım. Qəribəsi budur ki, mən Ehtiramı hər zaman əlli yaşında görürəm – öz 50 yaşımda da, öz 50 yaşında da, hətta Atilayın 50 yaşında da – axı "oğul atasına oxşamalıdır”.
Əzizim İlham, mən Ehtiramı əlli yaşımda Sənin qoyub getdiyin qosqocaman bir Ağrının içində tapdım. İndi onun Ağrısının 50 yaşı var. Amma o, Ağrısını o qədər əzizləyib sevir ki, özünün də xəbəri olmadan bir topa, yupyumru sevgi külçəsinə dönüb. Hər görüşündə dostlarına öz sevgisindən qulac-qulac paylasa da bu külçənin nə vaxtsa ifçinlənib əlçimlənəcəyinə inanmaq olmur. Bəlkə bunu heç özü də istəmir. Mənim ağrılar içində tapdığım, tapıb sevdiyim, sevib söyərəklədiyim, qıvrım saçlarından tutmuş, yanpörtü, sol ayaq pəncəsini eşə-eşə ütələk yerişinə qədər, çözək-çözək olmuş yumağı xatırladan Ehtiram İlham, bircə sözün içində rahatlıq tapır. O sözün ki, vətən, ata-ana, qardaş və övlad sevgisini ürək yanğısıyla dilə gətirir. O sözün ki, "səsində, naləsində azaraq, 50 yaşın şeirini ürəyinin qanıyla yazır”.
Əziz qardaşım, hər halda Ruhun duymamış olmaz, Ehtiramın özünə məxsus şeir demə tərzi ayrı bir aləmdir. Və mənə elə gəlir ki, o, dediyi bütün şeirlərin hamısını üzünü Sənə tutub söyləyir. Elə buna görə də öz deyim tərzi ilə hər kəsdən seçilir. Ağrıyla yoğrulmuş bir sevginin səs tonu başqa necə ola bilər ki. Başda Səməd Vurğun olmaqla, sevib-seçdiyi söz adamlarının şeirləri onun diksiyasında ən ruhsuz adamı belə havalandırır. Xüsusən, Şaiq Vəlinin şeirlərini Ehtiramın intonasiyasında dinləmək bambaşqa bir həyəcandır. Nə xoş mənim halıma ki, ilk dəfə bu həyəcanı öz ata evimizdə, dədə-baba yurdumda – Qaraçöpdə yaşamışam. "Dost gəlişi bayram olar” deyiminin yaşantısı 2016-cı ilin yay günlərində bütün gözəlliyi ilə yeddi oymaq Qaraçöpü bürümüşdü.
Həyatda dost qavramını kim hansı məziyyətlərə görə təsbit edərək adlandırıb bilmirəm, amma, əgər günümüzə qədər belə bir qavram mövcud olmasayadı, əminəm ki, Ehtiramı ilk görən adam mütləq ona dost deyə müraciət edərdi. İnsanın görmə qabiliyyəti aydınlığa möhtac olduğu kimi, tanışlığın dostluğa çevrilməsi də Ehtiram İlham səmimiyyətinə möhtacdır. Bu səmimiyyətin bir də cəfakeş, qayğıkeş və təəssübkeş tərəfləri var ki, bu xüsusiyyətlərinə görə Ehtiram hər birimizin can dostudur. Könül isə hər zaman can dostu istər.
Əziz qardaşım İlham, bir yubiley təbrikinə sığa biləcək qısa dost qeydlərimdə Ehtiramın yalnız sevgisindən danışmaq istədim. Amma bu sevgilər içində əsla unutmaq istəmədiyim bir məqam daha var. O da Ehtiramın dünyaya sığmayan Atilay sevgisidir. Bu sevgi haqqında danışmaq bir yana, düşünəndə belə, sevginin sevinci adamın ayaqlarını yerdən kəsir. Atilayın adını Ehtiramın dilindən eşitmək, insana bir ömür boyu xoşbəxt ola biləcək qədər enerji verir. Bütün varlıqları yaşadan da enerjidir. Arzu edirəm, dostlara yaşam enerjisi, sevgi enerjisi paylayan qardaşımız Ehtiram İlham, öz məxmər səsiylə Atilayın 50 yaşında yubiley iştirakçılarına "Elə çox yaşadım, çox yaşadım ki...” deyə.
Yubileyimiz mübarək!
Xaqani Qayıblı, Estoniya, Tartu şəhəri
12 yanvar 2019
___________________________________________________________________________
Keçdiyimiz günlərdə əziz qardaşım Ehtiram İlhamın bir müsahibəsini oxudum. Müsahibənin sonunda Ehtiram ürək ağrısıyla "Heyf, Şaiq Vəlini gec tanıdım” deyir. İfadə məni tutdu və Ehtiramı Şaiq Vəli havasında təbriklədim.
Bir anda həyat dadlanar,
Sevinçdən dizlər qatlanar...
Of... ürəyim atdanır –
Görüş... görüş... görüş...
Qürbət ölümdən betər –
Kimsə yox dada yetə!
Könül can dostu istər –
Gediş... gediş... gediş...
Həsrətdən didilən – yol,
Gedən biz, gödələn – yol,
Bir ömür gedilən yol
Vərdiş... vərdiş... vərdiş...
Bir yetim gözündə itər,
Bürünər sözündə itər,
İtər, özündə itər
Dərviş... dərviş... dərviş...
Eşidirmi yurd salan?
Almır daha yurd salam...
Mən – didərgin, yurd – talan
Gərdiş... gərdiş... gərdiş...
Dosta məlhəm hər sözü,
Nurdu çöhrəsi, üzü...
Adı Ehtiram, özü
Dərdiş... Dərdiş... Dərdiş...
Tartu, 22-30.01.2017