Tofiq Abbasov: "Azərbaycanın daxilini mikroskopla izləyir, prosesləri şişirir, bununla bağlı dövlətimizin imicinə zərbə vurmağa çalışırlar"
"ABŞ siyasi dairələrində elə qüvvələr var ki, öz aralarında sövdələşib, dövlətləri öz aralarında bölüb, sistemli şəkildə onlara qarşı qara piar aparırlar”.
Bunu "Sherg.az”a ABŞ konqresmenləri- Kristofer Smit və Cim Makqovern Azərbaycanda insan hüquqlarına hörmət edilməsini və qanunun aliliyinin təşviqini nəzərdə tutan qətnamə layihəsi irəli sürmələrinə münasibət bildirərkən politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, əsas, fakt oldu-olmadı bu qüvvələr qaşınmayan yerdən qan çıxarırlar:
"Onların siyasi aləmdə vəzifəsi odur ki, diqqəti özlərinə çəksinlər. Digər tərəfdən lobbiçilik edən qüvvələrin qulluğunda dayansınlar, buna dəstək verib, qazanc əldə etsinlər. 25 ildən artıqdır ki, müstəqil dövlətik. Amerika ilə diplomatik əlaqələr qurulandan indiyə qədər Amerika konqresində, senatda müxtəlif komandalar bir-birini əvəz edib. Onların bir qrupu erməni təşkilatlarının qulluğunda duran şəxslər olur. Beləliklə, Azərbaycanın daxilini mikroskopla izləyir, prosesləri şişirir, bununla bağlı dövlətimizin imicinə zərbə vurmağa çalışırlar.
Bu, ilk dəfə deyil. Belə gedişlərlə guya ABŞ-ın, dünya birliyinin qarşısında missiyalarını yerinə yetirirlər. Bu addımlarını insan haqlarının, demokratiyanın keşiyində durmaq kimi pərdələyirlər.
Əslində isə Amerikada insan hüquqlarının pozulması artıq bütün sərhədləri, ölçüləri aşıb. 2005-ci ildə Amerikanın cənubunda Katrina qasırğası tüğyan edirdi. Bu zaman hakimiyyət və yerli orqanlar səhlənkarlıq edərək insanları vaxtında xəbərdar etmədilər. Nəticədə kasıb təbəqəyə aid insanlar canlarından, mallarından oldular. Artıq insanlar etirazlarını bildirdikdə hökumət milli qvardiyanı onların üzərinə yeritdi.Bu tək bir nümunədir. Dünyaya demokratiya dərsi keçən Amerikanın özündə nə qədər insanların günahsız yerə öldürülməsinin, məhv edilməsinin şahidi olmuşuq. Bu ölkə öz gözündəki tiri görmür, ancaq başqasının gözündə çöp axtarır. Bütün bu oyunbazlıqların təməlində duran odur ki, özlərini təmizə çıxarıb, başqalarını ittiham etsinlər. Aprior (qabaqdangəlmişlik) etməyə çalışır, problemləri ikinci ölkələrdə axtarırlar. ABŞ insan haqları ətrafında narahatlıq yaşayırsa, ilk olaraq özündən başlamalıdır”.
Qeyd edək ki, Nümayəndələr Palatasının beynəlxalq insan hüquqları panelinə sədrlik edən Smit deyib ki, Azərbaycan hakimiyyəti işgəncələr, siyasi motivli cinayət işləri, təcavüz, beynəlxalq adam qaçırma və digər növ təhdidlər vasitəsilə insan hüquqları müdafiəçilərini, müstəqil jurnalistləri və dini liderləri susdurmaq cəhdlərinə davam edir.
Aysel Aslan