Kreml Sarkisyanı niyə asanlıqla təhvil verdi ? - Pərdəarxası məqamlar






"30 ildir müharibə şəraitində hər an ölmək qorxusu ilə yaşayan erməni xalqı savaş simvolu olan Serj Sarkisyanı hakimiyyətdən uzaqlaşdırdı”.

Bunu "Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib.

Ekspertin sözlərinə görə, sonunda Ermənistan xalqı dərk etdi ki, onların da firavan və müharibəsiz ölkədə yaşamaq haqqları var:

"Bundan sonrakı gözlənti Ermənistan rəhbərliyinə sağlam və ayıq başla düşünən bir hakimiyyətin gəlməsidir. Hadisələr ildırım sürəti ilə baş verdiyinə görə, Sarkisyanın xarici himayədarları vəziyyəti dəyərləndirməyə macal tapmadılar.

Yoxsa Kreml Sarkisyanı belə asanlıqla təhvil verməzdi. Ermənistan bütün sərhədləri boyunca türklərlə yaşamaq məcburiyyətindədir. Gürcüstan və İranla sərhəd bölgələrdə də türk əhalisi yaşayır. Bu reallıqdan qaçmaq mümkün deyil. 

İndiki şəraitdə yalnız İran tərəfi Ermənistan üçün açıq qapıdır. Lakin təcavüzkar siyasət davam edərsə, bir gün İranın da düşmən ölkədən üz döndərəcəyini görə bilərik. Ən azından İranda 40 milyon türk yaşayır və hakimiyyətin bir gün onların əlinə keşəcəyi istisna deyil. Ona görə də Ermənistanın yeni formalaşacaq rəhbərliyi sülh tərəfdarı olmalıdır”.

Analitik bəyan edib ki, Ermənistanın yeni hakimiyyəti ilk növbədə Türkiyə və Azərbaycana irəli sürdüyü ərazi iddialarından əl çəkməli, torpaqları qaytarmalı və qondarma "erməni soyqırımı” iddialarını tarixin arxivinə buraxmalıdır:

"Bu tələblərin reallaşmasından sonra həm Türkiyə, həm də Azərbaycan Ermənistanın inkişafı üçün sərmayələr qoya bilər. Çox qısa müddətdə biz Ermənistan iqtisadiyyatının inkişafına milyardlarla sərmayə qoya bilərik. Hətta Böyük Qafqaz Evini yaradaraq dünyada nümunəvi Azərbaycan-Gürcüstan-Ermənistan üçlüyü təsis edərik”.

İsmayıl