Kreativ bir layihəyə start verilir

Çətin tərbiyə olunan uşaqların tərbiyəsində teatr metodlarından istifadə nəzərdə tutulub
«Görünməz dərs» adlı proyektdə uşaqlar bilmədən dərs prosesində iştirak edəcək


Uşaqlar bizim gələcəyimizdir. Onların həyata hazırlanmasında isə hər birimizin üzərinə məsuliyyət düşür. Uşaqlar təkcə təhsil verilərək, tədris ocaqlarında tərbiyə olunmamalıdırlar. Onların tərbiyəsində ətraf mühitin, sosial həyatın təsiri danılmazdır. Uşaqların dünyagörüşünə, intellekt səviyyəsinə, mədəni təfəkkürlərinə teatr səhnəsinin, tamaşaların böyük mənada psixoloji təsiri var. Uşaq teatrı bu məsuliyyəti illərdi üzərində daşımağa çalışır. 

Teatr binası olmadan, maddi-texniki imkanların məhdud olmasına baxmayaraq teatr uşaqlar və yeniyetmələr üçün fəaliyyət göstərir. Teatrın direktoru İntiqam Soltan «Şərq»ə teatrın yenilikləri barədə maraqlı məlumatlar verdi. O, yeni mövsümün açılışının maraqla qarşılandığını qeyd edərək bu mövsüm təqdim olunacaq tamaşalardan danışdı: «Sentybrın 26-da mövsümün açılışını qeyd etdik. Hər il ənənəvi olaraq 2 tamaşa ilə mövsümün açılışı olur. Həm böyüklər, həm də uşaqlar üçün hazırladığımız tamaşa ilə mövsümə start verilir.

 Daimi yerimiz olmadığı üçün müxtəlif məkanlarda açılış mərasimlərini təşkil edirik. Nəyə görə sentyabrın 28-ni seçmişik? Sentyabrın 26-sı Türk dili günü olduğu üçün uşaqları öz ana dillərində danışmağa dəvət edirik. Dil insanlar arasında ən böyük ünsiyyət vasitəsidir fikrini əsas tuturuq. Uşaqlara dilə olan sevgini aşılamağa çalışırıq. Bu mövsüm konkret tamaşa ilə yox, bayram əhval-ruhiyyəli proqramla mövsümü açıq elan etdik. Bütün tamaşalardan səhnəciklər seçərək, illüziyalarla, şou proqramla uşaqların qarşısına çıxdıq. Sentyabrın 27-də isə Dillər Universitetinin tələbələrinin qarşısında çıxışımız oldu. 

Yeni bir tamaşa ilə onların qonağı olduq. Klassikaya müraciət etdik. 

Haqverdiyevin «Kimdir müqəssir» tamaşası ilə tələbələrin qarşısında olduq. Tamaşa Elşən Zeynalovun quruluşunda hazırlanmışdı. Çox maraqla qarşılandı. Hətta Xarici Dillər Universitetinin rəhbərliyi tərəfindən bir neçə tamaşa sifariş olundu. Bu il bir çox yaradıcılıq yeniliklərimiz olacaq. Cəlil Məmmədquluzadənin «Çay dəstgahı»nı hazırlayırıq. Könül Şahbazova tamaşaya quruluş verib. Yaxın vaxtlarda təhvil veriləcək. Özümün də yeniliklərim var. Uşaq teatrının nəzdində yeni bir film-tamaşa hazırlamışıq. 

Narkomaniyaya qarşı mübarizə məqsədilə film-tamaşa hazırlanıb. Akif Çəngərlinin «Bəla» əsərini film-tamaşa şəklində hazırlayırıq. Qeyri-hökumət təşkilatı tərəfindən sifariş edilib. Son illər film-tamaşa çəkilmirdi. 55 dəqiqəlik maraqlı ekran əsəri alınıb. Filmin quruluşçu rejissoru mən özüməm. Bu mənim film-tamaşa olaraq ilk rejissor işimdi, yəni debütümdü. 

Eyni zamanda, paralel olaraq Türkiyədən sifariş almışam. Rövşən Ağayevin gənclər üçün nəzərdə tutulmuş bir əsəri üzərində işləyirik. Əsərin adı «Bir gecənin nağılı»dır. Əsərin motivləri əsasında «Sevgi şimşəyi» adlı tamaşa hazırlayırıq. Tamaşanın rejissor işi də mənə aiddir. Oktyabrın 10-dan 25-nə qədər Bakı Uşaq Teatrının Kollektivi İstanbul şəhərində keçirilən festivala dəvət almışıq. Eyni zamanda Türkiyədə keçiriləcək festivalda da iştirakımız nəzərdə tutulub. Yeri gəlmişkən, onu da qeyd edim ki, teatrın festivalda iştirakının bütün xərclərini Türkiyə tərəfi öz üzərinə götürüb. Çünki bundan əvvəl də Türkiyədə olarkən bir işimizi görüblər deyə, onların marağına səbəb olub. Orda xarici vətəndaş olaraq ilk «Kristal Çinar» mükafatına layiq görülmüşəm».

İntiqam Soltan bu mövsüm çox maraqlı və cəmiyyətimiz üçün əhəmiyyətli bir layihəyə imza atacaq. Belə ki, onun fərdi yaradıcılığında xüsusi bir iz qoya biləcək kreativ bir layihənin üzərində iş görülür. «Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə çox maraqlı bir layihə üzərində ciddi iş görülür. 

Çətin tərbiyə olunan uşaqların tərbiyəsində teatr metodlarından istifadə nəzərdə tutulub. Təhsil modeli təqdim etməyi düşünürük. Artıq sabahdan başlayaraq təlim dərslərinə başlayırıq. Bir neçə il əvvəl də çətin tərbiyə olunan uşaqlar üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsində tamaşa ilə çıxışlarımız olmuşdu. Hazırda həmin cəzaçəkmə müəssisəsinin müəllimiyəm. Sabahdan başlayaraq dərslərə start verilir. Oktyabra qədər davam edəcək. Bunun əsasında «Görünməz dərs» adlı proyektdə uşaqlar bilmədən dərs prosesində iştirak edəcək. Çox kreativ bir yanaşma yolu seçdik. Ondan sonra noyabrdan metodik vəsait yazmağa başlayıram. Çətin təbiyə olunan uşaqların təbiyəsində bu metodik vəsaitin əhəmiyyəti ola bilər. Dekabrda isə həmin metodik vəsaitin təqdimatı planlaşdırılır».

Tahirə