Qarabağ münaqişəsini söz və mesajlarla həll etmək mümkün deyil
"Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir”. Bu sözləri Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ankarada Türkiyə və Rusiya arasında gələcək münasibətlərə həsr olunmuş konfransda çıxışı zamanı deyib. Mətbuat katibi həmçinin qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarını azad etmək Ermənistanın özünün xeyrinə olacaq.
İ.Kalının sözlərinə görə, Rusiya da Dağlıq Qarabağ münaqişəsinin həllində böyük məsuliyyət daşıyır: "İşğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında çox vacibdir".
Politoloq Fikrət Sadıqov Ərdoğanın mətbuat katibini haqlı sayır. Professor deyib ki, əsas problem Rusiyanın Ermənistana təzyiq etməməsidir:
"Rusiya aparıcı qüvvə və Minsk Qrupunun həmsədri kimi, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistana təzyiq etməlidir. Rusiya Azərbaycanın strateji partnyoru, digər tərəfdən də Ermənistanın hərbi-siyasi müttəfiqi kimi münaqişənin həllinə çalışdığını deyir. Amma Moskva başa düşməlidir ki, burada uzun illərdir danışıqlar gedir və biz bundan imtina etmirik. Bu məsələnin yeganə həll yolu beynəlxalq hüquq normalarına uyğun addımlar atılması, Rusiya tərəfindən Ermənistana əsaslı və qəti təzyiqlərin edilməsidir”.
F.Sadıqov qeyd edib ki, əgər Rusiya regionda sabitliyin qorunmasında maraqlıdırsa, Ermənistanı sadəcə sülhə çağırmaqla kifayətlənməməlidir:
"Qonşu dövlət anlamalıdır ki, əks halda Ermənistan münaqişənin həlli müddətini uzadacaq və nəticədə problem həllini tapmayacaq. Lakin konkret təzyiq etməklə, beynəlxalq hüquq normalarına uyğun olaraq, münaqişənin həlli istiqamətindəki qətnamələrin yerinə yetirilməsinə şərait yaradılmalıdır”.
Türkiyə prezidentinin mətbuat katibinin sözügedən bəyanatını şərh edən politoloq Natiq Miri isə deyib ki, İbrahim Kalın dolayı yolla Rusiyaya mesaj verir ki, Dağlıq Qarabağ münaqişəsini yaradan və idarə edən tərəf məhz Kremldir. Münaqişənin həll dövrünün çoxdan çatdığını vurğulayan politoloq deyib ki, həm Türkiyə, həm də digər dövlətlər və beynəlxalq təşkilatlar bunu anlamağa başlayıb:
"Qüvvələr nisbəti çox ciddi şəkildə Azərbaycanın xeyrinə dəyişib. Hər hansı bir hərbi əməliyyatların başlaması Ermənistanın ayaq altında qalıb əzilməsinə gətirib çıxaracaq. Bu isə təkcə Ermənistan ordusunun məğlubiyyəti olmayacaq. Bu bir dövlət kimi onun var olub-olmayacağını sual altında qoyacaq. Məhz bu səbəbdən Ermənistan rəhbərliyi və onun havadarları İbrahim Kalının mesajından nəticə çıxartmalıdır”.
Dağlıq Qarabağ məsələsinə yanaşmada Türkiyənin sərgilədiyi bu münasibətin Azərbaycanın xeyrinə olduğunu vurğulayan N.Miri hesab edir ki, bu münaqişəni sadəcə söz və mesajlarla həll etmək mümkün deyil: "Suriya proseslərində nəinki regional, hətta qlobal səviyyədə oyunçu statusunda çıxış edən qardaş ölkə, eyni aktivliyi Dağlıq Qarabağ probleminin həlli məsələsində də göstərməlidir. Dünya gücü olaraq Türkiyə Rusiyanın qarşısında bu məsələni şərt kimi qoymalıdır. Sadəcə, prezidentlər səviyyəsində keçirilən görüşlərdə müzakirə etmək çıxış yolu deyil. Dünyanın yeni nizamının Türkiyə-Rusiya əməkdaşlığı fonunda qurulması prosesi gedir. Bu nöqteyi-nəzərdən Dağlıq Qarabağ məsələsində həlledici regional geosiyasi amil kimi Türkiyə öz ağırlığını mütləq mənada ortaya qoymalıdır”.
Şəymən