Kreml hiddətlənib

Zaxarovanın çıxışını müəyyən mənada İrəvana təzyiq kimi dəyərləndirmək olar



"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn istənilən təşəbbüsləri alqışlayır, ancaq münaqişə tərəfləri hər şeyi özləri razılaşdırmalıdır”. Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib. Məlumdur ki, Azərbaycan Ermənistana əsir və girovları dəyişdirmə təklifini irəli sürmüşdü. Amma baş nazir Nikol Paşinyan rəsmi Bakının humanist təklifini qeyri-insani tərzdə rədd etdi və əsirlərin qaytarılmasının mümkün olmadığını bildirdi. Bakının təklifini və İrəvan hökumətinin imtinasını dəyərləndirən Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib ki, Moskva münaqişənin həllinə yönələn tərəflər arasında istənilən razılaşmaları dəstəkləyəcək: 

"Razılaşma qarşılıqlı fəaliyyətdən ibarətdir. Təşəbbüs çox gözəldir, amma o, bütün tərəflərin razılığı ilə reallaşdırılmalıdır”. Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi ideyasını da dəstəkləyib və Paşinyan hökumətinin düşünülmüş addım atmasını tövsiyə edib.

Zaxarovanın açıqlamasını "Şərq”ə dəyərləndirən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib ki, Rusiya-Ermənistan münasibətlərində çox ciddi problemlər yaşanmaqdadır. Deputat bildirib ki, Ermənistan rəhbərliyinin eyni vaxtda iki stulda əyləşmək siyasəti, həm Rusiya, həm də Qərbə yönəlik addımları rəsmi Moskvanı son dərəcə hiddətləndirib: 

"Hadisələrin gedişatı Azərbaycanın xeyrinə dəyişməkdədir. Zaxarovanın çıxışını müəyyən mənada İrəvana təzyiq kimi dəyərləndirmək olar. Yaxın zamanlarda ermənilərə satılan qazın qiymətinin yenidən bahalaşması gündəmdədir. Rusiya əvvəlki ucuz qiymətlərlə Ermənistana qaz satmaq istəmir. Bu da çox ciddi təzyiq rıçaqlarından biri sayılır. Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Azərbaycanın bu təklifinə münasibəti diqqətdən yayınmayan cəhətdir. Zaxarova əslində bu məsələdə Ermənistana təsir göstərmək imkanını və potensialını ortaya qoyur. 

Yəni demək istəyir ki, Azərbaycan bu addımı atırsa, qarşılığında İrəvan neynir?! Hamı görür ki, Azərbaycan sülhpərvər mövqe ilə çıxış edir, amma Ermənistan bundan imtina edir. Deməli, sülh istəməyən tərəf Ermənistandır. Məncə, azərbaycanlı girovların qaytarılması üçün yaxşı imkanlar yaranıb. Faktiki Paşinyan dilemma qarşısında qalıb”.

E.Nəsirov bəyan edib ki, əgər baş nazir Azərbaycanın humanist təşəbbüsünə mənfi cavab verirsə, deməli, onun sülhlə bağlı söylədiklərinin hamısı saxtadır:

 "Paşinyan seçkiyə hazırlaşdığı üçün əsirlərin qaytarılmasına razı olmur. Qorxur ki, siyasi rəqibləri bundan onun əleyhinə istifadə edərlər. Lakin Rusiyanın ciddi təzyiqləri fonunda Paşinyanın geri çəkiləcəyi daha realdır”.

İsmayıl