“Amma Rusiya Krımdan vaz keçməz, çünki referendum yolu ilə özünə birləşdirib”
Prezident Poroşenko Nadejda Savçenkoya Ukraynanın Milli Qəhrəmanı adı verib və onu dövlət mükafatı ilə təltif edib. Dövlət başçısı Savçenkonun qaytarılmasını Ukraynanın ümumi qələbəsi kimi qiymətləndirib. Prezident bildirib ki, Savçenkonun azad edilməsindən sonra Krım və Donbas da geri qaytarılacaq.
Pilot xanım isə bunları söyləyib: "Mən insanların müharibə arzulamasını istəmirəm, onlar sülh içində yaşamalıdırlar. Lakin, təəssüf ki, bəzən işlər elə həddə çatır ki, sülh yaratmaq üçün müharibə etmək lazım gəlir”. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Poroşenkonun "Donbas və Krımı da geri qaytaracağıq” ifadəsini şərh edib. Peskov deyib ki, "əgər Prezident humanizm prinsipləri çərçivəsində Donbası geri qaytaracağını nəzərdə tutursa, bu bəyanatı yalnız dəstəkləmək olar. Moskva özü də elə buna ümid bəsləyir. O ki qaldı Krıma, Rusiya regionlarına ərazi iddialarını şərh etmirik”.
Poroşenkonun iddiasını şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında deyib ki, Rusiya Krımdan vaz keçməz, çünki referendum yolu ilə özünə birləşdirib. Amma Donbas uğrunda Moskvanın elə də böyük hədəfi yoxdur:
"Rusiya Donbası müstəqil dövlət etmək və ya özünə birləşdirmək arzusunda deyil. Donbasda bir qədər güzəştə hazırdır. Bu güzəşt də bölgənin yüksək muxtariyyət əldə etməsidir. Məqsəd isə odur ki, Ukrayna hökuməti Donbasa müdaxilə edə bilməsin. Ona görə də Poroşenko qətiyyətli mövqe ortaya qoyur. Çünki onun reytinqi məhz bu məsələlərdən asılıdır. Savçenkonun azad olunması bir qədər Poroşenkonun reytinqinə müsbət təsir etdi. Lakin aparılan sorğular göstərir ki, Prezidentin reytinqi düşüb. Əgər Prezident torpaq bütövlüyünü bərpa edə bilməsə, növbəti seçkilərdə çox az səs toplaya bilər. Bu baxımdan itirilmiş torpaqlarla bağlı ifadələri tez-tez gündəmə gətirir”. Politoloq bildirib ki, Krım məsələsi fərqlidir və mürəkkəbdir: "Rusiya Donbasdan müəyyən qədər vaz keçə, bir-iki addım geri ata bilər, amma Krımdan əsla. Çünki Moskva Krıma xeyli xərc çəkib. Poroşenkonun Krımla bağlı dedikləri Rusiyada qıcıq yaradır. Əslində Ukrayna Prezidenti Qərbə də mesaj göndərir ki, Kiyev Krım məsələsində qətiyyətlidir. Qərb də öz növbəsində Ukraynaya dəstək verir və Rusiyaya qarşı təzyiqləri, sanksiyaları artırır”.
İsmayıl