Kredit faizlərinin yüksək olması təkcə bankların günahı deyil





"Şirkətlərin maliyyə hesabatları şəffaf, riskləri az olsa, daha aşağı faizlə kredit götürə bilərlər”

"Azərbaycanda fəaliyyət göstərən əksər şirkətlərin risk göstəriciləri yuxarı olduğundan banklar yüksək faizlə kredit təklif etmək məcburiyyətində qalır”

Mərkəzi Bank sədri Elman Rüstəmov uçot dərəcəsinin siqnal effekti olaraq kredit faizlərinə təsir etdiyini deyib. Lakin onun sözlərinə görə kredit faizləri təkcə uçot dərəcəsindən asılı deyil. Burada bir çox mürəkkəb məsələlər var: 

"O cümlədən, bu gün bank sektorunda çox əhəmiyyətli dərəcədə struktur profisiti deyilən, yəni vəsait var, onu yerləşdirmək istəyirlər. Bazar iqtisadiyyatı dilində desək, çox böyük təklif var. Bu, kredit faizlərinin azalmasına gətirib çıxarmalı idi. Lakin bank sektorunun özündə olan problematika, orada olan zəifliklər imkan vermir ki, bu gün kredit faizlərini aşağı salaq. Biz və digər müvafiq qurumlar tərəfindən bu istiqamətdə işlər görülür, məsələ diqqət mərkəzimizdədir. Çalışacağıq ki, yaxın gələcəkdə bütövlükdə pul-kredit, o cümlədən bank siyasətinin kredit faizlərinə transmissiya effektini artıraq. Yəni ona təsir imkanlarımızı artırmağa çalışırıq. Bu, böyük bir islahat tələb edir və hazırda başlıca diqqətimiz bu islahat gündəliyindədir".

Uçot dərəcəsinin kreditlərin faiz dərəcəsinə təsirinin mütləq olduğunu deyən "PSJ Kapital» Menecment İnvestisiya Şirkətinin direktor müavini, maliyyə bazarı üzrə ekspert Cəfər İbrahimlinin "Şərq”ə açıqlamasına görə, Maliyyə Nazirliyinin istiqrazları və Mərkəzi Bankın notları 8 faizlə borclanır. Daha doğrusu, sıfır riskli borclanma 8 faizdir. Bunun da üzərinə inflyasiya və digər risklər gəldiyi zaman bazar faizi formalaşır.

Kreditlərin faiz dərəcəsi ilə mövqeyinin digər ekspertlərin mövqeyindən fərqli olduğunu qeyd edən C.İbrahimli hesab edir ki, iqtisadiyyatda və regional, qlobal səviyyədə baş verən proseslərin cərəyan etməsi əsasında bankların bazar faizi də risklər fonunda formalaşır: "Azərbaycanda bank faizlərinin yüksək olması uzun müddətdir müzakirə edilən məsələdir. Burada çox vaxtı da banklar ittiham olunur ki, banklar faizləri aşağı salmır. Amma faizlərin yüksək olması yalnız bankların günahı deyil. Çünki bank faizlərinin müəyyənləşməsində bir neçə iqtisadi faktor var. Hansı ki, bu faktorların cəmi ölkədəki bazar faizini müəyyənləşdirir.

Yəni kredit faizlərinin müəyyənləşdirilməsini banklar təkbaşına həyata keçirmir. Faiz dərəcəsi ölkənin və iqtisadiyyatın ümumi vəziyyəti, borc almaq istəyən şirkətlərin risk vəziyyəti, ölkədəki risksiz faiz dərəcəsi əsasında formalaşır. Burada inflyasiya rəqəmi də əsas rol oynayır. Bu səbəbdən də hazırkı dövrlə müqayisədə 2012-ci ildə faiz dərəcəsi daha aşağı idi. 2016-cı ildən bu yana risk faizləri aşağı düşsə də, real sektoru maliyyələşdirmə baxımından yetərli deyil. Əgər kredit götürən şirkətlərin maliyyə hesabatları şəffaf, riskləri az olsa, daha aşağı faizlə kredit götürə bilərlər. Azərbaycanda fəaliyyət göstərən əksər şirkətlərin risk göstəriciləri yuxarı olduğundan banklar yüksək faizlə kredit təklif etmək məcburiyyətində qalır”.

Ekspertin fikrincə, bu problemi həll etmənin ilk yolu Azərbaycanın beynəlxalq təşkilatlarda reytinqinin yüksəldilməsidir: 

"Azərbaycanın beynəlxalq reytinq təşkilatlarında reytinqi yüksək olarsa, inflyasiya aşağı həddə saxlanılarsa və dövlətin borclanma faizləri aşağı enərsə, bank kreditlərinin faizinə təsir göstərər. Ümumiyyətlə, kreditlərin biznesi dəstəkləməsi üçün 10 faizə endirilməsi lazımdır. Düzdür, Azərbaycan dövlət olaraq Sahibkarlığa Kömək Milli Fondu, İpoteka Fondu, "Aqrolizinq” ASC vasitəsi ilə biznesi daha ucuz kreditlərlə maliyyələşdirməyə çalışır. Bu prosesdə bankların da aktiv olması üçün risklərin aşağı endirilməsi və ölkə reytinqinin yüksəldilməsinə çalışmaq lazımdır. Yüksək reytinq əldə etdiyimiz təqdirdə Avropa ölkələrindən Azərbaycana kifayət qədər maliyyə resursları gələcək.
Nəzərə alaq ki, hazırda əsas vəsaitlər Avropa ölkələrində cəmləşib. 

Ölkəmizdə yüksək investisiya reytinqi və iqtisadiyyatda risklər aşağı olarsa, rahat şəkildə maliyyə cəlb edə bilərik. Hazırda 5 milyard dollar civarında investisiya yönümlü vəsait gələrsə, Azərbaycanda kreditlərin faizləri kifayət qədər aşağı düşə bilər. Lakin bu vəsaitin bizə gəlməsi üçün də müəyyən işlər görülməlidir. Maliyyə, hüquq sektorlarında, inflyasiya məsələsində, dövlət borclanmasında, reytinq məsələləri həll olunmalıdır. 

Düzdür, bu proses illərdir, getməkdədir. Amma görünür ki, yetərli deyil. Bundan başqa, Azərbaycanın reytinqinə bağlı olaraq, şirkətlərin özləri də reytinqlərini yüksəltməlidirlər. Faizin düşməsinin əsas təməli bunlardır. Yəni, bu məsələ tam banklara bağlı deyil”.

Şəymən