Kriminalist Azərbaycandan İŞİD-ə qoşulmaların səbəbini SADALAYIR - FAKT

İlqar Altay: "Təbii ki, Azərbaycandan da İŞİD-ə qoşulanlar az deyil. Həm kişilər, həm də qadınlar"


"İŞİD dövrümüzün fundamental islam adı altında fəaliiyət göstərən ən qəddar və həyasız silahlı terror təşkilatıdır. Bu, həm də daxili nizam-intizamı sərt, üzvlərini istənilən anda canlı bomba kimi ölümə göndərə bilən təşkilatdır".  

Bu barədə Sherg.az-a Türkiyə və digər ölkələrdə mövcud olan İŞİD təhlükəsinin Azərbaycana təsirlərindən danışarkən kriminalist ekspert İlqar Altay bildirib. Onun sözlərinə görə, bununla belə, təəccüblü odur ki, bu təşkilata dünyanın hər yerindən, hər dindən, hər cinsdən qoşulan çoxdur: 

"Bunun niyəsi ayrıca təhlil tələb edən mürəkkəb psixoloji mövzudur. Təbii ki, Azərbaycandan da İŞİD-ə qoşulanlar az deyil. Həm kişilər, həm də qadınlar. Dəfələrlə bu barədə aşkarlanmalar olub. Suriyadan, mətbuatdan, məhkəmə zalından xəbərlər, faktlar sıralanıb. Azərbaycandan İŞİD-ə qoşulmaların bir neçə səbəbi mümkündür. Birincisi, təbii ki, islam qaragüruhunun ölkəmizdə radikal ekstremizm və fanatizmi yaymasıdır. Bu yolla sadəlövh və xüsusən də gənc dindarları və qadınları normal ənənəvi islamdan cıxarıb fanatizmə yönəldirlər. Fanatizmdən İŞİD-ə yönləndirmək və ekstremizm və terrorra keçid etmək isə elə də çətin deyil. İkincisi, bir çox insanların həyat şəraitinin aşağı olması, bezikdirici həyatın və maddi ehtiyacın hesabına bu terror təşkilatına meyl etmədir. Bir səbəb kimi də məncə ölkədəki dini mühiti tənzimlənməsi üçün nəzərdə tutulan QMİ-nin öz işini indiki mürəkkəb dini şəraitə uygun dolğun tuta bilməməsidir. 

Bu idarə köhnə, sərhədlərin bağlı olduğu Sovetlər dövründəki rahat dini duruma uygun çalışır. Yenilənmək, yeni şəraitin tələbinə uygun reformalar etmək istəmir. Ona görə, indiki dini məkana köhnə metodla təsir qüvvəsi zəifdir. Amma bu 25 ildə ölkə dini məkanı görün nə qədər dəyişib, nə qədər yeni dini cərəyanlar daxil olub, nə qədər çalxalanmalar var. Bir səbəb də təbii ki, dini ekstremizmə nəzarət üzrə aidiyyətli dövlət orqanlarının bu neçə illərdə öz işini uygun qurmamasıdır. Hüquq mühafizə orqanlarındakı bəzi aidiyyətli struktur və şəxslərin hətta İŞİD-ə qoşulma prosesini təmin edə biləcək qanunsuz əməlləridir. 

Burada vətəndaş cəmiyyətinin, QHT-lərin, mətbuatın bu istiqamətdə zəif fəaliyyəti də qeyd olunmalıdır. Bir dəfə də olsun, QHT yığıncağı görmədik ki, elmi-metodik əsaslarda İŞİD-lə mübarizəyə, cəmiyyətin bir sıra üzvlərinin İŞİD-ə qoşulmasını qabaqlamağa həsr olunsun. Ziyalılarımızın, ictimai təsirli insanlarımızın bu barədə çıxışlarına ehtiyac var. Şəxsən mənim özümün riskli və başağrılı da olsa islam radikalizminə, ekstremizm və fanatizminə qarşı mətbuat və sosial şəbəkələrdə kifayət qədəd çıxışlarım olur. Bu sahəyə daha çox diqqət, vaxt və enerji ayırıram. Çünki, bir kriminalist və araşdırmaçı analitik kimi dini ekstremizm və fanatizmin Azərbaycan üçün bu saat ən böyük təhlükə olduğunu müşahidə edirəm". 

Qeyd edək ki, qardaş və qonşu ölkə olan Türkiyədə polis ölkənin mərkəzində yerləşən Konya şəhərində İŞİD terror təşkilatına xidmət etməkdə şübhəli bilinən 5 nəfəri qətlə yetirib. Cinayətkarların qrupunda təmsil olunanların sayının çox olduğu bildirilir.

Ayyət Əhməd